Çin
Çin | |||||
---|---|---|---|---|---|
中华人民共和国 | |||||
| |||||
Himn: '义勇军进行曲' Çin Xalq Respublikası himni |
|||||
Tarixi | |||||
• Respublikanın qurulması | 1 yanvar 1912 | ||||
• Yenidən Xalq Respublikası elan olunması | 1 oktyabr 1949 | ||||
Rəsmi dilləri | |||||
Paytaxt | Pekin | ||||
İdarəetmə forması | Tək partiyalı sosialist Respublika | ||||
Prezident | Si Tsinpin | ||||
Baş Nazir | Li Tsyan | ||||
Birinci vitse-prezident | Han Çjen | ||||
Sahəsi | Dünyada 3-cü | ||||
• Ümumi | 9, 780.960 km² | ||||
• Su sahəsi (%) | 3,8 | ||||
Əhalisi | |||||
• Əhali | 1,415,500,000 nəfər (2-ci) | ||||
• Siyahıyaalma (2010) | 1,300,000,000 nəf. | ||||
• Sıxlıq | 145 nəf./km² (83-cü) | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 25.102 trilyon ABŞ dolları dollar (1-ci) | ||||
• Adambaşına | 17,943 $ dollar (77-ci) | ||||
ÜDM (nominal) | |||||
• Ümumi (2018) | 13.118 trilyon ABŞ dolları dollar (2-ci) | ||||
• Adambaşına | 9,376 $ dollar (74-cü) | ||||
İİİ (2015) | 0,738 (artış; 90-cı) | ||||
Demonim | Çinli | ||||
Valyuta | Çin yuanı | ||||
İnternet domeni | .cn, .公司[d] | ||||
ISO kodu | CN | ||||
BOK kodu | CHN | ||||
Telefon kodu | +86 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Çin Xalq Respublikası (ÇXR) yaxud Çin, köhnə mənbələrdə Xita (Köhnə Azərbaycanca: خطا)[1] — Şərqi Asiyada yerləşən tək partiyalı unitar dövlətdir.[2] Çin Kommunist Partiyası tərəfindən idarə olunan ölkə 22 əyalət, beş muxtar bölgə, dörd birbaşa idarə olunan bələdiyyə (Pekin, Tyantszin, Şanxay və Çuntsin) həmçinin Honkonq və Makao xüsusi inzibati bölgələrindən ibarətdir.
Çin Xalq Respublikası sahəsinin böyüklüyünə görə dünyanın 3-cü ölkəsidir. Əlverişli və geosiyasi mövqeyə malik olmaqla Mərkəzi və Şərqi Asiyada yerləşir. Çin Xalq Respublikası şimal-şərqdən və şimal-qərbdən 3645 km məsafədə RF ilə, şimal-şərqdən 1416 km məsafədə Şimali Koreya ilə şimal-qərbdən-1533 km məsafədə Qazaxıstanla, qərbdən-523 km məsafədə Pakistanla, 414 km-Tacikstanla, 76 km-Əfqanıstanla, cənub-qərbdən 3380 km məsaəfədə Hindistanla, 2185 km məsafədə Myanma ilə, 1281 km məsaəfədə Vyetnamla, 1236 km məsafədə Nepalla, 470 km məəsafədə Butanla, 423 km məsafədə Laosla, şimaldan 4673 km Monqolustanla, cənub -şərqdən Aominla (Makao) 34 km məsafədə sərhədə malikdir.
Şimali Çin ovalığı ərazisindən keçən Sarı çay hövzəsi insanlar tərəfindən ilk dəfə məskunlaşmış yerlərdən biri hesab olunur. Eramızdan əvvəl 21-ci əsrdən etibarən minilliklər boyunca Çin yarım əfsanəvi Sya sülaləsi və digər irsi monarxiyalar və xanədanlıqlar tərəfindən idarə olunmuşdur. Eramızdan əvvəl 3-cü əsrdə Tsin sülaləsi digər xanədanlıqlara qalib gələrək vahid Çin imperiyasının əsasını qoymuşdur. Onların ardınca hakimiyyətə gələn və eramızdan əvvəl 206-cı ildən eramızın 220-ci ilinə qədər ölkəni idarə edən Han sülaləsinin zamanında kağız və kompas kəşf olunmuş, kənd təsərrüfatı və tibb sahələrində irəliləyiş qeydə alınmışdır. Tan sülaləsinin hakimiyyəti dövründə (618–907) isə barıt və çap etmənin kəşf olunması nəticəsində Dörd böyük ixtira tamamlandı. Tan mədəniyyəti Böyük İpək yolu sayəsində Mesopotamiya və Afrika buynuzuna qədər geniş ərazilərə yayılmışdır. 1912-ci ildə baş vermiş Tsinxai inqilabı nəticəsində xanədanlıq hakimiyyətinə son qoyuldu və Tzin sülaləsi hakimiyyətdən düşdü. Çin vətəndaş müharibəsi 1949-cu ildə ölkənin parçalanması ilə nəticələndi. Ölkənin qitə hissəsində Çin Kommunist Partiyasının rəhbərliyi ilə Çin Xalq Respublikasının qurulduğu bir vaxtda Tayvan adasında Homindan partiyasının rəhbərliyi altında Çin Respublikasının yaradıldığı elan olundu. Hal-hazırda da Çin Xalq Respublikası və beynəlxalq ictimaiyyət tərəfindən məhdud səviyyədə tanınmış Çin Respublikası arasındakı münaqişə davam edir.
