Eduard Taylor
Eduard Taylor | |
---|---|
ing. Edward Burnett Tylor | |
Doğum tarixi | 2 oktyabr 1832[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 2 yanvar 1917[1][2][…] (85 yaşında) |
Elm sahəsi | antropologiya |
İş yerləri |
|
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Eduard Taylor (İngiliscə: Edward Burnett Tylor; 2 oktyabr 1832[1][2][…], Kamberuell[d], Böyük London[3] – 2 yanvar 1917[1][2][…]) – İngilis etnoqrafı.
Həyatı
[redaktə | mənbəni redaktə et]Təkamülçü klassiklər arasında ən çox şöhrət qazanmış Eduard Taylor (1832-1917) varlı ailədən çıxmış, gəncliyində ticarət-sənaye fəaliyyətinə başlamaq istəyində olduğuna görə ali təhsil almamışdır. 1855-ci ildə Taylor səyahəti ilə əlaqədar Kubaya gedərkən mərkəzi Amerikadakı arxeoloji qazıntıları maliyyələşdirən metsenat-bankirlə tanış olmuş və həmin şəxs Taylorda başqa xalqların mədəniyyət və məişətinə maraq oyatmışdır. O, etnoloji ədəbiyyatı və Avropa muzeylərindəki materialları tədqiq edərək bilik dairəsini genişləndirmişdir. E.Taylor 1865-ci ildə "Bəşəriyyətin qədim tarixinə dair tədqiqatlar" adlı kitab nəşr etdirmişdi. Burada qədim dövrdən başlayaraq müasir sivilizasiyaya qədər bəşər mədəniyyətinin mütərəqqi inkişaf xəttini əsaslandırmağa çalışmışdır. O, ayrı-ayrı xalqların məişət və mədəniyyətindəki fərqli cəhətləri həmin xalqların qeyri-bərabər inkişafı ilə əlaqələndirirdi. E.Taylorun 1871-ci ildə yazdığı "İbtidai mədəniyyət" əsəri isə az bir vaxt ərzində dünya şöhrəti qazanmışdı. Geniş etnoloji materiallarla zəngin olan bu kitabda bəşəriyyətin mənəvi mədəniyyətinin inkişafına, xüsusən də dini inamlara geniş yer verilmişdir. 1881-ci ildə E.Taylorun sonuncu iri həcmli kitabı "Antropologiya" nəşr olmuşdur. Burada müəllifin əvvəlki əsərlərinə yekun vurulmuş, texnikanın və maddi mədəniyyətin inkişafına geniş yer verilmişdir.
Bəşər mədəniyyətinin mütərəqqi inkişafını qəbul edən E.Taylor bu mütərəqqiliyi daimi təkmilləşmədə – bir mədəni amilin digərindən törəmədə görürdü. E.Taylor yazırdı ki, hər bir xalqın özünəməxsus əmək aləti, silahı, geyimi, xüsusi nikah, əmlak qanunları, mənəvi və dini təlimləri əhəmiyyətli bir fakt olsa da, biz bütün həyatımızı o mühitin içərisində keçirdiyimizdən onlara az diqqət yetiririk. Etnologiya elmi insan qrupunun məhz bu cür ümumi mədəni xüsusiyyətləri ilə məşğul olur.
Taylor mədəni amillərin qarşılıqlı tarixi əlaqələrini müəyyənləşdirməkdən ötrü digər bir elmi metoddan – köhnəliyin qalıqları metodundan istifadə edirdi. Survival qalıqlar termini elmi dövriyəyə məhz Taylor tərəfindən daxil edilib. Qalıqlar deyəndə adətlər, mərasimlər, ənənələr kimi amillər nəzərdə tutulurdu. Mədəniyyətin bir mərhələsindən digərinə keçiddə bunlar köhnəliyin xüsusiyyətlərini özündə qoruyub saxlayırdı.
Taylor mənəvi mədəniyyət məsələlərinə, xüsusən də ibtidai inamlara geniş yer verirdi. O, dinin mənşəyinə dair animizm nəzəriyyəsinin banisi kimi bu sahədə məşhurlaşmışdı. Taylorun fikrincə, vəhşi xalqların mərasimləri və dini etiqadları heç də müxtəlif anlaşılmazlıqların qarışığından ibarət olmayıb, mədəni ardıcıllığı ilə düzgün məntiqə əsaslanır. Bütün bunların əsaslarını ruhlara inam təşkil edir.
Taylor ruhlara inamı dinin minimumu adlandırırdı. Başqa sözlə ona "animizm" adı verirdi. O, animizmin köklərini ibtidai xalqların filosofluğunda görürdü. 250-dən çox əsərin müəllifi olan Taylorun tədqiqatları tarixdə vahid inkişaf xəttinin qəbul edilməsi sahəsində təkamülçülərin müsbət cəhətlərini qəbul edir və bəşəriyyətin inkişafında ovçuluğu, maldarlığı və əkinçiliyi bir-birindən fərqləndirirdi.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Leopold, JoanCulture in Comparative and Evolutionary Perspective: E. B. Tylor and the Making of Primitive Culture . Berlin: Dietrich Reimer Verlag, 1980.
- Marett, R.R. Modern Sociologists - Tylor. New York: John Wiley and Sons, Inc., 1936.
- Tylor, Sir Edward Burnett // New Illustrated Columbia Encyclopedia. 1979 ed.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Street B. V. Sir Edward Burnett Tylor // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Тайлор Эдуард Бернетт // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.