Eminem
Eminem | |
---|---|
ing. Marshall Bruce Mathers III | |
| |
Ümumi məlumatlar | |
Ləqəbi | Eminem |
Doğum tarixi | 17 oktyabr 1972[1][2][…] (52 yaş) |
Doğum yeri | |
Uşağı | 3[3] |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | repçi, mahnı yazarı[d], musiqi prodüseri, musiqi şirkəti idarəçisi[d], aktyor, kino aktyoru, müğənni |
Fəaliyyət illəri | 1988-ci ildən |
Janrlar | hip-hop[d], hardkor hip-hop[d], horrorkor[d] |
Səs tembri | tenor[4] |
Albom şirkətləri | Interscope Records, Aftermath Entertainment |
Təhsili | |
Üzvlüyü | |
Mükafatları | |
eminem.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Eminem (əsl adı: Marşal Brüs Meters III; 17 oktyabr 1972[1][2][…], Sent-Cozef, Missuri, ABŞ[1][2]) — ABŞ repçisi. O, hip-hop janrını Orta Amerikada populyarlaşdırıb və indiyə qədərki ən yaxşı repçilərdən biri hesab olunur. Bəziləri inanır ki, onun uğuru ağdərili repçilər üçün musiqi sənayesində qapılar açıb. Eminem 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində Amerikanın aşağı təbəqəsinin mübarizəsini əks etdirən mübahisəli transaqressiv əsərlərinə görə tanınır. Müxtəlif janrlarda olan bir çox musiqiçi ondan ilham alıb və onun təsirini geniş şəkildə qəbul edir. Eminem dörd "Brit" və on beş "Qremmi" mükafatı laureatıdır.
Eminem debüt albomu olan "Infinite"-ni 1996-cı ildə çıxarıb. 1997-ci ildə "Slim Shady EP" adlı mini-albom təqdim etmişdir. O, bu iki buraxılışından sonra Dr. Dre-nin Aftermath Entertainment leyblı ilə saziş bağlamışdır. 1999-cu ildə buraxdığı ikinci studiya albomu "The Slim Shady LP" sayəsində məşhurlaşıb. Növbəti iki albomu, "The Marshall Mathers LP" (2000) və "The Eminem Show" (2002) bütün dünyada böyük hit olmuş və hər ikisi "İlin Albomuna görə" ona "Qremmi" mükafatı qazandırmışdır. 2004-cü ildə Eminem "Encore" albomunu çıxardıqdan sonra dərman asılılığı səbəbindən musiqiyə fasilə verir. Dörd ildən sonra 2009-cu ildə musiqi sənayesinə qayıdaraq "Relapse" və "Recovery" adlı albomlarını təqdim edir. İkincisi 2010-cu ildə dünyada ən çox satılan albomlardan biri olur. Bu, 2002-ci ildə "The Eminem Show"-dan sonra Eminemin bu uğura nail olan ikinci albomu olmuşdur.
Eminem 2002-ci ildə musiqili dram filmi "8 mil"-də baş rola çəkilmişdir. O, bu filmdə özünün uydurma versiyasını ifa edir. Onun filmin saundtreki üçün yazdığı "Lose Yourself" mahnısı ABŞ-də musiqi hit-paradlarına başçılıq edirdi. Sözügedən mahnı Eminemə üstəlik "Ən Yaxşı Orijinal Mahnı" nominasiyasında "Oskar" mükafatı qazandırmışdır. Eminem bu şərəfə çatan ilk hip-hop sənətçisi kimi tarixə düşüb.
