37°00′17″ şm. e. 45°27′32″ ş. u.HGYO

Həsənlitəpə yaşayış yeri

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Həsənlitəpə
fa/تپه حسنلو
Xəritə
37°00′17″ şm. e. 45°27′32″ ş. u.HGYO
Ölkə  İran
Yerləşir Qərbi Azərbaycan ostanı
İran
RegionAsiya
ƏhəmiyyətiDünya əhəmiyyətli
Həsənli (İran)
Həsənli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İranda, Qərbi Azərbaycan ostanında, Urmiya gölünün cənub sahilində, Sulduz vadisinin mərkəzində, Kadar çayının yaxınlığındakı Həsənli kəndi ərazisində yerləşir. Vadiyə giriş çətindir. Sanki hər tərəfdən əhatələnmişdir; o Qərbdən Zaqroş dağları, Cənubdan Kürdüstan dağları, Urmiya gölündən isə xırda təpələrlə ayrılır. Oraya giriş ancaq Qərbdən, KəlyaşinRəvanduz aşırımı, Şərqdən isə Kadar çayı boyunca mümkündür. Ziviyə tapıntıları skif heyvan üslubunun Azərbaycanda yarandığını söyləməyə imkan vermişdir.[1][2][3]

1956-cı ildən etibarən burada R.Daysonun rəhbərliyi altında Amerika arxeoloji cəmiyyəti İran arxeoloji idarəsi ilə birlikdə qazıntılar aparmışdır. Həsənli rayonu e.ə. IX əsrin ortalarından III Salmanasarın (e.ə. 859–824) kitabələrində adı çəkilən Manna dövləti yerləşən əraziyə daxil idi. Həsənlidə aşkar edilmiş qədim yaşayış məskəni mixi yazılı mənbələrdə adı çəkilən heç bir şəhərlə dəqiq şəkildə eyniləşdirilməmişdir. E.A.Qrantsovski güman edir ki, e.ə. IX əsrə aid assur mənbələrində də təsadüf edilən İdi adı Həsənlinin qədim adıdır. O, göstərir ki, Həsənliyə aid onomastik material e.ə.IX əsrin sonlarınadək Həsənli əhalisinin İrandilli olmadığını sübut edir.

M.Salvini Urartu hökmdarları İşpuini və onun oğlu Menuanın Meişta şəhəri və Manna ölkəsi əleyhinə yürüşlərindən bəhs edən Taştəpədəki (Həsənlidən 40 km Şərqdə) qayaüstü kitabələrini şərh edərkən belə nəticəyə gəlir ki, Meişta Həsənli təpəsindəki qədim qalanım Urartu dilində adıdır və Həsənli IV təbəqə Urartu yürüşləri zamanı dağıdılmışdır.

Tikinti qurğularının qalıqları göstərir ki, Həsənli xeyli böyük və yaxşı möhkəmləndirilmiş yaşayış məntəqəsi olmuşdur. E.ə. VI minilliyə qədər mədəniyyətin ardıcıl startirafiyasını verən Həsənli təpəsi 27,5 metr dərinliyə qazılmışdır. Bu startiqrafiya tarixi məlum olan abidələrlə keramika qalıqlarının, həmçinin radio-karbon təhlilinin nəticələrindən istifadə vasitəsilə müəyyənləşdirilmişdir.

R.Dayson Həsənlidə qazılmış materialları on dövrə ayırır.X-VI dövr materialları Həsənli təpəsi yaxınlığında yerləşən təpələrdə də təmsil edilmişdir.

Daha çox zənginliyi və müxtəlifliyi ilə seçilən V–IV təbəqələrdir.

Keramika məmulatı dibinin formasına görə "Button Base Phase" adlanan V dövr e.ə. 1200–1000-ci illərə aid edilir. Bu dövrdən başlayaraq Həsənli təpəsi kiçik binalarla abadlaşdırılır. E.ə.1100–800-cü illərə aid IV dövr "Grey Ware Phase" əvvəlki dövrlərdə təsadüf edilməyən xarakterik cizgili-əsasən şüyrələnmiş boz-qara keramika ilə səciyyələnir. Təpənin mərkəzindəki iri tikintilər və kvadrat qülləli qala divarları həmin dövrə aid edilir. Bu dövr öz növbəsində tikinti qalıqları ilə izlənilən üç mərhələyə bölünür. Dağıntıdan və ya yanğından sonra binaların qalmış daş və ağac hissələrindən istifadə edərək yeni memarlıq detalları və əsas plana əlavə tikililər artırmaq yolu ilə bərpa olunmuşdur.

Bu dövrün binalarından bir neçə yazılı əşya da aşkar edilmişdir: daş farqment üzərində "Kadaşman-Enlil"in adı, zədələnmiş toppuz başı üzərində "Aşşurballitin sarayı" və daş qab üzərində "Uşişi Günəş tanrısına həsr edilmiş İdi ölkəsi hökmdarının Bauri sarayı" yazılmışdır.

R.Daysonun fikrincə IV dövrün mədəniyyətinə urartulular tərəfindən qalanın dağdılması və onun əhali tərəfindən tərk edilməsi ilə son qoyulmuşdur.

III dövr "Triangle Ware Phase" xarabalıqlarının toxunulmaz halda qaldığı vaxtdan bir müddət keçdikdən sonra meydana gəlmişdir. Bu dövr iki – erkən III B (e.ə. 750–600-cü illər) və son III A (e.ə.600–400-cü illər) kəsimə bölünür. Yeni məskunlar təpədəki tikililərdən qismən onları bərpa edərək istifadə etmişlər. Onlar asma üçbucaqlar formasında həndəsi şəkilli səciyyəvi keramika (III B dövrü) və açıq sarı rəngli keramika (III A dövrü) hazırlamışlar.