1978-ci ildə Çində qəbul edilmiş iqtisadi islahatlar nəticəsində Çin iqtisadiyyatı hər il orta hesabla 6 faizlik artımla dünyanın ən tez böyüyən iqtisadiyyatıdır.[3] 2016-cı ilə olan məlumata əsasən ÜDM-nin həcminə görə dünyada ikinci, alıcılıq qabiliyyəti pariteti göstəricisinə görə isə ilk yeri tutmuşdur.[4] Çin, həmçinin dünyada ən böyük ixracatçı və ikinci ən böyük idxalatçı hesab olunur.[5] Ölkə hazırda nüvə dövləti olaraq tanınır və dünyanın ən böyük ordusuna sahibdir.[6] Çin Xalq Respublikası BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Çin Şanxay Əməkdaşlıq Təşkilatı, Dünya Ticarət Təşkilatı, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı, BRICS və G20 də daxil olmaqla bir çox təşkilatın aparıcı üzvüdür. Ölkə dünya miqyasında potensial super güc hesab olunur.[7][8]
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]Çinin Yeri və ərazisi
[redaktə | mənbəni redaktə et]Geniş torpaqlarında zəngin təbii sərvətlərə sahibdir. Çinin ərazisi təxminən 9,6 milyon km2 və ya dünya ərazisinin 6,5%-nə bərabərdir. Çin torpaqlarının şimaldan cənuba uzunluğu təqribən 5500 kilometrdir və Mohe qəsəbəsinin şimalındakı Heilong çayının mərkəzindən (53030`) Nanşa adalarının ən cənubundakı Zengmu resifinə qədər (40) uzanır. Şimaldakı Heilongjiang bölgəsi qarlarla örtülüykən Cənubi Çin dənizindəki adalar tropik yay istisi ilə qovrulur.
Çinin ətraf dənizlər və adalar
[redaktə | mənbəni redaktə et]Çinin ətrafı şərqdə və cənubda Bohai, Huanqhai (Sarı Dəniz), Şərqi Çin və Cənubi Çin dənizləri ilə əhatə olunur. Bohai dənizi Çinin qitə dənizidir. Qalan dənizlər isə Sakit okean hövzəsində Çinin dəniz sərhədlərinin uzunluğu 32.000 km-dir.
Cənubdan Sakit Okeanın Cənubi Çin və Şərqdən Sarı və Şərqi Çin dənizlərinin suları ilə əhatələnmişdir. Okeanda yerləşən 5000-dən artıq adalar da Çinə aiddir. Onun sərhədinin ümumi uzunluğu isə 14 500 km-dən az deyildir. Çin dünyasının 15-ə qədər dövləti və ərazisi ilə sərhədə malikdir. Ölkənin ərazisi şərqdən-qərbə 5700 km, şimaldan cənuba doğru 3600 km məsafə uzanmışdır. Çin Xalq Respublikası ərazisinin nəhəng ölçüyə malik olması, böyük refionda mərəkəzi nöqteyi, dünya Okeanına açıqlığı geosiyası vəziyyətinin əlverişli olmasına dəlalət edir.
Çinin inzibati vahidləri
[redaktə | mənbəni redaktə et]Çin birbaşa mərkəzi hökumətin idarəsi altında olan 23 əyalətə, muxtar mahallar, muxtar qəzalar 5 muxtar bölgəyə (Daxili Monqolustan, Munaya-Xuy, Sintsizyan-Uyğur, Tibet, Quansi-Çjuan) və 4 bələdiyyəyə bölünmüşdür. Bu inzibati vahidlər 30 muxtar vilayət, 640 şəhər və 1716 rayon səviyyəsində inzibati vahiddən təşkil olunmuşdur. Rayon inzibati vahidləri 30000-dən çox qəsəbə və 17000-dən çox nahiyədən ibarətdir.
Çinin əsas şəhəri və paytaxtı
[redaktə | mənbəni redaktə et]Tarixi
[redaktə | mənbəni redaktə et]Dünyadakı ən qədim mədəniyyətlərdən biri olan Çin təqribən 4000 illik yazılı tarixə sahibdir. Yunnan əyalətindəki Yuanmouda çalışan antropoloqlar, Çində kəşfedilmiş ən qədim insanabənzər canlı olan və bu bölgədə təqribən 1.7 milyon il əvvəl yaşamış olan "Yuanmou adamının" qalıqlarını tapmışdılar. 400000 və ya 500000 il əvvəl müasir Pekinin cənub qərbindəki Zhoukoudianda yaşamış olan "Pekin Adamı", insanın əsas xüsusiyyətlərinə sahib idi.
Çin qədim zamanlar
[redaktə | mənbəni redaktə et]Çin ərazisindəki quldarlıq quruluşu eramızdan əvvəl 21ci yüzillikdə Şia (Xia) sülaləsinin qurulması ilə başlanır. Sonrakı Şanq (Shang) (e.ə 16–11-ci yüzilliklər) və Qərbi Cou (Zhou) (e.ə 11ci yüzillik — e.ə 770-ci il) dövründə quldarlıq sistemi daha da gücləndi. Bundan sonra quldarlıq quruluşu İlkbahar və Sonbahar dövrü sonra da Vuruşan Padşahlıqlar dövründə (vəya Şərqi Cou dövrü, e.ə 770 — e.ə 221) tədriclə feodalizm quruluşu ilə əvəz olunmağa başladı. Eramızdan əvvəl 221-ci ildə Çin xanədanının ilk imperatoru Tsin Şi Xuandi Vuruşan Padşahlıqlar dövründəki müstəqil dövlətləri vahid Çin süaləsi ətrafında birləşdirdi. Bu Çin tarixindəki ilk çox etnik qruplu, mərkəzi feodal dövlət idi. 1840-cı ilindəki Tiryək müharibələri zamanı Çin artıq 2000 illik feodal dövlət idi.