Həyatı
[redaktə | mənbəni redaktə et]Marşall Brüs Meters III 1972-ci il oktyabrın 17-də Missuri ştatının Sent-Cozef şəhərində anadan olub.[5][6] Valideynlərinin yeganə övladıdır. Şotland, uelsli, ingilis, çeroki, alman, isveçrəli, polyak və azacıq da olsa Lüksemburq mənşəlidir.[7][8][9] Anası onu dünyaya gətirərkən 73 saat davam edən doğuş zamanı az qalsın həyatını itirəcəkdi. Eminemin valideynləri keçmişdə "Daddy Warbucks" adlı musiqi qrupunun üzvü olublar. Onlar boşanmadan əvvəl Dakotas–Montana sərhədi yaxınlığında yerləşən "Ramada Inns" hotellərində canlı çıxışlar edirdilər. Eminemin atası o, körpə ikən çıxıb getmişdir. Anası Debbi onu kasıb bir şəraitdə təkbaşına böyütmüşdür. Anasının sonrakı münasibətindən dünyaya gəlmiş Neyten "Neyt" Keyn Samara adlı oğlu da var. Eminem on iki yaşında olarkən anası ilə birlikdə tez-tez köçmək məcburiyyətində qalmışdır. O, Missuri ştatının müxtəlif şəhərlərində yaşamış, sonda isə Detroyt şəhəri yaxınlığındakı Miçiqan ştatının Vorren şəhərində məskunlaşmışdır.[10] Gənc yaşlarında Eminem və anası arasında çoxlu mübahisələr baş verirdi. Ailənin sosial işçisi onun anasını paranoyak kimi təsvir etmişdir, çünki anasının tez-tez əsassız şübhələri və qorxuları var idi.[11] Eminem atasına məktublar yazıb göndərərdi, lakin hamısı ona geri qaytarılırdı. Anası Debbi deyirdi ki, məktublar onun atası tərəfindən açılmadan, oxunmadan özlərinə geri göndərilib.
Eminem təhsil aldığı məktəbdəki şagirdlərdən biri olan D'Angelo Bailey adlı oğlan uşağı tərəfindən zorbalığa məruz qalırdı. Həmin bu uşaq Eminemə hücum edir və ona boynundan şillə vururdu.[12] Eminem "Brain Damage" adlı mahnısında bu hadisədən söz açmışdır. Anası Debbi 1982-ci ildə bu hadisəyə görə Eminemin təhsil aldığı dövlət məktəbini məhkəməyə şikayət etmişdir. Miçiqan ştatının Makom qraflığının hakimi isə məktəblərin məhkəməyə verilə bilməyəcəyini bildirərək ittihamları rədd etmişdir. Uşaq ikən Eminem və anası Detroytdə əsasən az gəlirli qaradərililərin çoxluq təşkil etdiyi məhəllədə yaşayırdılar. O, və anası bölgədə yaşayan azsaylı ağdərili insanlardan biri idilər. Eminem qonşuluqdakı qaradərili uşaqlardan bəziləri tərəfindən döyülürdü.
Eminem hip-hopu kəşf etməmişdən qabaq storitellinq ilə maraqlanırdı və komiks artisti olmaq istəyirdi. O, anasının ögey qardaşı Ronnie Polkingharn-ın hədiyyə etdiyi "Breyk-dans" filminin saundtrekində "Reckless" adlı rep mahnısını dinlədikdən sonra hip-hopu sevməyə başlamışdı. Dayısı Ronni onu çox sevir və ona musiqi haqqında çox şey öyrədirdi. Ronni 1991-ci ildə öz həyatına son qoyanda Eminem heç kimlə danışmadı, hətta onun dəfn mərasiminə də getmədi.
Eminem 14 yaşında olarkən orta məktəb yoldaşı Mike Ruby ilə "Manix" və "M&M" adları altında rep ifa edirdi. "Eminem" (M&M) təxəllüsü sonralar onun rəsmi repçi adı olur. Eminem və dostu Proof fərqli bir orta məktəbə, "Osborn High School"-a gedərək bufetdə freestyle rep rəqabəti keçirirdilər. Onlar bir-birlərinə və başqalarına qarşı yarışırdılar. Şənbə günləri ikisi Detroyt şəhərinin "West 7 Mile Road" yaxınlığında yerləşən "Hip-Hop Shop" adlı məkanı ziyarət edirdilər. Həmin yer rep həvəskarlarının istedadlarını nümayiş etdirmələri üçün əsas mərkəz idi.
