Gülüstan qalası (Şamaxı)
Gülüstan qalası | |
---|---|
40°39′35″ şm. e. 48°36′58″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Şamaxı |
Yerləşir | Böyük Xınıslı kəndinin yaxınlığı |
Aidiyyatı |
Şirvanşahlar dövləti Şamaxı xanlığı |
Tikilmə tarixi | VIII-XV əsrlər |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
Material | əhəng daşı |
İstinad nöm. | 319 |
Kateqoriya | Qala |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Gülüstan qalası – Azərbaycanın Şamaxı rayonu ərazisində yerləşən IX–XII əsrlərə aid qala. Qaladan əldə edilmiş arxeoloji tapıntıların ən qədimi IX yüzilə aid olsa da, Gülüstan qalası XII yüzildə – XIII yüzilin başlanğıcında köklü şəkildə yenidən qurulmuş və möhkəmləndirilmişdir.
Tarixçəsi
[redaktə | mənbəni redaktə et]El əfsanələrindən birində bu qalanın Şamaxı hakiminin öz qızı üçün tikdirdiyi yaylaq imarətinin yerində yarandığı söylənilir. Adətən çox səfalı, gül-çiçəkli yerləri gülüstan adlandırırlar. Yəqin ki, qala tikilməmişdən öncə yaylaq yeri olan dağ Gülüstan adını daşıyırmış və sonra da bu ad onun üstündə tikilən qalaya keçmişdir. Şamaxılı şair Xaqani Şirvaninin "Şamaxı Gülüstanın ətəyindədir" və Arif Ərdəbilinin "Şamaxı Gülüstanında bir qala var" deyimləri də bu fikri təsdiqləyir.[1]
Gülüstan qalasında tikinti mədəniyyətinin yüksəkliyi onun böyük dövlət əhəmiyyəti ilə bağlı olmuşdur. Müdafiə tikilisində yarı və yaxşı yonulmuş daşlar işlədilməklə yanaşı, başqa daş plastikası örnəklərinin olması qalanın sahiblərinin yüksək mövqeyini bildirməliydi. Arif Ərdəbili Gülüstan qalasını öyərkən onu da bildirir ki, "gözəllikdə onun tayı yoxdur. Divarın yüksək yerlərində daşdan heykəllər düzəldilmişdir." Söz yox ki, bu qalanın tikintisində Şirvanşahların ən bəlli saray memarları, bənna və daşyonanları çalışmışlar.
Gülüstan qalası adi müdafiə tikilisi deyildi. Şirvanşahlar sülaləsinin uzun müddət yaylıq yeri – yay iqamətgahı, dövlət əhəmiyyətli güclü qalası kimi ikili yüksək status daşıması onun bitkin quruluşunda və yüksək səviyyəli memarlığında öz əksini tapmışdır. Səlcuqlar dövründə gərgin tarixi hadisələrlə bağlı bu qalanın möhkəmləndirilməsinə böyük diqqət ayırmışlar. Tarixçi və şairlərin əsərlərindən bilinir ki, XI əsrin sonları ilə XII əsrin başlarında hakimiyyət sürmüş Şirvanşah II Mənuçöhrün bacısı Şahbanu Xatun "Gülüstan qalasını yenidən tikdirmiş", Şirvanşah I Axsitan isə XII yüzilin sonlarında onu yenidən möhkəmləndirmişdir.
Qalanın dayanıqlığı və ağır mühasirələrə dözümü o çağın əsərlərində də öyülmüşdür. Dahi Azərbaycan şairi Xaqani Şirvaninin aşağıdakı misralarından da Şamaxının müdafiəsində Gülüstan qalasının oynadığı böyük rol hiss olunur:
Bizim Gülüstan qalamız Büqbeys dağına bənzəyir
Kəbə Büqbeysin ətəyində olduğu kimi,
Şamaxı da Gülüstanın ətəyindədir.
Dəfələrlə Şirvanşahların son sığınacağı olan bu əfsanəvi qala orta əsrlərdə Şirvan uğrunda gedən saysız tarixi savaşların bir növ foks nöqtəsi olmuşdur. Onun divar və bürcləri müxtəlif çağlarda xəzər, ərəb, səlcuq, monqol, səfəvi, osmanlı yürüşlərinin gücünü görüb hiss etmişdir. Taleyi Azərbaycanın Mənuçöhr, Axsitan, Xəlilullah, Şah İsmayıl, Şah Təhmasib kimi görkəmli şəxsiyyətləri ilə bağlı olduğundan Gülüstan qalasının tarixi dəyəri çox böyükdür. Tarixçilərin bildirdiklərinə görə, Gülüstan qalasına son böyük zərbəni XVI əsrin ortalarında I Şah Təhmasib vurmuşdur. Səfəvi-Osmanlı savaşlarının məngənəsində A. Cenkinsonun təbirincə [2] "dünyanın ən qədim qalalarından sayılan" Gülüstan qalası dağıdılmışdır.
Mövqeyi
[redaktə | mənbəni redaktə et]Gülüstan qalası Şamaxı şəhərinə çox yaxın (3 km) olub, keçmişdə onun panoramını zənginləşdirmişdir. Şamaxı yüzillərcə həm fiziki olaraq, həm də təhlükəsizlik anlamında bu dağ qalasına söykənmişdir. Gülüstan qalası Şamaxının başı üzərində qaldırdığı qalxana bənzəmişdir.