20 il davam edən "Sarısarıqlılar" üsyanı və digər amillər Çinin zəifləməsinə, Xan sülaləsinin devrilməsinə səbəb oldu. III əsrin əvvəllərində Çin xırda dövlətlərə parçalandı. Qədim Çin imperiyasının yerində bir-biri ilə düşmənçilik edən bir neçə dövlət yarandı. Bu zaman şimaldan türk xalqlarının hücumlarının arası kəsilmirdi. Dağınıq halda olan Çin bu hücumların qarşısını almaqda çətinlik çəkirdi.
Çində vahid dövlətin yaranması
[redaktə | mənbəni redaktə et]Suy sülaləsi
[redaktə | mənbəni redaktə et]Feodal münasibətlərinin inkişafı Çində yenidən vahid dövlətin yaranmasına səbəb oldu. Sərkərdə Yan Szyan Suy sülaləsinin əsasını (581–618) qoydu. Çanan şəhəri ölkənin paytaxtı oldu. İmperiya yenidən bərpa edildi. Çində dövlət feodalizmi mövcud idi. İmperator xidmət əvəzinə sərkərdələrə və məmurlara şərti torpaq sahələri paylayırdı. Həmin torpaqların sahibləri tədricən feodala çevrilirdilər. Çində o zaman iri feodallar "Güclü ailələr" adlanırdı. Onların əksəriyyəti kəndli torpaqlarını tutur, kəndliləri özlərindən asılı vəziyyətə salırdılar. Asılı vəziyyətə düşmüş kəndlilər töycü şəklində vergilər ödəyirdilər. 8-ci əsrdən etibarən feodallar dövlət torpaqlarını da zəbt etməyə başladılar.
Çində təsərrüfat inkişaf etmişdi. İmperatorun qərarı ilə Yantsızı və Xuanxe çaylarını, habelə dəniz sahillərini bu çaylarla birləşdirən Böyük Kanal çəkildi. Suyun sahilə çıxarılmasını təmin edən xüsusi qurğu ixtira edildi. İpəktoxuma dəzgahı təkmilləşdirildi.
Tan sülaləsi
[redaktə | mənbəni redaktə et]618-ci ildə Çində hakimiyyətə Tan sülaləsi gəldi. Bu sülalə ölkəni təqribən 300 il idarə etdi. Tan imperatoru ilahiləşdirilərək "Səma oğlu" adlandırılırdı. Tan sülaləsinin hakimiyyəti dövründə Koreya və Vyetnam Çinə tabe edildi. Çin ordusu Böyük İpək yolunun Mərkəzi Asiyayadək uzanan hissəsinə nəzarəti ələ keçirdi. Böyük İpək yolu Çinin Mərkəzi Asiya dövlətləri, Azərbaycan, İran və Bizansla ticarət əlaqələrini möhkəmləndirdi. Lakin 751-ci ildə ərəblərə məğlub olduqdan sonra bu yol ərəblərin nəzarətinə keçdi və Qərblə Çinin ticarətinə böyük zərbə vuruldu.
Çində ənənəvi olan çəltik, çay, şəkər qamışı, çini qablar, ipək istehsalı inkişaf edirdi. Çin Hind okeanı sahili ölkələri ilə dəniz vasitəsilə ticarət əlaqələri saxlayırdı.
Sun sülaləsi
[redaktə | mənbəni redaktə et]Monqol işğalı
[redaktə | mənbəni redaktə et]960-cı ildə Çində hakimiyyətə Sun sülaləsi gəldi. Sun sülaləsi dövründə daim kəndli çıxışları baş verir, ölkə qonşu dövlətlərin hücumlarına məruz qalırdı. 1215-ci ildə Böyük Monqol xanı Çingiz xanın qoşunları Şimali Çini tutdu. Monqollar uzun mübarizədən sonra Çini tamamilə özlərinə tabe etdilər. Çin Monqol imperiyasının əsas hissəsi oldu. Monqol imperatorluğunun paytaxtı Pekin şəhərinə köçürüldü.
Min sülaləsi
[redaktə | mənbəni redaktə et]14-cu əsrin ortalarında Çində monqol əsarətinə qarşı xalq hərəkatı nəticəsində ölkə yenidən azad oldu. Hakimiyyətə Min sülaləsi (1368–1644) gəldi.
Min sülaləsinin hakimiyyətinin ilk dövrlərində monqol feodallarından alınmış torpaqlar kəndlilərə paylandı. Kəndlilər üç il müddətinə bütün vergi və mükəlləfiyyətlərdən azad edildi.
Tacir və sənətkarlardan alınan vergilərin miqdarı azaldıldı. Bütün bu tədbirlər 15-ci əsrdə Çində təsərrüfatın inkişafına səbəb oldu.
16-cı əsrdə Min sülaləsinin işğalçı yürüşləri nəticəsində imperiyanın ərazisi xeyli genişləndi. Çin imperiyasının ərazisinə müasir Çinin daxili əyalətləri, habelə Mancuriya daxil idi. Koreya, Vyetnam və Tibet isə Çindən asılı vəziyyətdə idi.