Qaradərililərin üstünlük təşkil etdiyi sahədə ağdərili sənətçi olmağın maneələrinə baxmayaraq, Eminem öz bacarığı və özünəməxsus musiqi tərzi ilə underground hip-hop icmalarının heyranlığını və hörmətini qazana bilmişdi. Eminem mahnılar yazarkən, qafiyələnən çoxlu sözlərə sahib olmağı qarşısına məqsəd qoymuşdu. O, vərəqə daha uzun sözlər və ya ifadələr yazır, sonra hər heca üçün qafiyələr tapırdı. Eminem eyni səslənən sözləri yazaraq qafiyəli sözlər yaratmağa məşq edirdi. Sözlər birlikdə məna kəsb etməsə belə, o, sözlərin bir-biri ilə necə səsləndiyinə və qafiyələndiyinə diqqət yetirirdi.
1987-ci ildə Debbi evdən qaçan Kimberly Anne "Kim" Scott adlı qızı onların evində qalmağa icazə verdi. Bundan bir neçə il sonra Eminem və Kim sevgili olmağa başladılar. Lakin onların münasibətlərinin yüksəlişi və enişi var idi, yəni onlar davamlı olaraq birlikdə deyildilər. 9-cu sinifdə tez-tez məktəbi buraxan və dəfələrlə dərslərlində pis qiymətlər alan Eminem sonda 17 yaşında olarkən "Lincoln High School"-u tərk etdi. Eminem ingilis dili ilə maraqlansa da, heç vaxt ədəbiyyat oxumurdu. O, bunun əvəzinə diqqətini komikslərə yönəltmişdi. Riyaziyyat və sosial elmlərin üzünü isə heç açmırdı. Eminem anasını maddi cəhətdən dəstəkləməkdən ötrü keçmişdə müxtəlif peşələrlə məşğul olurdu. O, Miçiqan ştatının Vorren şəhərində yerləşən "Little Caesar's Pizza" adlı restoranda işə düzəlmişdi.[13] Eminem işləyib qazandığı maaşından anasına versə də, anası onu evdən qovub qazandığı pulun böyük hissəsini özündə saxlayırdı. Debbi binqo oynamaq üçün evdən çıxanda, Eminem maqnitafonun səsini artırır və vaxtını mahnı yazmaqla keçirirdi.
Şəxsi həyatı
[redaktə | mənbəni redaktə et]Ailəsi və münasibətləri
[redaktə | mənbəni redaktə et]Eminem Kimberly Anne "Kim" Scott ilə iki dəfə evlənmişdir. Eminem onunla ilk dəfə orta məktəbdə oxuyarkən köynəksiz masanın üstündə LL Cool J-nin "I'm Bad" mahnısını ifa edərkən tanış olmuşdur. Sonralar Kim və əkiz bacısı evlərini tərk edərək 15 yaşlı Eminem və onun anasının yanında qaldılar. Eminem və o, 1989-cu ildə ara-sıra münasibət qurdular.
Eminem Kim ilə 1999-cu ildə evlənmiş, 2001-ci ildə isə boşanmışdır. Eminem 2002-ci ildə "Rolling Stone" jurnalına verdiyi müsahibəsində artıq evlənmək istəmədiyi barədə açıqlama vermişdir: "Evlənməkdənsə penisimdən uşaq doğaram daha yaxşı". Buna baxmayaraq o, və Kim 2006-cı ilin yanvarında qısa müddətə yenidən ailə həyatı qurdular. Həmin il aprelin əvvəlində Eminem boşanmaq üçün məhkəməyə müraciət etmiş və övladı Hailie-nin qəyyumluğunu bölüşməyə razılıq almışdır. Onların qızı Hailie Jade hal-hazırda sosial mediada moda və gözəllik haqqında paylaşımlar etməklə tanınan influenserdir.
Eminem baldızının qızını və qardaşı qızını qanuni olaraq övladlığa götürmüşdür. O, kiçik ögey qardaşı Neyteni də böyütmüşdür.
