Edessa qraflığı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Tarixi dövlət
Edessa qraflığı
Bayraq Gerb
Bayraq Gerb
1098 — 1150

Paytaxt Edessa, indiki Şanlıurfa
Rəsmi dilləri Latın dili
İtalyan dili
Erməni dili
Ərəb dili
Yunan dili
Dövlət dini Roma-Katolik kilsəsi
Erməni Həvari kilsəsi
Süryani Pravoslav Kilsəsi
İslam
İudaizm
İdarəetmə forması Monarxiya
Qraf
 • 1098 - 1100 I Baldvin
 • 1131 - 1144 II Joslen
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Edessa qraflığı (lat. Comitatus Edessanus) — 1098-1144-cü illərdə mövcud olmuş feodal dövləti. Qraflığın mərkəzi indiki Şanlıurfa şəhəri olduğu üçün bir çox tarixi mənbədə Urfa qraflığı olaraq da adlandırılır. Səlibçilər tərəfindən Ön Asiyada qurulan ilk feodal dövləti idi.[1]

Bizans imperiyası dönəmində bölgə Süryani Pravoslav Kilsəsi tabeliyində öz intibah dövrünü yaşamış, həm yerli Mesopotamiya, həm də yunan mədəniyyətinin təsiri altında inkişaf etmişdir. Belə ki, Birinci Səlib yürüşü əsnasında hədəf seçilən önəmli şəhər mərkəzlərindən birinə çevrilmişdi.

İlk Edessa qrafı Bulonlu Baldvin daha sonra Qüds kralı oldu və geridə qalan qraflıq onun qohumlarına miras qaldı.[2] Digər səlib dövlətləriylə müqayisədə, Edessa qraflığı coğrafi olaraq əlverişsiz mövqedə idi. Belə ki, dənizə çıxışı yox idi və həmsərhəd olduğu dövlət və tayfalarla münasibətləri yaxşı deyildi. Qraflığın mərkəzi olan Edessa (yəni, indiki Şanlıurfa) və digər mühüm mərkəzləri səlib qüvvələrindən uzaq hesab edilən Fərat çayının şərq sahilində qalırdı.

Qraflığın 1144-cü ildə zəngilər tərəfindən işğal edilməsi səlibçilərin ilk mühüm məğlubiyyəti hesab edilir. Məhz bu məğlubiyyət Avropanı İkinci Səlib yürüşünə həvəsləndirdi. Ancaq coğrafi mövqeyi və mövcud siyasi mühit səbəbilə İkinci Səlib yürüşündə bu bölgədən yan keçildi və hədəf olaraq Dəməşq şəhəri seçildi. Beləliklə, Edessa xristianların əlindən tamamilə çıxdı.

1098-ci ildə Bulonlu Baldvin Qüdsü və Antakyanı hədəf seçən əsas səlibçi qüvvələrindən ayrılaraq öncə Kilikiyaya, ardından Edessaya gəldi. Bölgənin Bizans imperatoruna tabe olan erməni əsilli hakimi Torosla yaxın münasibət quran Baldvin onun qızıyla evləndi və özünü onun yeganə varisi elan etdi. Edessalı Toros əslən erməni olsa da, Yunan Provaslov dininə mənsub idi və bu səbəblə, yerli ermənilər tərəfindən sevilmirdi. Bu da onun 1098-ci ilin martında ermənilər tərəfindən sui-qəsdlə öldürülməsinə səbəb oldu. Bu sui-qəsddə nə qədər rolu olduğu bilinməsə də, Bulonlu Baldvin hadisənin ardından dərhal hakimiyyəti ələ aldı və özünü müstəqil Edessa qrafı elan etdi.

1100-cü ildə qardaşı Bulonlu Qodfreyin ölümüylə Qüds kralı təyin olunan I Baldvin Edessa qraflığını qohumu (xalası nəvəsi idi) olan Burklu Baldvinə təhvil verdi. Bölgənin latın əsilli qrafları yerli ermənilərlə olduqca mehriban münasibət saxlayırdı. Belə ki, qraflığın ilk 3 hakimi də mühüm erməni əsilzadələrinin qızlarıyla evlənmişdi.

Burklu Baldvinin dönəmində qraflıq artıq bölgənin siyasi həyatında aktiv rol oynamağa başladı. Səlcuqlarla mübarizədə 1104-cü ildə Antakiya knyazı I Bohemondla birlikdə əsir düşdü və bu dövrdə qraflıq knyazın qohumu Tankred tərəfindən idarə olundu. 4 illik əsarətin ardından azadlığa buraxılan Burklu Baldvin qraflığı əldə etmək üçün mübarizə aparmalı oldu. Bu mübarizədə bəzi yerli müsəlman əmirləriylə ittifaq quran Burklu Baldvin, bunun qarşılığında Fərat çayının şərq sahilindəki mühüm torpaqları Mosul əmirlərinə qaytarmalı oldu. 1118-ci ildə I Baldvinin vəfatıyla, Burklu Baldvin Qüds kralı təyin edildi. Qraflıq isə səlcuqlulara qarşı mühüm müdafiə məntəqəsi hesab edilən Turbessel qalasının hakimi Kurtenaylı Joslenə keçdi.

Ancaq səlcuqlarla olan mübarizədə məğlub olan I Joslen 1122-ci ildə yenidən əsir düşdü. Üstəlik bu dəfə, onu xilas etməyə gələn Qüds kralı II Baldvin də əsir alındı. Bir il sonra əsirlikdən qaçan I Joslen ertəsi il II Baldvinin də azadlığa buraxılmasına nail oldu. Hələb yaxınlığındakı bir qala uğrunda gedən döyüşlərdə ağır yaralanan I Joslen idarəni oğlu II Joslenə təhvil verərək vəfat etdi. Bu əsnada Ön Asiyada güclənən zəngilər HələbMosul torpaqlarını ələ keçirmiş, Edessa bölgəsi üçün təhlükə yaratmağa başlamışdılar. 1144-cü ildə Edessa qalasını mühasirəyə alan zəngilər 24 dekabrda qalanı ələ keçirdilər. Canını zorla xilas edən II Joslen 1146-cı ildə hakimiyyəti bərpa etmək üçün yenidən ayaqlansa da, bu dəfə əsir alındı və ölümünədək Hələbdə əsir tutuldu.

Edessa qrafları

[redaktə | mənbəni redaktə et]
PORTRET ADI SƏLTƏNƏT İLLƏRİ
I BALDVİN

Βαλδουίνος Α΄ της Ιερουσαλήμ

10 mart 10982 oktyabr 1100
II BALDVİN

Βαλδουίνος Β΄ της Ιερουσαλήμ

2 oktyabr 11002 aprel 1118
I JOSLEN

Ζοσλέν Α΄ της Έδεσσας

2 aprel 1118sentyabr 1131
II JOSLEN

Ζοσλέν Β΄ της Έδεσσας

sentyabr 113124 dekabr 1144
  1. Ferdinandi, Sergio. La contea franca di Edessa: fondazione e profilo storico del primo principato crociato nel Levante (1098-1150). Medioevo. Roma: Antonianum. 2017. ISBN 978-88-7257-103-3.
  2. Amin Maluf (1984). The Crusades Through Arab Eyes. ISBN 978-0-86356-023-1, səh. 30