Müasir dövr (1840–1949)
[redaktə | mənbəni redaktə et]1840-cı ildə Tiryək müharibələrinin başlanması Çin tarixində böyük dəyişikliyə yol açdı. XIX əsrin əvvəllərindən etibarən İngiltərə kontrabanda yolu ilə Çinə böyük miqdarda Tiryək ixrac etmiş və eləcə də Çin gümüşünü ölkədən çıxarmışdır. Bu Çinin iqtisadi zərərə uğramasına gətirib çıxardı. 1839-cu ildə Çinq(Qing) hökuməti Tiryək kontrabandasının yox edilməsi üçün Lin Ceşunu Quanqdonqa məmur təyin etdi. İngiltərə mənfəət gətirən bu kontrabandanı qorumaq üçün 1840-cı ildə Çinə müharibə elan etdi. Çin xalqı Lin Ceşu ilə birlikdə silaha sarılsa da Çinq hökuməti İngiltərəyə boyun əydi və alçaldıcı Nankin müqaviləsini imzaladı. Müqavilə Çini yarı feodal yarı müstəmləkə bir dövlətə çevirdi.
Çin XX əsrdə
[redaktə | mənbəni redaktə et]Şərq bloku |
---|
XX əsrin əvvəllərində Çin yarımfeodal ölkə olaraq qalırdı. Əhalinin çoxu mülkədarlardan asılı olan torpaqsız və aztorpaqlı kəndlilər idi. Kəndlilər, sənətkarlar, fəhlələr və milli burjuaziyanın ən cəsarətli hissəsi olan qabaqcıl ziyalılar Çindəki mütləqiyyət quruluşu əleyhinə çıxış edirdilər. 1905-ci ildə "Birləşmiş ittifaq" adlı gizli təşkilat yarandı. Bu təşkilata rəhbərlik edən Sun Yatsen 1906-cı ildə "Üç xalq prinsipi" adlanan müddəalarını irəli sürdü: millətçilik, demokratizm, xalq rifahı. Millətçilik prinsipi tezisində Mancur sülaləsinin təzyiqinə qarşı mübarizədə Çin xalqının birliyi ideyası öz əksini tapmışdı. Demokratizm prinsipinin məzmununu Çin demokratik respublikasının yaradılması təşkil edirdi. Sun Yatsen kəndlilərin istifadəsinə verilmək üçün torpaqların milliləşdirilməsinə çalışırdı. "Xalq rifahı" prinsipi də bunu ifadə edirdi. Sun Yatsenin prinsipləri xırda milli burjuaziya tərəfindən tamamilə qəbul edilirdi. Nəticədə 1906-cı ildən başlayaraq Çində kəndlilərin, qabaqcıl ziyalıların və milli burjuaziyanın çıxışlarının yeni dalğası başlandı. 1911-ci ilin oktyabrında Uçan şəhərindəki qabiliyyətli üsyan inqilabın başlanğıcı oldu. Üsyançılar şəhəri tutdular. Bütün Xubey əyaləti respublika elan edildi. 1911-ci ilin sonlarına yaxın Çinin bütün cənubi və mərkəzi əyalətləri artıq məncur əsarətindən azad edilmiş və üsyançıların hakimiyyəti altına keçmişdi. Antimonarxiya ruhlu bütün əyalətlərin nümayəndələrinin Nankində toplanmış konfransında Sun Yatsen respublikanın müvəqqəti prezidenti seçildi və 1912-ci il 1 yanvarda öz vəzifəsinin icrasına başladı. Liberal-mülkədarlar irticaçı general Yuan Şikayla sövdələşirdilər. 1912-ci ilin fevralında xüsusi fərmanla Tsin monarxiyası ləğv edildi. 1912-ci il 1 apreldə liberalların təzyiqi ilə üzləşən Sun Yatsen istefa verdi və irticaçı burjuaziyanın köməyi ilə Yuan Şikay respublikanın prezidenti seçildi. 1912-ci ilin avqustunda "Birləşmiş ittifaq" təşkilatı ilə bir sıra liberal təşkilatlar Homindan partiyasında (Milli partiyada) birləşdilər. Partiyanın sədrliyinə Sun Yatsen seçildi. 1913-cü ilin yayında ölkənin cənubunda mürtəce hökumətin siyasətinə qarşı "ikinci inqilab" adlandırılan üsyanlar baş verdi. Lakin xarici qoşunlar inqilabçıları darmadağın etməkdə Yuan Şikaya kömək etdilər. "İkinci inqilab" da məğlub oldu. 1911–1913-cü illərin Çin inqilabı qarşısında duran vəzifələrdən yalnız birini – monarxiyanı devirmək vəzifəsini yerinə yetirdi.
