Quba döyüşü
Quba döyüşü | |||
---|---|---|---|
Birinci Dünya müharibəsi Azərbaycan-Ermənistan müharibəsi | |||
![]() Qədim Quba şəhərinin küçələri. | |||
Tarix | 12 may - 11 avqust 1918-ci il | ||
Yeri | İndiki Quba, Xaçmaz və Qusar rayonlarının ərazisi. | ||
Nəticəsi | Quba və ətraf ərazilər azad edildi. | ||
Komandan(lar) | |||
|
|||
İtkilər | |||
|
|||
|
Quba döyüşü və ya Quba basqını[1] — 1918-ci ilin may-avqust aylarında mili qüvvələr ilə bolşeviklər arasında Quba uğrunda baş vermiş döyüş.[2]
Qubanın işğalı
[redaktə | vikimətni redaktə et]Qanlı Dərə döyüşündə məğlub olan daşnak-bolşevik qüvvələri 1918-ci ilin may ayının 12-sinə keçən gecə əks-hücuma keçərək qəzaya soxulurlar. Qəzaya soxulan bolşeviklər Həmdulla əfəndi Əfəndizadənin qüvvələrinə qarşı uğur qazana bilmədilər. Əli bəy Zizikskinin qüvvələri Şimi dərəsində xeyli itki verdiyindən qüvvələrini tam formalaşdıra bilməmişdi. Həmin gün saat 6-da Quba-Xaçmaz yolunun 11 verstliyində bolşeviklərin vurduqları qəfil zərbələrə az saylı könüllü döyüşçülər tab gətirməyərək geri çəkilib əsas qüvvələrlə birləşdilər. Dağıstandan Stepan Şaumyana köməyə gələn Qriqori İlliç Popovun komandanlığı altında olan hərbi hissələr bir neçə istiqamətdən Qubaya hücum edib, Əli bəy Zizikskinin döyüşçülərini sıxışdırmağa başladılar. Qüvvələr qeyri-bərabər idi. Əli bəy Zizikski hücumların qarşısını 2 gün alsa da, geri çəkilmək məcburiyyətində qalaraq Dağıstana keçdi[3] və may ayının 14-də Quba təkrar Stepan Şaumyanın əsgərlərinin nəzarəti altına keçdi və may ayının 15-də hərbi nazir Korqanyana Serqo Martıkyan tərəfində belə bir teleqram göndərildi:[2]
"Bizim dəstələrimiz Qubanı tutmuşdur. Şəhəri hər tərəfdən mühasirəyə alırıq. Sovet hakimiyyətini bərpa etmek üçün tədbirlər görülür."
Rus və ermənilərdən təşkil olunmuş 14-cü batalyonun rota komandiri A. Çurayev qəza komissarı, ona köməkçi Maneyeviç Bakı Xalq Daxili İşlər Komissarlığının məsul müvəkkili, L. D. Qoqoberidze fövqəladə komissar, orduya qərargah rəisi isə Ferberq təyin olundular. A. Çurayev öz əmri ilə erməni hərbi hissələrinin rəisi Davudyanı Quba şəhər komendantı, Vişinskini isə qəza rəisi təyin etdi.[4]
İşğalçılardan hiyləgər gediş
[redaktə | vikimətni redaktə et]Həmdulla əfəndi Əfəndizadənin həlledici şəxs olduğunu dərk edən Çurayev yüksək vəzifə vermək şərtilə Həmdulla əfəndini öz tərəfinə çəkmək istəyirdi, lakin A. Çurayev may ayının axırlarında Həmdulla əfəndidən belə bir cavab aldı:
Peyğəmbərimizdən buyurulmuşdur: "Həya olmayan yerdə hər cür yalan, fitnə-fəsad baş qaldırar." Doğma yurdumda daş daşımağa da razıyam, ancaq yadellilərin at oynatmağına yox. Şələ-şüləni yığışdırıb Volqa boyundakı xarabana getməyincə silahımı yerə qoyan deyiləm".[4]
Qubanın işğaldan azad edilməsi
[redaktə | vikimətni redaktə et]Quba işğal olunsa da Həmdulla əfəndi Əfəndizadə və Əli bəy Zizikski müqavimət göstərməyə davam edirdilər. Mayın 28-ində AXC elan olunduqdan sonra Osmanlı ilə imzalanan müttəfiqliq müqviləsi vəziyyəti dəyişdi. İyul ayında Şükrü bəyin komandanlığındakı Osmanlı ordusunun Zaqataladan Dağıstana keçməsi bolşevikləri təşvişə saldı. A. Çurayev bir hərbi hissə ilə Dəvəçiyə gələrək N. Kvaryanı nahiyənin komissarı təyin etməklə yanaşı Dəvəçi-Xırdalan dəmir yolunun mühafizəsi üçün Suqrobov, Kobzev, Zameşayeviçin başçılığı altında Qızılburun stansiyasına bir neçə hərbi hissə göndərdi. 4-cü diviziya komandiri polkovnik Şükri bəy Axtıya çatır. Quba basqınını 1000 nəfərlik dəstə ilə süvari mayoru Səbri bəy edir.[1]