Sonra hələlik dəqiq müəyyənləşdirilməmiş II dövr "Post Triangle Ware Phase" və I İslam dövrü gəlir.

Həsənlidə qazılmış arxeoloji material Güney Azərbaycanın və ümumiyyətlə İran yaylasının qədim tarixinin öyrənilməsində böyük əhəmiyyətə malikdir. Həsənli qazıntıları özündən əvvəlkilərdən burada təkcə yaşayış məskəninə aid nekropolun aşkar edilməsi ilə yox, həm də yaşayış məskəninin özünün demək olar ki, tamamilə qazılması ilə fərqlənir. Bu yüksək elmi səviyyədə sistematik olaraq aparılmış qazıntılardır vəə onlar bu rayonun ardıcıl mədəni inkişafının dolğun lövhəsini yaşadır. Müasir tədqiqat metodları sayəsində buradan ədə edilmiş materialın dəqiq və etibarlı xronoloji şkalasını vermək mümkün olmuşdur.

Həsənli materialları qonşuluqdakı qədim yaşayış məskənləri və nekropollar yerləşən təpələrdən aşkar edilmiş materiallarla tamamlanır.

Həsənli təpəsi yaxınlığında bir neçə kiçik təpə də qazılmışdır. Onlar Həsənlidə qazılmış dövr etibarilə müvafiq erkən təbəqələrə nisbətən daha zəngin material vermişdir. Bu dövrlər qazıntı aparılmış təpələrin adları ilə adlandırılmışdır.

Həsənlidən 1,5 km Cənubda yerləşən Hacı Firuz təpəsindəki qazıntılar Həsənli X dövrə uyğun gələn daha qədim dövr (e.ə.VI-V minilliklər) əşyaları vermişdir. Keramika hörmə məmulatının izlərini saxlamışdır. Məhz bu hörmə sayəsində gil lazımi formada bərkiyirdi. Sonra hörmə kənar edilirdi. Qablar bərkidikdən sonra onların üzəri yenidən nazik gil qatı ilə örtülərək bişirilirdi. Qablar bəzən həndəsi şəkillərlə bəzədilirdi.

IX və VIII dovrlər muvafiq olaraq DəlmətəpəPişdəlitəpə qazıntıları ilə təmsil edilmişdir.

Dəlmətəpə tapıntıları e.ə. V minilliyin sonlarına aid edilən və Yaxın Şərqdə həmin dövr mədəniyyətləri arasında nadir sayılan rəngli keramikanı nümayiş etdirir. Həndəsi rəsmli qablar çəhrayı və ya ətrəngi, habelə qəhvəyi və qara-qəhvəyi rəngdədir. Həndəsi rəsmlərdən olduqca effekli və çoxsaylı kombinasiyalarda yüksək sənətkarlıq zövqü ilə istifadə edilmişdir.

Pişdəlitəpə VIII dovr e.ə. IV minilliyin ortalarına aid edilir. Pişdəlitəpə mədəniyyəti ilə Urmiya gölünün Şərq sahilindəki Yanıqtəpə mədəniyyəti arasında oxşarlıqlar aşkar edilmişdir. Buraya qəhvəyi-qara rəngli, həndəsi rəsmli sarımtıl keramika, dəvəgözü və çaxmaqdaşından silahlar, saxsı iy, heyvan heykəlcikləri və s. daxildir.

Bu materialların dövrü və əlaqələri radio-karbon analizinin məlumatlarına, həmçinin İraq, İranTürkiyədə aşkar edilmiş materiallarla müqayisəyə əsaslanan R.Dayson tərəfindən müəyyənləşdirilmişdir.

Həsənlidə tapılmış sümük qalıqlarının analizi T.A.Ratbunun tədqiqatinda aparılmışdır. Müəllif Həsənlidə yeddi dövrdə (I–V, VII, IX) aşkar edilmiş 120 kişi, uşaq və qadın skletlərini nəzərdən keçirmişdir. Onların böyük əksəriyyəti (83-ü) IV dövrə, 21 V dövrə aiddir. Qalan dövrlər isə iki-üç nümunə ilə təmsil edilmişdir. Bütün ölülər sağ böyrü üstə, bükülü vəziyyətdə basdırılmışdır. Müəllif qeyd edir ki, ölülərin 32 faizinin başı Şimala, 31 faizinin başı isə Qərbə doğru qoyulmuşdur.

Həsənli təpəsinin Şimal ətəyindəki nekropol ərazisində 1947–1948-ci illərdə mustəqil qazıntılar aparmış və M.Rad və A.Hakimi oz tədqiqatlarında səliqəsiz istiqamətli dəfnləri şərh etmişlər. Onlara görə Həsənli sakinləri dəfn zamanı Günəşi əsas istiqamət götürürdülər. Ona görə də, ilin və günün vaxtından asılı olaraq dəfn zamanı istiqamətlər dəyişirdi.

  1. "М.И. Артамонов – К вопросу о происхождении скифского искусства, Сообщения Государственного Эрмитажа. [ Вып.] XXII. Л.: 1962. С. 30-35". 2012-07-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-07-30.
  2. Крупнейший клад Ирана[ölü keçid]
  3. "Происхождение защитного доспеха". 2011-10-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-04-22.
  1. S.Qaşqay. Manna dovləti. Bakı: 1993,
  2. R.H.Dayson. The Architeture of Hasanli. 1977,