(1919–1949) Rusiyadakı Oktyabr inqilabından sonra marksizm ideologiyası Çinə yayıldı. Oktyabr inqilabının təsiri altında 1919-cu ildə məşhur 4 May Hərəkatı başladı. 1921-ci ildə ölkədəki bütün inqilabi qrupları təmsil edən Mao Tszedun, Donq Bivu, Çen Tançui, He Şuhenq, Vanq Cinmey, Denq Enminq və Li Da Şanxayda Birinci Milli Konqresi təşkil edərək Çin Kommunist Partiyasını qurdular.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Artıq 2 min ildir ki, Çin dünyanın ən çox əhaliyə malik ölkəsidir. İndi planetin əhalisinin hər beşdən biri Çin vətəndaşıdır. Çin Xalq Respublikasının əhalisi XX əsrin 60–70-ci illərində əhalinin təbii artımı həqiqətən "partlayış" xarakteri almışdı. Nəticədə əhalinin yaş tərkibi cavanlaşmış, əmək qabiliyyətlilərin sayı yarım milyard nəfəri ötmüş və onların sosial tələbatının təmin edilməsində ciddi problemlər yaranmışdır. Buna görə də ölkədə əhalinin təbii artımını məhdudlaşdıran fəal demoqrafik siyasət yürüdülür. Ölkənin əhalisinin 90%-dən çoxu çinlilərdir. Lakin buna baxmayaraq onu çoxmillətli ölkələr sırasına aid edirlər. Bunun da üç başlıca səbəbi vardır. Əvvəla azlıq təşkil edən etnik qrupların sayı 50-dən çoxdur (çjuanlar, monqollar, uyğurlar, tibetlilər və başqaları). Həm də onlar dörd dil ailəsi qrupuna mənsubdurlar. İkincisi, onların sayı 100 milyon nəfərdən çoxdur. Üçüncüsü isə milli azlıq təşkil edənlər ölkə ərazisinin yarıdan çoxunda (xüsusilə muxtar rayonlarda) məskunlaşmışlar. Ölkə üzrə əhalinin olduqca qeyri-bərabər yerləşməsi böyük təsərrüfat çətinlikləri törədir. Şərqdə, xüsusilə Böyük Çin düzənliyinin cənubunda əhalinin sıxlığı 1 km²-də 600 nəfərdən artıq olduğu halda, Tibet Muxtar rayonunda bu göstərici 1–2 nəfərə bərabərdir (ölkə üzrə əhalinin orta sıxlığı 1 km²-də 130 nəfərdir). Çində urbanizasiyanın səviyyəsi örta dünya göstəricisindən təxminən iki dəfə aşağıdır. Lakin dünyanın heç bir ölkəsində Çində olduğu qədər şəhərli (500 milyon nəfər) və milyonçu şəhər (40-dan çox) yoxdur. Şəhərlərin 90%-dən çoxu ölkənin şərq hissəsində yerləşir. Ən iri şəhərləri Şanxay, Pekin, Tyantszin və Şenyandır. 2010-cu ildə aparılmış siyahıya 2011-ci ilin aprel ayında elan olunmuş ilkin yekunlarına əsasən Çin XR-nın əhalisi 1,339,724,852 nəfərdir.[9]
Təbii artım
[redaktə | mənbəni redaktə et]İl | Doğum (1/1000 olaraq) | Ölüm (1/1000 olaraq) | Artım (1/1000 olaraq) |
---|---|---|---|
1949 | 36.00 | 20.00 | 16.00 |
1952 | 37.00 | 17.00 | 20.00 |
1957 | 34.03 | 10.80 | 23.23 |
1965 | 37.88 | 9.50 | 28.38 |
1970 | 33.43 | 7.60 | 25.83 |
1975 | 23.01 | 7.32 | 15.69 |
1980 | 18.21 | 6.34 | 11.87 |
1985 | 21.04 | 6.78 | 14.26 |
1990 | 21.06 | 6.67 | 14.39 |
1995 | 17.12 | 6.57 | 10.55 |
Çindəki Türk xalqları
[redaktə | mənbəni redaktə et]Çində 11 türk əsilli etnik qrup yaşamaqdadır : uyğurlar, qazaxlar, qırğızlar, salarlar, yuğurlar, abdallar, özbəklər, tatarlar, tuvalar, İli türkləri və Fuyu qırğızları. 2000-ci ildə aparılmış siyahıyaalmanın elan olunmuş rəsmi nəticələrinə əsasən Çində 8.399.393[10][11] nəfər uyğur, 1.250.458[12] nəfər qazax, 160.823[13] nəfər qırğız, 104.503[14] nəfər salar, 13.719[15] nəfər yuğur, 212.370 nəfər özbək və 40.890[16] nəfər tatar olmaqla 19.946.156 nəfər türk kökənli əhali yaşayır. Ölkədəki uyğur, qazax və qırğızların əksəriyyəti, həmçinin tuvalar Sintszyan-Uyğur Muxtar Rayonunda məskunlaşmışdırlar.
- Uyğurlar: Sintszyan-Uyğur Muxtar Rayonu
- Qazaxlar:
- Qırğızlar: özlərini "Kırqızdar" adlandırırlar, 2000-ci il siyahıya almasına əsasən Çində 160.823[13][17] (158,775 nəfəri Sintszyan-Uyğur Muxtar Rayonunun ərazisində yaşamışdır) nəfər qırğız məskunlaşmışdır. Sintszyan–Uyğur Muxtar Rayonunda yaşayan qırğızların əksəriyyəti — 124.533 nəfəri və ya 78%-dən çoxu Qızılsu-Qırğız Muxtar Dairəsinin (2000-ci il s.a.-na görə M.D. əhalisi 281.306 nəfəri uyğur, 124.533 nəfəri qırğız, 28.197 nəfəri çinli, 4.662 nəfəri tacik, 432 nəfəri dunsyan, 558 nəfəri digər millətlər olmaqla cəmi 439.688 nəfər olmuşdur.) Akto,[17] Akçi[17] və Vüqia[17] (türkcə əsl adı Uluqçat) qəzalarında, qalan 34.242 nəfər isə Aksu dairəsinin Uşi[17] (türkcə əsl adı Uçturfan) və Bayçen[17] (türkcə əsl adı Bay və ya Bəy) qəzalarında, İli-Qazax Muxtar Dairəsinin Çjaosu[17] (türkcə əsl adı Monqolkürə-dir, mənası uyğur dilində "Monqol Məbədi" deməkdir) və Tekes[17] qəzalarında yaşamaqdadır.