Qusar basqını və Qubanın azad edilməsi
[redaktə | vikimətni redaktə et]İlk hədəf kimi Qubanın şimalındakı Qusar seçilir. Gecə saatlarında Qusara basqın edən Səbri bəy, bolşevikləri məğlub edib, bir çoxunu əsir götürür. Bu əməliyyat zamanı 4 pulemyot və çoxlu sursat ələ keçir. Bu əməliyyatdan sonra şimaldan Qubaya üç istiqamətdən hücum edilir.[1] Artıq bu vaxt Həmdulla əfəndinin və Əli bəy Zizikskinin dəstələri Şükrü bəyin hərbi hissələri ilə birləşmişdi. İyul ayının axırlarında yaxud avqustun əvvəlində rus-erməni qüvvələri Qubadan qovuldular.[1][3][5] Qubanın azad edilməsindəki ən böyük amil Bakının Qafqaz İslam Ordusu tərəfindən mühasirəyə alınmasıdır.[6]
Xaçmazın azad edilməsi
[redaktə | vikimətni redaktə et]Qasımkənddəki qüvvələr bolşeviklərə qarşı effektiv ola bilmədiklərinə görə Qubadan qaçan bolşeviklər Xaçmazda möhkəmlənmək imkanı əldə etmişdilər. Xəzərdən dəstək alan bolşevikləri məğlub etmək mümkün olmurdu. Avqustun 8-i Bakıdan geri çəkilən polkovnik Birçakov da Xaçmaza gəlmişdi. Xaçmaz Avqustun 11-inə kimi müttəfiqlər tərəfindən təzyiq altında saxlanılır. Avqustun 11-ində polkovnik Birçakovun Dərbəndi hədəf seçərək Xaçmazdan çıxması, Xaçmazın da azad edilməsi üçün zəmin yaradır. 1918-ci ilin Avqustun 11-ində Xaçmaz da azad edilir.[1]
Nuru paşanın Qubaya gəlişi
[redaktə | vikimətni redaktə et]Bakı və Quba qəzası üzrə qubernator təyin edilmiş türk ordusunun qərargah polkovniki Məhəmməd Fəthi bəylə əhalidən maddi-mənəvi yardımını əsirgəməyən Qafqaz cəbhəsi üzrə İslam ordusunun komandanı Nuru Paşa 1918-ci ilin oktyabr ayının əvvəllərində Qubaya gəlirlər. Nuru Paşanı Əbdürrəhim əfəndi Çələbizadə, Əli bəy Zizikski, Əliabbas bəy Əlibəyov, Həmdulla əfəndi Əfəndizadə və Hatəm ağa Cağarvi müşayiət etmişdilər.[5]
Bu əməliyyatlarda iştirak etmiş türk hərbi birləşmələrinin tərkibi[7]:
- Bir piyada diviziyası (4. Tümen),
- Bir süvari diviziyası (1. Süvari Tümeni),
- İki alay (12. və 14. alay).
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 3 4 5 Yüceer, Nasır. Birinci Dünya savaşında Osmanlı ordusunun Azerbaycan ve Dağıstan harekatı (türk). Ankara: Genelkurmay Basım evi. 1996. 107. ISBN 975-409-075-0.
- ↑ 1 2 Dünyamalı, Kərim. Bir soyun taleyi (az.). Bakı: Mütərcim. 2003. 143.
- ↑ 1 2 Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası, cild II (az.). Bakı: LİDER. 2005. 476.
- ↑ 1 2 Dünyamalı, Kərim. Bir soyun taleyi (az.). Bakı: Mütərcim. 2003. 144.
- ↑ 1 2 Dünyamalı, Kərim. Bir soyun taleyi (az.). Bakı: Mütərcim. 2003. 147.
- ↑ Yüceer, Nasır. Birinci Dünya savaşında Osmanlı ordusunun Azerbaycan ve Dağıstan harekatı (türk). Ankara: Genelkurmay Basım evi. 1996. 108. ISBN 975-409-075-0..
- ↑ Yüceer, Nasır. Birinci Dünya savaşında Osmanlı ordusunun Azerbaycan ve Dağıstan harekatı (türk). Ankara: Genelkurmay Basım evi. 1996. 106. ISBN 975-409-075-0..