Baba Kuhi Bakuvi
Baba Kuhi Bakuvi | |
---|---|
Əbu Abdullah Məhəmməd ibn Abdullah ibn Übeydullah ibn Bakuyə | |
Doğum tarixi | 933/934 |
Doğum yeri | Bakı |
Vəfat tarixi | |
Vəfat yeri | Şiraz |
Fəaliyyəti | şair, filosof |
Əsərlərinin dili | fars dili |
Vikianbarda əlaqəli mediafayllar |
Baba Kuhi Bakuvi (948, Şiraz[1] – 1037, Şiraz) — Azərbaycan da doğulmuş məşhur şair və alim. X-XI əsrin səyyahı, tədqiqatçısı, mühəndisi.[2]
Həyatı
[redaktə | vikimətni redaktə et]Bakıdan çox-çox uzaqlarda, Şiraz şəhərində yerli əhalinin və çoxsaylı zəvvarların ziyarətgahına çevrilmiş bir məzar var. Bu məzar barədə çoxlu rəvayətlər danışırlar. Həmin rəvayətlərdən birində deyilir ki, Şərqin dahi sənətkarı, böyük İran şairi Hafiz Şirazi öz poetik vergisini bircə gecə bu məzarın yanında dua oxuyandan sonra qazanmışdır. Başqa bir rəvayətə görə, Şirvanşahlardan birinin qızı öz mərhum sevgilisinə yaxın olmaq, onun qəbrinə və bütün müsəlman aləmindən ziyarətinə gələnlərə qulluq eləmək məqsədilə buraya gəlmiş öləndə isə onun yanında dəfn olunmuşdur. Şirvanlı Baba Kuhi Bakuvi sağlığında belə böyük hörmət-izzət qazanmış və ölümündən sonrakı min il ərzində də daim dərin rəqbətlə xatırlanan şəxslərdəndir. Yeni dövrün mənbələrində ilk dəfə onun adına Abbasqulu ağa Bakıxanovun "Gülüstani-İrəm" əsərində rast gəlirik: "Tarixçilərin dediyinə görə, Şeyx Əbu Abdulla Əli bin Məhəmməd Bakılı həm dünyəvi, həm də ruhani elmlər sahəsində seçilirdi. O, uşaqlıq illərindən dövrünün ən görkəmli alimlərindən şeyx Abdulla Xəfifdən, şeyx Əbül-Qasım Quşeyridən və başqalarından dərs almış, məşhur şeyx Əbu Səid Əbül -Xeyrlə elmi mübahisəyə girişmiş və onun biliyini yüksək qiymətləndirən şeyx Əbül-Abbas Nəhavəndi ilə uzun müddət əlaqə saxlamışdır. Ömrünün son illərində o, xəlvətə çəkilərək, Şiraz yaxınlığında bir mağarada yaşamış, Şərqin ən savadlı alimləri burada onun ziyarətinə gəlmişlər. O,1051-ci ildə Allahın rəhmətinə qovuşmuşdur."
Baba Kuhi Bakuvi haqqında məlumatlara Sara Aşurbəylinin "Orta əsrlər Bakısının tarixinə dair oçerk" kitabında da rast gəlirik: "Baba Kuhi batinidir. Lakin batiniliyin diapozonu o qədər genişdir ki, bu məsələ üzərində xüsusilə konkret bir şəkildə dayanmaq lazım gəlir... Belə hesab edirlər ki, o, sufidir. Bəzi tədqiqatçılar isə düşünürlər ki, o qələndər idi. Qələndərlər isə heç də bütün məsələlərdə sufilərlə uzlaşmırdılar." Baba Kuhi Bakuvinin ərəb dilində bizə gəlib çatmış fəlsəfi əsərləri arasında "Əxbar əl-arifin", "Əxbar əl-qafilin", "Bədayət hal əl-həllac" və başqalarının adını çəkmək olar. Bunlardan başqa onun farsca şerlər divanı da olmuşdur. Akademik Aqafangel Krımski bu "Divan" haqda yazır: "Bu, sufi divanları arasında ən qədimlərindən biridir. Burada çox zaman sufinin Allaha oxuduğu yanıqlı məhəbbət nəğmələrini canlı, nazənin bir gözələ vurulmuş gənc bir oğlanın ehtiraslı mahnılarından ayırmaq çətinlik törədir:
"Mənim könlüm sıxılır, ancaq cananımın eyninə deyil,
Hicrindən xəstə olmuşam, ancaq o mənə dərman vermək istəmir
Gözlərimdən qan yaş axır, buludlardan yağan yağışdan da güclü
Ancaq onun dodaqları qaçır, qəlbimin yarasını sarımaq fikrində deyil."