- Tuvalar: özlərini "Tıvalar" adlandırırlar, 1999-cu ilə aid olan tədqiqatlara görə Çindəki tuvaların sayı təxminən 2.400[18][19] nəfərdir. Öz milli dillərini və milli türklük şüurlarını qorumuşdurlar. Bununla belə onların 90%-i qazax dilində, 30%-ə qədəri də monqol dilində (kalmık dialekti) danışa bilir, həmçinin çin dilində yaza və oxuya bilirlər.[19] Sintszyan-Uyğur Muxtar Rayonunun İli-Qazax Muxtar Dairəsinin Altay qəzasında Burçun (ing: Burjin, uyğ: Burçin), Xabaxe (ing: Habahe, uyğ:Qaba), Fuyun (ing: Fuyun, uyğ: Köktokay) və Altay nahiyyələrində (Burçun nahiyyəsinin Xom və Xanas kəndlərində, Xabaxe nahiyyəsinin Aq Xava kəndində və Altay nahiyyəsinin inzibati mərkəzi olan Altay şəhərində) yaşamaqdadırlar.[19] Ehtimal olunur ki, siyahıyaalma zamanı tuvaların dil və mənşə tədqiqi aparılmadan monqollarla yemək, geyim, irqi görünüş və sairə kültür bənzərliyi əsas götürülmüş və onlar monqol olaraq qeydiyyata alınmışlar.[19]Haşiyə : Altay qəzasının ərzisi 118 min km²-dir, əhalisi 2000-ci il s.a.-na görə 561.757 nəfər olmuşdur : 288.612 nəfəri qazax, 229.984 nəfəri çinli, 22.166 nəfəri xuey, 10.068 nəfəri uyğur, 5.486 nəfəri monqol, 1.724 nəfəri dunsyan, 1.236 nəfəri tatar, 2.481 nəfəri isə digər millətlər olmaqla. Onlardan qazax, xuey (kökən olaraq çinlidirlər, keçmiş SSRİ-da elmi ədəbiyyatda onlar "dunqan" adlanırdılar, leksikasına xeyli ölçüdə türk dilinin karluk-çağatay-uyğur ləhçəsi təsir göstərmişdir), uyğur, dunsyan (monqol kökənli) və tatar etnik qrupları müsəlmandırlar.
- Salarlar: özlərini "Salır" adlandırırlar.[20] "Salar" bu etnik qrupun adının çin dilində deyiliş şəkilidir. Azərbaycan dilində düzgün deyilişi "salur"dur.[20] Çinin Tsinxay vilayətinin Xaydun dairəsinin Syunxua-Salar Muxtar Qəzasında[14] 63.859 nəfər (məlumat 2000-ci il s.a.-na aiddir: Syunxua-Salar MQ-da ümumi əhali 104.452 nəfər olmuşdur), Tsinxay vilayətinin Xaydun dairəsinin Xualun-Xuey Muxtar Qəzasında[14] 11.100 nəfər (məlumat 2000-ci il s.a.-na aiddir: Xualun-Xuey MQ-da ümumi əhali 213.716 nəfər olmuşdur), Qansu vilayətinin Linsya-Xuey Muxtar Dairəsinin Tszişişan-Baoan-Dunsyan-Salar Muxtar Qəzasında[14] 25.782 nəfər və Sintszyan-Uyğur Muxtar Rayonunun (tarixi adı Şərqi Türkistan və ya Uyğurustan) İli-Qazax Muxtar Dairəsinin inzibati mərkəzi İnin (əsl-keçmiş adı Güljə olmuşdur. Bu söz türkcə olub qazax dilində vəhşi dağ qoyununun iri erkəyini bildirmək üçün istifadə olunur) şəhərində[14] 3.762 nəfər salar türkü məskunlaşmışdır. Hazırda Çində 14 tümən yəni 140 min nəfər salar türkü yaşamaqdadır.[20] Tarixi məxəzlərə dayanılaraq ehtimal edilir ki, ipək ticarəti ilə əlaqədar Salarlar hazırda Çində yaşadıqları ərazilərə XIV əsrdə o zaman məskun olduqları Səmərqənd şəhəri yaxınlığından köç etmişdirlər, köçəri deyildilər, oturaq əhali idilər və əsasən ipəkçiliklə məşğul olurdular.[21] Salarlar etnik mənşə və danışdıqları ana dilləri etibarı ilə Türk dillərinin Oğuz yarımqrupuna daxildirlər.[22] Hazırda salar dilini demək olar ki, bu etnik qrupun bütün fərdləri, həmçinin etnik salarların çoxluq olduqları bölgələrdə ətrafda yaşayan türk olmayan digər dillərin daşıyıcıları da (xüsusiylə kişilər) bilirlər.[14] Adətən salarlar ana dillərindən əlavə bir və ya bir neçə dildə danışa bilirlər. Beləki onların böyük bir qismi uyğur və çin dillərində, çox az hissəsi isə tibet dilində danışmağı bacarır.[14] Salar dili iki dialektə sahibdir: cizi və menqda. Cizi dialekti salarcanın qrammatikasında standart olaraq qəbul edilir.[14] Leksikasına nəzər salınarkən uyğur və qazax dillərinin təsiri hiss edilir. Salarlar X əsrdən başlayaraq XX əsrin sonlarınadək ərəb əlifbası əsasında hazırlanmış türk əlifbasından istifadə etsələr də, 1969-cu ildən 2008-ci ilədək Uyğur Latın Əlifbasından, 2008-ci ildən bəri isə salar dilinə uyğunlaşdırılmış yeni latın əlifbasından (salarca : Salır Latin Oğuş), həmçinin ölkədə rəsmi olan çin əlifbasından istifadə edirlər.[23] (Salır Latin Oğuş: Aa Bb Cc Çç Dd Ee Ff Gg Ğğ Hh Iı İi Kk Ll Mm Nn Ññ Oo Öö Pp Qq Rr Ss Şş Tt Uu Üü Vv Xx Yy Zz)[24] Dindarlarının əksəriyyəti İslam dininə (süni və sufi) etiqad etməkdədir, fərdlərinin təxminən 52%[14] oxuyub-yazmağı bacarır.