Eminem 2000-ci illərdə aktrisa Brittani Mörfi ilə romantik münasibətdə olmuşdur. 2002-ci ildə Eminem müğənni Meraya Keri ilə romantik münasibətdə olduğunu açıqlayıb. Lakin Meraya Keri bu iddianı təkzib edib və heç vaxt romantik münasibətdə olmadıqlarını bildirib. 2005-ci ildə Eminem "Anger Management Tour" adlı konsert turu zamanı Merayadan olduğu güman edilən səsli mesajları hər kəsə açıq şəkildə nümayiş etdirdi. 2006-cı ildə Eminem onunla təxminən 6–7 ay münasibətdə olduğunu və fərqli şəxsiyyətlərə sahib olduqları üçün hər şeyi bitirdiyini bəyan etdi.
2010-cu ildə Eminem aydınlaşdırdı ki, Kimlə yenidən romantik münasibət qurması ilə bağlı yayılan şayiələr doğru deyil. Bununla belə, o, onların yaxşı münasibətdə olduqlarını və dost olaraq qaldıqlarını etiraf etdi.
Eminem 2013-cü ildə yazdığı "Headlights" mahnısında anasına olan sevgisini ifadə etdi və əvvəlki "Cleanin' Out My Closet" adlı mahnısındakı bəzi sərt sözlərə görə ondan üzr istəmişdir.
Səhhətindəki problemlər
[redaktə | mənbəni redaktə et]Eminem ictimaiyyətə Vicodin, Ambien və Valium kimi müxtəlif reseptli dərmanlara aludə olduğundan və mübarizə apardığından danışmışdır. Eminem "8 mil" filminin çəkilişləri zamanı gündə 16 saat yuxusuz qalaraq insomniya inkişaf etdirmişdir. Bir dostu ona yuxusuzluğuna kömək etməsi üçün Ambien həbi vermişdi. Bundan sonra Eminem yuxu dərmanı olan Ambien-dan asılı vəziyyətə gəlmişdi və bu, ona uzun müddət təsir edəcəkdi. "Encore" albomunu hazırlamağın sonuna yaxın Eminem cibində bir dəstə həb ilə studiyada dolaşırdı. Eminem deyirdi ki, o, özünü "normal" hiss etmək üçün dərmanlardan istifadə etməyə başlayıb. Gündə 40–60 Valium və təxminən 30 Vikodin kimi çox şey qəbul edirdi. Eminemin qəbul etdiyi dərmanlar onu qısa müddətə, adətən iki saat yatırırdı. O, sonra təsirini çoxaltmaq üçün daha çox qəbul edirdi. Eminem çoxlu fəstfud yediyi üçün kökəlmişdi, nəticədə onun çəkisi 230 funt (100 kq) olmuşdu: "Fəstfud piştaxtasında işləyən uşaqlar məni tanıyırdılar və bu, onları heç narahat etmirdi. "Denny's" və ya "Big Boy"-da tək oturub yemək yeyərdim. Kədərli idi". Eminem kökəlmişdi və artıq o qədər də asanlıqla tanınmırdı. O, iki yeniyetmənin həqiqətən o, olub-olmaması ilə bağlı söhbəti eşitmişdir: "Eminem kök ola bilməz" deyirdilər.