Bu divanın ən qədim əlyazmalarından birinin tarixçəsi olduqca maraqlıdır. İran alimi Həbibullah İmad öz evində təmir işləri apararkən divardan bir sandıq tapır. Sandığın içindən çıxan bir neçə əlyazmanın arasında Bakuvinin "Divan"ının qədim nüsxəsi də vardı.
Görkəmli şair və alimin tərcümeyi-halı hələ də dəqiqləşdirilməyib. Burada qaranlıq mətləblər çoxdur. Hələ də bir çox tədqiqatçılar, o cümlədən də tanınmış Azərbaycan alimi Zakir Məmmədov belə hesab edirlər ki, risalələrin müəllifi Baba Kuhi olsa da, "Divan" Məhəmməd Bakuviyə məxsusdur. Bu barədə mübahisələr bitmədiyindən Baba Kuhi Bakuvi haqda bioqrafik məlumatlarda əsas etibarilə Solmaz Rzaquluzadənin əsərinə istinad edilir. "Baba Kuhi Bakuvinin dünyagörüşü" adlı həmin kitabda ilk dəfə olaraq, mütəfəkkirin yaradıcılığı nisbətən geniş araşdırılmış və adları çəkilən əsərlərin bütünlüklə Baba Kuhiyə aid olduğu üzə çıxarılmışdır. S. Rzaquluzadə əvvəlcə Y. E. Bertelsin bir fikrini misal gətirir: "Mənim dərin inamıma görə, Kuhinin "Divan"ı həqiqətdə həm də ibn Bakuyə adlandırılan alim şeyxə məxsusdur". Daha sonra Azərbaycan alimi yazır: "Biz də bu fikri bütövlükdə bölüşür və Baba Kuhi ilə ibn Bakuyənin eyniliyi fikrinə əsaslanıb, mütəfəkkirin tərcümeyi-halının təsvirinə keçirik."
Baba Kuhi 933-934-cü ildə Bakıda doğulub. Belə hesab olunur ki, o, məşhur mütəfəkkir, ilahiyyatçı və şirvanşah Mənuçöhrün vəziri Pir Hüseyn Şirvaninin doğmaca qardaşıdır. Pir Hüseynin Pirsaat çayı üzərindəki Navahı kəndindəki Pirsaatçay xanəgahı indiyə qədər ziyarətgah kimi qorunub saxlanmışdır. Baba Kuhi yüz ildən artıq yaşamış və 1074-cü ildə vəfat etmişdir. Baba Kuhinin bütöv adının yazılışında da müəlliflərin fikirləri fərqlənir. Ancaq ümumun qənaətinə görə, onun bütöv adı belə göstərilir: Əbu Abdullah Məhəmməd ibn Abdullah ibn Übeydullah ibn Bakuyə. Bəzən bu ada Şirazi, yaxud Nişapuri nisbəsi də artırılır. Bu, onunla bağlıdır ki, Kuhi uzun müddət Şirazda və Nişapurda yaşamışdır.
Yaradıcılığı
[redaktə | vikimətni redaktə et]Baba Kuhi öz ilkin təhsilini ruhani olmuş atasından almışdır. Hələ gənc yaşlarından onda müstəqil həyat tərzinə və səyahətlərə meyl güclü idi. Qardaşı ilə mübahisədən sonra o, əvvəlcə Pirsaat düzündə, sonra isə müqəddəs Babadağ (bir çox tədqiqatçılar belə hesab edirlər ki, bu dağın adı Baba Kuhinin şərəfinə verilmişdir) yaxınlığında məskunlaşır. Sonralar o, Azərbaycanın müxtəlif yerlərinə, İrana və başqa ölkələrə səfərlər edir, alimlərlə görüşür, müqəddəs yerlərə ziyarətə gedir. Bəzi məlumatlara görə, o, 988-990-cı illərdə bir müddət Şirvanda da qalır. Ruhani-alim kimi nüfuzu artan Baba Kuhi mühəddis-hədislər tərtibçisi olmaq arzunda idi. Lakin yeni hədislər toplamaq üçün çox gəzmək, başqa ölkələrdə yaşayan mühəddislərlə görüşüb-danışmaq lazım gəlirdi. Bakuvi həddən artıq hədis toplayır. Xacə Abdullah Ənsari onun öz sözlərinə əsaslanaraq, yazır ki, Bakuvi otuz min hekayət və üç min hədis yığmışdı.