- Fuyu qırğızları: eyniylə tuvalar kimi müsəlman olmayan türk kökənli topluluq olub Mancuriya vilayətində Qiqihaer rayonunun Fuyu nahiyyəsindəki bir neçə kənddə yaşamaqdadırlar. 2000-ci ilə olan təxminə əsasən sayları 1.000 nəfər ətrafındadır. 35 yaşdan aşağı olanların demək olarki, 90%-i öz dilini bilmir və ya bu dildə çox az söz başa düşür, gündəlik həyatda əsasən monqol və çin dilindən istifadə edirlər. Daha yaşlı nəsil ilə aparılmış sorğu anketlərinə əsasən fuyu qırğız dilinin xakas dili ilə olduqca yaxın olduğu qənaətinə varılmışdır. Ehtimal olunur ki, fuyu qırğızlarını hazırkı yaşadıqları yerlərə bu bölgədə yaşayan monqollarla birlikdə 18-ci əsrdə Çində hakimiyyətdə olan Mancur əsilli xanədanlıq hazırkı Şimali Monqolustan ərazisindən köçürüb gətirmişdir və ehtimal olunur ki, hazırda Fuyu bölgəsində monqollar içərisində asmilə olmuş minlərlə fuyu qırğızı vardır. Ancaq onlar artıq öz milli şüurunu itirmişdirlər.
- Abdallar: özlərini "Əynülər" adlandırırlar, sayları 1996-cı ilə olan təxminə əsasən 30,000[25] nəfərdir. 2000-ci il s.a. zamanı uyğur olaraq qeydə alınmışdırlar. Rusiya FR-da və Yaponiyada yaşayan "Ayn" etnik qrupuyla eyni deyillər.[26]
- İli türkləri: Milli təsnifata görə özbək əsilli hesab edilirlər.[27]
Din
[redaktə | mənbəni redaktə et]Çin, din baxımından böyük rəngarəngliyə malik ölkədir və 100 milyondan artıq insan fərqli dinlərə inanmaqdadır. Başlıca dinlər arasında Buddizm, İslam, Katoliklik, Protestantlıq, Çinin yerli dini olan Taoizmlə bərabər, Şamanizm, Şərqi ortodoks xristianlığı və Naşi(Naxi) xalqının Donqba dini vardır.
Azsaylı dinləri Xristianlıq (3–4% / 40–54 milyon), İslam (2–3% / 30 milyon), Hinduizm, Dongbaizm, Bon və bəzi digər kiçik təriqət və qruplardır.
2005-ci ildə edilən bir araşdırmaya görə əhalinin 14%-i (180 milyon) özünü ateist olaraq tanımaqdadır.
Buddizm 1-ci əsrdən etibarən Çində ən böyük din olaraq qalmağı bacarmışdır. Buddizmin ölkədə bu qədər çox yayılmasına baxmayaraq, Çin əhalisinin əksəriyyəti heç bir dinə inanmır. Çində yaşayan ümumi buddistlərin sayı isə 102 milyon nəfərdən çoxdur. Çin Xalq Respublikası əhalisinin 30%-i isə yerli dinlər və Daosizmə inanır. Əhalinin 18%-i buddist, 4%-i xristian, 2%-i isə müsəlmandır. Əhalinin 42%-i isə özünü aqnostik və ya ateist olaraq adlandırır.
Dillər
[redaktə | mənbəni redaktə et]Han xalqının dili olan Çincə Sino-Tibet vəya Han-Tibet dil ailəsinə mənsubdur. Çində ən çox istifadə olunan dildir və dünyada ən çox danışılan dillərdən biridir. Yazılı Çincə 6000 il əvvəl meydana gəlmişdir. Bu gün istifadə edilən Çin ideoqramları və loqoqramları 3000 il əvvəldən sümük və tisbağa qınına daha sonra da bürünc üzərinə yazılan işarələrdən əmələ gəlmişdir.
Çində əhali 292 dildə danışır. Çin-Tibet dil ailəsinə aid olan Mandarin dili ölkə əhalisinin 70%-nin danışdığı dildir.