2008-ci ilin yanvarında Interscope Records Eminemin əvvəlki ay xəstəxanaya yerləşdirilməsi barədə ictimaiyyətə açıqlama vermişdir:
Bayram ərəfəsində Eminem kimi tanınan və əsl adı Marşall Meters olan musiqiçi pnevmoniyadan yaranan ağırlaşmalar səbəbilə Detroytdə yerləşən xəstəxanalarda həkimlər tərəfindən müalicə olunub. O, xəstəxanadan evə buraxılıb və hazırda sağalmaq üzrədir. |
Eminem 2007-ci ilin dekabrında həddindən artıq metadon qəbul etdiyi üçün xəstəxanaya yerləşdirilmişdir. Eminem metadonu "Vikodinlə oxşar və qaraciyər üçün daha az zərərli" olduğunu iddia edən bir narkotik satıcısından almışdı. O, satıcıdan dərman almağa davam etmiş və sonda bir gecə hamamda yıxılaraq təcili xəstəxanaya yerləşdirilmişdi. Xəstəxananın həkimləri onun dörd çanta heroinə bərabər dərman qəbul etdiyini və ölümə çox yaxın olduğunu bildirirdilər. Eminem Milad bayramını övladları Hailie, Alaina və Stevie ilə keçirə bilməmişdi. O, bədənindəki zərərli maddələrin çıxarılması prosesini başa vurmamış, özünü halsız və tam təmizlənməmiş müalicə mərkəzini tərk edib. Eminem evdə divanında yatarkən yıxılıb dizini zədələmişdi, və əməliyyat lazım idi. O, xəstəxanadan evə gələndə qıcolma keçirdi. Bir müddət dərman istifadəsini dayandırdı, ancaq bu çox davam etmədi. Yenidən pis vərdişlərinə qayıtmışdı. Eminem əvvəlcə yaxşılaşmaq üçün kilsəyə baş çəkirdi, lakin pərəstişkarları onu tanıyır və görüşlər zamanı avtoqraf istəyirdilər. Eminem anladı ki, bu sağalmasına diqqətini cəmləməyi həqiqətən çətinləşdirir, beləliklə, o, reabilitasiya üzrə məsləhətçidən kömək istəməyə qərar verdi. O, məşq rutininin bir hissəsi kimi mütəmadi olaraq qaçmağa başladı. Elton Con Eminemin mentoru idi və hər həftə ona zəng edərək vəziyyətini öyrənirdi. Eminem 20 aprel 2008-ci ildən bəri soberdir. (içki və narkotik istifadə etməyib
Təhdidlər
[redaktə | mənbəni redaktə et]2020-ci ilin aprel ayında Matthew David Hughes adlı 26 yaşlı evsiz şəxs Eminemin Miçiqandakı evinə mətbəxin pəncərəsini kərpiclə sındıraraq daxil olub. Eminem yuxudan oyanıb görüb ki, Hughes onun arxasında dayanıb. Bu şəxs Eminemin evinə onu öldürmək niyyəti ilə girdiyini bildirib.[14] 2021-ci ildə David Hughes törətdiyi əməli etiraf etmişdir. O, şərti cəzaya məhkum edilib. 524 gün həbsə saxlanılmış və vaxtından əvvəl azad edilmişdir. Hughes 2019-cu ildə Eminemi tapmaq üçün Rochester Hills-dəki bir evə qanunsuz olaraq daxil olduğunu da açıqlamışdır.[14][15]
30 avqust 2023-cü ildə bildirilib ki, həmin il Ceksonvildə baş verən silahlı hücumu törədən şəxs Ryan Palmeter, qaradərili musiqiçilərlə əməkdaşlıq etdikləri üçün Eminem və Machine Gun Kelly-ə zərər verməyi planlaşdırıb. Həmin şəxs onları tənqid edib və qaradərili sənətçilərlə əlaqələrinə görə onları hədəfə almaq istəyib.[16]
Siyasi mövqeyi
[redaktə | mənbəni redaktə et]Mahnılarında Eminem siyasətdən danışır və tez-tez Demokrat Partiyasını dəstəkləyir. O, konkret hansı siyasətçiləri dəstəklədiyini demir. Bunun əvəzinə o, müxtəlif siyasi məsələləri tənqid etməyə meyillidir. Onun "Mosh" mahnısı 2004-cü ildə, ABŞ prezident seçkilərindən az əvvəl işıq üzü görüb. O, bu mahnda prezident Corc Buşu tənqid etsə də, onun rəqibi Con Kerrini açıq şəkildə dəstəkləməmişdir. Eminem 2016-cı il ABŞ prezident seçkilərinə qədər ümumiyyətlə siyasi məsələləri müzakirə etməkdən uzaq durub. O, həmin il keçirilən prezident seçkilərində namizədliyini irəli sürən Donald Trampı "Campaign Speech" adlı mahnısında tənqid edib. Seçkidən bir il