Qala şimal-qərbdən cənub-şərqə doğru genişlənən və enişlənən dağın belində tikilmiş və onun mürəkkəb konfiqurasiyasına uyğun biçim almışdır. Qalanın şimal-qərb qurtaracağında içqalası yerləşir. Dağın çay yatağına yönələn yanı sıldırım qayalıqdır. Qalan yerlərdə də dağ belini qayalar və sərt enişli yamaclar dövrələyir. Yalnız dağın şəhərə baxan cənub yamacı nisbətən az enişlidir. Qalaya qalxan dolama tək cığır bu yamacdadır. Beləliklə Gülüstan qalası üçün seçilən dağ təbii müdafiə üstünlükləri ilə yanaşı, şəhərlə əlaqə baxımından da çox əlverişlidir.
Memarlıq xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]Şiddətli dağııntıya uğradığından Gülüstan qalasının bütöv qapalı quruluşundan dövrümüzə dağ relyefində pərən-pərən düşmüş, tək-tək bürc və divar bölümləri qalmışdır. Ən monumental bürclər qalaya qalxan cığırın başında, dağılıb aradan getmiş giriş darvazasının yanlarındadır. Onlardan qərbdə isə daha bir yarımdairəvi bürcün qalıqları yüksəlir. Planda düzbucaqlı biçimdə olan bu bürc dağın qərb yamacındadır.
Dağın dərəyə baxan alt terrasında da divar uçuqları var. Bütün bu divar və bürc qalıqları vaxtilə dağ belinə qurşaq kimi dolanan möhkəm qala divarları içərisində olmuşdur. Yaxın keçmişdə isə Gülüstan qalasının daha çox tikintisi gözə dəyir və onun memarlığı haqqında daha dolğun təsəvvür yaradırdı.
Ötən yüzildə səyyah Hacı Çələbinin təsvirinə görə Şamaxı Gülüstan qalasında "saray və köşklər tikilmiş və onlar çox möhtəşəm divarlar və möhtəşəm bürclərlə üzlənmişdir. Şahın yonulmuş daşdan tikilən birinci sarayı şərq tərəfdə, qalanın qırağında dayanır. Olduqca gözəl sarayın önündə keçilməz dərələri, mağaraları, sıldırımları və qayaları olan dərin uçurumlar var...Birinci saraydan yuxarıda yaşayış evlərinin uçuqlarını görürük ki, çox möhkəm ikiqat divarla dövrələnmişdir. Bundan bir az da yuxarıda kiçik təpədə, yaxşı yonulan daşdan tikilmiş və artıq uçuq olan, eləcə də divar və bürclərlə dövrələnib möhkəmləndirilən köşk görünür. Otaqlar altında hamısı tağbəndlə örtülü yüzlərlə zirzəmi izləri indi də görünməkdədir. İşqaladan qərbdə geniş və dərin hovuz tikilib ki, onun da yaxınlığında gəzint yeri var. Müxtəlif tikililər qalanın daxilini üç yerə bölür: alt, orta, üst (içqala)..." Bu dolğun təsviri qala ərazisində aparılmış arxeoloji qazıntılar da təsdiq edib.[3]
Qala içində olan tikinti qalıqlarından ən dəyərlisi indi içqalanın cənub-şərq bucağında olan saray kompleksidir. Bu kompleksdən indi ancaq alt qatının çılpaq divarları və arxeoloqların yer altından qazıb çıxardıqları otaqlardan, dəhlizlərdən ibarətdir böyük bir xarabalıq qalmışdır. Alimlərin müşahidəsinə görə saray kompleksini dövrələyən içqalanın yeddi bürcü varmış və saray iki mərtəbəli imiş.
Qala divarları və bürclər kimi saray otaqlar da yarı yonulmuş daşlardan tikilmişdir. Ancaq saray kompleksinin üst qatında yaxşı yonulmuş üzlük daşları işlədilmişdir. Otaqların örtükləri qalmasa da, onların əvvəllər Şirvan-Abşeron memarlığı üçün səciyyəvi olan daş günbəz və tağlarla (Şirvanşahlar sarayında olduğu kimi) örtüldüyü güman edilir.
Gülüstan qalasının maraqlı tikililərindən biri yeraltı yoldur. Araşdırmaçıların fikrincə bu yeraltı yol gizli ehtiyat yoludur.[2] Mühasirə zamanı isə əsas su kəməri kəsiləndə qala qoruqçuları onun pilləli yuneli ilə dərəyə enib Zoğalavay çayından su gətirə bilərdilər. Qalanın su kəməri onun qərbində ucalan Meysəri dağından saxsı tünglərlə çəkilmişdir. XIV yüzildə şair Arif Ərdəbilinin "qalaya saxsı tünglərlə su aparılmışdır" məlumatını arxeoloji qazıntılar da sübut etmişdir. Bundan başqa qalanın şərq terrasında böyük su tutarı – hovuz quraşdırılmışdır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- Cəfər Qiyasi – Nizami dövrü memarlıq abidələri, Bakı, İşıq nəşriyyatı, 1991