Bakuvi Şirazda Əbu Abdullah ibn Xəfifin yanında təhsilini artırmaqa da bir neçə il sərf edir. Görünür, məhz onun təsiri altında Bakuvi sufi olur. Tədqiqatçılar göstərirlər ki, 981-982ci illərdə Xəfif dünyasını dəyişdikdən sonra Bakuvi yenidən səyahətlərə çıxır. 0, məşhur elm mərkəzlərinə, o cümlədən, Bağdada səfər edir. Sonra X-XI əsrlərdə sufi təliminin başlıca yayılma nöqtəsi sayılan Nişapura gəlib çıxır. S. Rzaquluzadə onun ömrünün bu mərhələsi haqda yazır: "Burada bir tərəfdən şeyx Bəyazid əl-Bistaminin ekstaza çağıran, "Allahla qovuşmaqdan həzz alan", "ilahi eşq ilə məst olan (ərəbcə: sükr)" tələbələri, o biri tərəfdən şeyx Cüneyd əl-Bağdadinin "ekstaz" və "sərməstlik"də sufilər üçün təhlükə görən (sufi bu zaman öz-özünü süni şəkildə qızışdıraraq, fantaziyasını allahla həqiqətən qovuşmaq kimi qələmə verir) ardıcılları vardı. Cüneydin tələbələri sufi üçün yeganə düzgün yolu "ayıqlıq"da (ərəbcə: səhv), "sakit, ayıq ibadətdədə görürdülər... Mənbələrdə Bakuvinin Xorasan alimi Əbu Əbd ər-Rəhman Sullami və Əbül -Qasim Qüşeyri ilə dostluğu, Əbu Abbas Nəhavəndi ilə elmi mübahisələri (həmin mübahisələrdə Nəhavəndi Bakuvinin üstünlüyünü etiraf etmişdi), həmçinin o dövrdə böyük populyarlıq qazanmış sufi şeyxi Əbu Səid ibn Əbül-Xeyrlə birbaşa təmaslarda olması barədə də məlumatlar verilir."
Y. E. Bertels Bakuvinin həyatının Nişapur dövrü haqqında yazır: "Ehtimal etmək olar ki, Nişapurda Kuhinin ilahiyyata dair baxışları müəyyən dəyişikliyə uğramalı idi. Xorasan və İraq məktəblərinin sufi nəzəriyyələri bir-birindən kəskin surətdə fərqlənirdi. Bu elə bir vaxt idi ki, Xorasan sufiləri İraq məktəbinin təsirindən çıxaraq, çoxsaylı nəzəri əsərlərində (Qüşeyri, Sərrac, Cüllabi, Sullami və başqaları) öz təlimlərini ifadə edirdilər. Əbu Yəzidin (vəf. 873/74) qətiyyətli ekstremizmi özünə alovlu ardıcıllar tapmaqda idi. Bunların arasında Əbülhəsən Xərəqani (1033/34) öz filantropik sevgi konsepsiyasını Bistam zahidinin qəzəbli mistikası ilə barışdırır. Beləliklə, Kuhi elə bir mühitə düşmüşdü ki, öz-özü ilə ciddi daxili mübarizə aparmalıydı."
Sullami öldükdən sonra onun sufi təriqətinin (xanəgahının) başçılığı Bakuviyə keçir ki, bu da onun yüksək nüfuzundan xəbər verir. Lakin hələ də müəmmalı qalan səbəblər üzündən bircə il sonra o, Nişapurdan Şiraza köçür.
Şiraz yaxınlığındakı dağlarda, Cəfərabad kəndində karst mağaraları vardı. Bakuvi həmin mağaraların birində məskən salır və ömrünün son illərini burada ibadətlə məşğul olaraq, daha heç yerə çıxmır. Baba Kuhinin əsas əsərləri də burada yaranır. Tərki-dünya alimin şöhrəti bütün şərqə yayılır. Həryerdən bu müqəddəs insanın yanına ziyarətə və məsləhətə gəlirlər.
Tanınmış coqrafiyaşünas N.K. Kərəmovun yazdığına görə, şair-alimin dəfn olunduğu yer onun şərəfinə Baba Kuhi adlandırılır. Şərqin Nizami Gəncəvi ("İskəndərnamə"də), Sədi, Hafiz, Əbdürrəhman Cami, Nəsimi, Seyid Əzim Şirvani kimi dahi sənətkarları ona şerlər həsr etmiş, öz əsərlərində Baba Kuhini xatırlamışlar.
İndinin özündə də şirvanlılar arasında öz böyük həmyerliləri barədə əfsanə və nəğmələr yaşamaqdadır. Ötən əsrdə Azərbaycanın böyük səyyah və coqrafiyaşünası Zeynalabdin Şirvani Baba Kuhinin məzarını ziyarət etmişdir. O, məqbərənin və onun ətrafındakı ərazinin abadlaşdırılmasını öz boynuna çəkmiş, təmir və bərpa işləri aparmışdır.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ https://iranicaonline.org/articles/baba-kuhi.
- ↑ "Azərbaycan diasporunun görkəmli simaları". 2013-05-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-08-31.
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- Abbas ZəryabBakuyiEncyclopaediaislamica Yoxlanılıb 16 mart 2012. (fars.)
- Baba Kuhi Bakuvi
- Baba Kuhi Bakuvi. Həllacın həyatı və ölümü