sonra o, "The Storm" adlı freestyle rep mahnısında Trampı təkrar tənqid atəşinə tutub. Mahnısında o, ABŞ-də irqi ədalətsizliyə və polis vəhşiliyinə etiraz olaraq, oyundan əvvəl himn zamanı diz çökən NFL oyunçusu Colin Kaepernick-i alqışlayıb. O, həm də Donald Trampı dəstəkləməyə davam edən pərəstişkarları ilə bağlı narazılıqlarını ifadə edib. Eminem "Darkness" mahnısında 2017-ci ildə Las-Veqasda baş verən silahlı insident hadisəsinə işıq salıb. O, belə faciələrin bir daha baş verməməsi üçün silaha nəzarət tədbirlərinin daha sərt olması ideyasını dəstəkləyir. Eminem 2020-ci il ABŞ prezident seçkiləri ərəfəsində Co Baydenə "Lose Yourself" mahnısını seçki reklamında istifadə etməyə icazə verib. Bu, əhəmiyyətli idi, çünki Eminem heç vaxt musiqisinin siyasi məqsədlər üçün istifadəsinə icazə vermirdi. Eminem, Ali Məhkəmənin "Roe v. Wade" işini ləğv etməsindən sonra öz məyusluğunu Twitter-də ifadə edib. O, tvitində yazıb ki, qadınların indi daha az hüquqlarının olması onu bir ata kimi qəzəbləndirib. Eminem tvitində keçid paylaşaraq insanları Miçiqandakı seçim tərəfdarı təşkilatı dəstəkləməyə təşviq edib.[17] Xatırladaq ki, "Roe v. Wade" ABŞ-də abortu qanuniləşdirən məşhur məhkəmə işidir. 2023-cü ildə Eminem Respublikaçı namizəd Vivek Ramaswamy-dən kampaniya tədbirlərində "Lose Yourself" mahnısını ifa etməyi dayandırmağı xahiş etdi. Eminem ona dayanmasını tələb edən məktub göndərdi.[18]
İnancı
[redaktə | mənbəni redaktə et]Eminem xristiandır. O, bəzi mahnılarında, xüsusilə, "Use This Gospel" mahnısının remiksində öz imanından danışıb.[19][20][21]
Maraqları
[redaktə | mənbəni redaktə et]Eminem "Detroit Lions" amerikan futbol klubunun[22] və "Detroit Pistons" basketbol klubunun azarkeşidir.[23] O, komikslər toplamağı çox sevir. Eminemin sahib olduğu komiks kolleksiyası arasında Hörümçək-adam personajının ilk görünüşü ilə məşhur olan "Amazing Fantasy #15" adlı komiks kitabı da var. Bu komiksin dəyəri 1 milyon dollardan artıqdır. Shady Records-un keçmiş icraçısı onun kolleksiyasını "başqa aləm" adlandırıb.[24]
Slim Shady
[redaktə | mənbəni redaktə et]Eminem aqressiv, şiddətə meyilli alter eqosu "Slim Shady"-ə görə də məşhurdur. Bu qaranlıq tərəfi onu musiqi sənayesində digərlərindən fərqləndirir. Uydurma personası ona musiqisi vasitəsilə narkotik, zorlama və qətl kimi qaranlıq və mübahisəli mövzular haqqında danışmaq imkanı vermişdir. Bu, ona qəzəbini ifadə etməyə və fikirlərini daha ekstremal şəkildə çatdırmağa kömək edir. Eminem "The Slim Shady LP" (1999) və "The Marshall Mathers LP" (2000) albomlarında və bir çox mahnılarında bu alter eqodan istifadə etmişdir.
Diskoqrafiya
[redaktə | mənbəni redaktə et]- Infinite (1996)
- The Slim Shady LP (1999)
- The Marshall Mathers LP (2000)
- The Eminem Show (2002)
- Encore (2004)
- Relapse (2009)
- Recovery (2010)
- The Marshall Mathers LP 2 (2013)
- Revival (2017)
- Kamikaze (2018)
- Music to Be Murdered By (2020)
- The Death of Slim Shady (Coup de Grâce) (2024)
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]- Da Hip Hop Witch (qısa) (2000)
- The Wash (2001)
- 8 Mil (2002)
- 50 Cent: The New Breed (sənədli) (2003)
- Crank Yankers (2004)
- Gülməli adamlar (2009)
- Have Gun — Will Travel (2010)
- Something from Nothing: The Art of Rap (sənədli) (2012)
- How To Make Money Selling Drugs (sənədli) (2012)
- Detroit Rubber (2013)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Marshall B. Mathers III // Internet Broadway Database (ing.). 2000.
