Mürsəl Qarayev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mürsəl Qarayev
Mürsəl Qarayev 1940-cı illərdə
Mürsəl Qarayev 1940-cı illərdə
Doğum tarixi
Doğum yeri Fatmayı, Bakı qəzası, Bakı quberniyası, Azərbaycan Xalq Cümhuriyyəti
Vəfat tarixi (55 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Azərbaycan AXC
SSRİ SSRİ
Uşaqları Əbülfəs Qarayev
Cahangir Qarayev
Medeya Qarayeva
Atası Əbülfəz Qarayev
Anası Sona xanım Axundova
Elm sahələri tibb[1], cərrahiyyə[1]
Elmi dərəcəsi tibb elmləri doktoru
Təhsili Azərbaycan Tibb İnstitutu
Mükafatları "Qırmızı ulduz" ordeni "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "Döyüş xidmətlərinə görə" medalı "SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı
"Qvardiya" nişanı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mürsəl Əbülfəz oğlu Qarayev (4 noyabr 1919, Fatmayı, Bakı qəzası26 sentyabr 1975, Bakı) — Azərbaycan cərrahı, tibb elmləri doktoru, Azərbaycan SSR Səhiyyə Nazirliyinin baş cərrahı.

Mürsəl Qarayev 4 noyabr 1919-cu ildə Fatmayıda həkim-pediatr, Azərbaycan Tibb İnstitutunun pediatriya kafedrasının müdiri, Əməkdar elm xadimi, professor Əbülfəz Qarayevin ailəsində anadan olmuşdur. 1938-ci ildə Bakı şəhəri 23 nömrəli orta məktəbi bitirdikdən sonra Azərbaycan Tibb İnstitutuna daxil olmuş və 1942-ci ildə buranın müalicə-profilaktika fakültəsini bitirmişdir. O, hələ institutun sonuncu kursunda oxuyarkən hospital cərrahiyyə kafedrasında subordinator kimi cərrahi fəaliyyətə başlamışdır.[2]

Mürsəl Qarayev institutu bitirdikdən sonra 1942-ci ilin avqustun 25-də sovet ordusu sıralarına çağırılır. O, Qafqaz cəbhəsi 65-ci xüsusi moto-atıcı briqadasının seçmə-qəbul məntəqəsində ordinator-cərrah çalışır. Yaralandıqdan və bir müddət müalicə olunduqdan sonra 1943-cü ilin avqust ayından 1945-ci ilin oktyabrınadək döyüşən orduda, 482-ci Tibb-Sanitar Batalyonunda həkim-cərrah kimi xidmət edir. O, müharibə dövründə ön cəbhələrdə olmuşdur. 10-cu qvardiya korpusunun 4-cü briqadasında xüsusi atıcı qvardiya batalyonunda həkim-cərrah vəzifəsində çalışmışdır. M. Qarayev Novorossiysk, Mozdok, Qroznı, GeorgiyevskKrasnodar uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş və Kursk dairəsi döyüşlərində isə hərbi eşalonun baş həkimi olmuşdur. Budapeşt ətrafındakı döyüşlərdə daha bir dəfə yaralandıqdan sonra o, ordudan tibb xidməti kapitanı rütbəsində tərxis olunmuş, bir sıra orden, medal və başqa təltiflərə layiq görülmüşdür.[3]

M. Qarayev Vətən Müharibəsi Veteranları Cəmiyyətinin üzvü olmuşdur. O, 1945-ci ildə ordudan tərxis olunduqdan sonra Azərbaycan Tibb İnstitutunun fakültə cərrahiyyəsi kafedrasına ordinator vəzifəsinə qəbul olunmuş, 1946-cı ilin aprel ayında isə kafedranın assistenti vəzifəsi seçilmişdir. O, aktiv pedaqoji işlə bərabər elmə də həvəs göstərmiş və namizədlik dissertasiyası üzərində işləmişdir. "Uzun müddət vakkum-terapiya tətbiq edilməklə irinli plevritin kompleksli müalicəsi" mövzusunda namizədlik dissertasiyasını başa çatdırmış, 1953-cü ilin aprelində müdafiə etmişdir.[4]

Mürsəl Qarayev tez-tez elmi məqalələrlə həm respublikadaxili, həm də keçmiş SSRİ məkanında cərrahi konfranslarda və simpoziumlarda çıxış etmiş, çoxsaylı elmi fəaliyyətini davam etdirmişdir. O, 60-a qədər elmi məqalənin müəllifi olmuş və 1957-ci ildə Azərbaycan Tibb İnstitutunun "Fakültə cərrahiyyəsi" kafedrasına dosent vəzifəsinə seçilmişdir.

Azərbaycanın kənd rayonlarının əhalisinə yardım göstərmək məqsədilə M. Qarayev dəfələrlə tibbi briqadaların tərkibində iştirak etmiş, kafedradakı pedaqoji fəaliyyəti ilə yanaşı, 1959-cu ildə Bakı vilayətinin baş cərrahı, 1961–1964-cü illərdə isə Azərbaycan SSR Səhiyyə Nazirliyinin baş cərrahı vəzifələrini icra etmişdir. O, dəfələrlə Azərbaycan Tibb İnstitutunun və Səhiyyə Nazirliyinin rəhbərliyi tərəfindən təşəkkür və təltiflərlə mükafatlandırılmışdır.[4]

M. Qarayev klinikada fəal cərrahi və pedaqoji fəaliyyəti ilə bərabər elmi fəaliyyətini də davam etdirmiş və 1971-ci ildə "Portal hipertenziyanın müalicəsi məsələlərinə dair" mövzusunda doktorluq dissertasiyasını başa çatdıraraq müdafiə etmişdir. Onun Böyük Vətən müharibəsi dövründə əldə etdiyi çoxşaxəli hərbi səhra cərrahiyyəsi təcrübəsinin geniş tələbə auditoriyasına çatdırılması məqsədilə Azərbaycan Tibb İnstitutunun rektorunun 14 may 1975-ci il tarixli əmri ilə İnstitutun "Travmatologiya, ortopediya və hərbi səhra cərrahiyyəsi" kafedrasında dosent vəzifəsinə keçirilmişdir.[4]

5000-dən artıq cərrahi əməliyyat edən doktor Qarayev 26 sentyabr 1975-ci ildə Bakı şəhərində vəfat etmişdir.[3]

4 noyabr 2019-cu ildə Azərbaycan Tibb Universitetində cərrah Mürsəl Qarayevin 100 illiyi qeyd olunub.[2]

  1. 1 2 Qarayev, Mürsəl Əbülfəz oğlu // Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. 1 2 "Tanınmış cərrah Mürsəl Qarayevin 100 illiyi qeyd olunub". trend.az. 4 noyabr 2019. 2020-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 fevral 2020.
  3. 1 2 Babullaoğlu, S. "Mürsəl Qarayev - böyük professional..." 525-ci qəzet. 24 sentyabr 2016. 2019-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 fevral 2020.
  4. 1 2 3 Babullaoğlu, S. "Doktor Qarayev" xatirə kitabı. Bakı: Mürtəcim. 2019. səh. 21–24. ISBN 978-9952-4713-8-0.