- ↑ 1 2 3 4 Eminem // Internet Broadway Database (ing.). 2000.
- ↑ https://www.rollingstone.com/music/music-news/eminem-on-the-road-back-from-hell-249093/.
- ↑ http://www.criticofmusic.com/2013/05/vocal-range-eminem.html.
- ↑ "Eminem's Biography". Fox News Channel. March 22, 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 23, 2008.
- ↑ Nelson, Debbie. My Son Marshall, My Son Eminem: Setting the Record Straight on My Life as Eminem's Mother (ingilis). Phoenix Books, Inc. 2008. ISBN 978-1-59777-596-0.
- ↑ Silverman, Stephen M. "Eminem's Scotland Concert Skirmish". People. August 27, 2001. October 7, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 24, 2010.
- ↑ Nelson, Debbie. My Son Marshall, My Son Eminem: Setting the Record Straight on My Life as Eminem's Mother (ingilis). Phoenix Books, Inc. 2008. ISBN 978-1-59777-596-0.
- ↑ "Ancestry of Eminem". Wargs.com. June 14, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 24, 2010.
- ↑ "Eminem's mom gives her side of the story today.msnbc.com – November 6, 2008". MSNBC. November 6, 2008. April 11, 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: May 24, 2010.
- ↑ Lane, Stephanie. Eminem. Lucent Books. 2004. səh. 13. ISBN 978-1-59018-449-3. September 8, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 12, 2023.
- ↑ Kaufman, Gil. "Eminem's Mom Tells Her Side Of The Story In New Memoir". MTV News (ingilis). September 17, 2008. December 10, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 10, 2020.
- ↑ "History of Little Caesar's Pizza". Mentalitch. January 17, 2019. May 24, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 6, 2022.
- ↑ 1 2 Jameson Cook, Eminem home invader Hughes sentenced Arxiv surəti 10 iyul 2023 tarixindən Wayback Machine saytında Arxivləşdirilib iyul 10, 2023, at the Wayback Machine, MediaNews Group, Macomb Daily (October 2, 2021).
- ↑ Man who broke into Eminem’s house violates probation Arxiv surəti 10 iyul 2023 tarixindən Wayback Machine saytında Arxivləşdirilib iyul 10, 2023, at the Wayback Machine, Associated Press (November 24, 2021).
- ↑ "Jacksonville Shooter Wanted Eminem and Machine Gun Kelly 'to be Killed On Sight,' His Writings Reveal". Rolling Stone. August 30, 2023. August 31, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 August 2023.
- ↑ Eminem. "As a father it pisses me off that women have fewer rights 2day than just a few days ago… we r fuckin goin bckwards. Here's how 2 help in Michigan" (Tweet). June 26, 2022. İstifadə tarixi: November 12, 2023.
- ↑ "Eminem tells Republican Vivek Ramaswamy to stop rapping his songs". BBC News. August 29, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 29, 2023.
- ↑ Collett, Alex. "Controversial rapper Eminem tops Christian Billboard chart with faith based song". Premier Christian News. September 16, 2022. October 16, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 12, 2023.
- ↑ St. Cyr, Sylvia. "Eminem rapping about Jesus?". CHVN 95.1 FM. September 2, 2022. October 16, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 12, 2023.
- ↑ Foust, Michael. "Eminem Praises Jesus in Surprising New Song: 'I Put All My Trust in You'". ChristianHeadlines.com. September 1, 2022. September 2, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 12, 2023.
- ↑ Bowenbank, Starr. "Eminem's Daughter Hailie Attends Detroit Lions Football Game, Approves of Taylor Swift's 'Seemingly Ranch' Dip". Billboard. October 9, 2023. November 14, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 14, 2023.
- ↑ Hughes, Dylan. "Every NBA team's most famous fan". FanSided. August 31, 2018. November 14, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 14, 2023.
- ↑ Spencer, Anthony. "Eminem Owns One Of The Rarest Comic Books In The World". TheThings. January 6, 2021. August 30, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 14, 2023.