İqtisadiyyatı
[redaktə | mənbəni redaktə et]Sosializm quruculuğu illərində (1949-cu ildən bəri) Çin Xalq Respublikası çətin və ziddiyyətli tarixi yol keçmişdir. Ayrı-ayrı dövrlərdə əldə edilən iqtisadi nailiyyətlər böhran ilə əvəz olunmuş və nəticədə əhalinin həyat səviyyəsi çox ləng yüksəlmişdir. Yalnız 70-ci illərin axırlarında ölkə böhran vəziyyətindən çıxmışdır. Ölkədə sosializm quruculuğunun təkmilləşdirilməsi məqsədilə aşağıdakı dörd modernizasiya proqramı irəli sürülmüş və həyata keçirilmişdir.
- Sənaye
- Kənd təsərrüfatı
- Müdafiə
- Elm
Bu proqram Çini mərhələlər üzrə XXI əsrin ortalarınadək yüksək inkişaf etmiş sosializm dövlətinə çevirmək məqsədini güdür. Son illə dünya təsərrüfatında Çinin rolu xeyli artmışdır. 80-ci illərin əvvəllərindən başlayaraq Çin iqtisadiyyatının artım sürətinə görə dünyanın ən böyük dövlətləri arasında birinci yeri tutur. 1979–2000-ci illər ərzində ölkənin ümumi milli məhsulunun orta artım göstəricisi 8% olmuşdur. İndi Çin Asiyanın iqtisadi tərəqqisinin lokomotivlərindən birinə çevrilmişdir. Onun iqtisadiyyatının belə sürətli inkişafına ölkənin ictimai həyatında aparılan əsaslı mütərəqqi dəyişikliklər, iqtisadiyyatın bütün sahələrində həyata keçirilən islahatlar (xarici kapitalın axınına şərait yaradılması, azad iqtisadi bölgələrin yaradılması və s.), ayrı-ayrı iqtisadi sahələrdə daha çox maddi nemətlər bolluğu yarada bilən istehsal münasibətlərindən (dövlət, kooperativ və xüsusiyyətçilik) istifadə olunması təsir etmişdir. Belə sürətli inkişaf əhalinin həyat səviyyəsini bir qədər yaxşılaşdırmışdır. Son illər ölkədə Yerin süni peyklərinin buraxılışı üçün raket-kosmik sənayesi sürətlə inkişaf edir. Çin 2008-ci ildə ilk dəfə öz kosmonavtını açıq kosmosa göndərməklə Rusiya və ABŞ-dən sonra bu göstəricini əldə edən üçüncü dövlət olmuşdur. Çin daş kömür hasilatına, sement, polad, alüminium, velosiped, tikiş və paltaryuyan maşınlar, pambıq parça istehsalına görə dünyada birinci yeri tutur. İndi Çin əhalinin ərzaq məhsullarına olan tələbatını təmin edir, bu da belə çoxsaylı dövlət üçün böyük nailiyyətdir.
Kənd təsərrüfatı
[redaktə | mənbəni redaktə et]Kənd təsərrüfatı üçün təbii şərait ilk əvvəl ölkənin relyef və iqlim xüsusiyyətlərilə müəyyən edilir. Təbii şəraitə görə ölkənin qərbi və şərqi arasında olduqca böyük fərqlər var. Çinin dənizkənarı hissəsi, şimal-şərqindəki ovalıqlar, təpəli düzənliklər və maili alçaq dağ yamacları mülayim iqlim kənd təsərrüfatı üçün daha əlverişlidir. Qərbin dağlıq relyefi (Tyanşan, Himalay, Kunlun, Tibet), yarımsəhra və səhraları (Təklə-Məkan), kəskin kontinental iqlimi, yağıntının azlığı kənd təsərrüfatının (xüsusilə əkinçiliyin) inkişafını xeyli çətinləşdirir. Çin ərazisinin 90%-dən çoxu Şimal yarımkürəsinin mülayim qurşağında və yalnız ucqar cənubu subtropik qurşaqda yerləşir. Şərq hissəsində musson iqlimdir. Buna görə də əkinçilik bir çox ərazilərdə süni suvarma tələb edir. Kənd təsərrüfatı Çin iqtisadiyyatının mühüm sahəsidir. Bu sahə nəinki 1 milyarddan artıq əhalini ərzaq məhsulları ilə, yeyinti və yüngül sənaye sahələrinin xammal ilə təmin edir, hətta bəzi məhsullarını ixrac da edə bilir. 80-ci illərdən başlayaraq kənd təsərrüfatında Xalq kommunası adlanan tipdən ailə icarədarlığı sisteminə keçid bu sahədə məhsul istehsalının xeyli artmasına səbəb olmuşdur. Kənd təsərrüfatının başlıca sahəsi əkinçilikdir. Taxıl bitkiləri ümumi əkin sahələrinin 4/5 hissəsini tutur. Çinlilərin qidasında mühüm rol oynayan çəltik başlıca olaraq ölkənin cənubunda və Yanszı vadisində yetişdirilir. Çində çəltik samanından yem kimi heyvandarlıq və quşçuluqda, kağız, həsir, ip və s. hazırlanmasında istifadə olunur. Su ilə örtülmüş çəltik sahələrində balıq yetişdirilir. Buğda Çin düzənliyində, Xuanxe hövzəsində, pambıq Xuanxe hövzəsində, çay ölkənin cənub-şərqində və cənubunda becərilir. Təbii şəraiti imkan verən hər yerdə kartof, batat, tərəvəz, meyvə və tütün becərilir. Kənd təsərrüfatı məhsullarının 60%-i ölkənin şərqində istehsal edilir.
Kənd təsərrüfatında heyvandarlıq ikinci dərəcəli rol oynayır. Lakin mal-qaranın sayına görə Çin dünyada birinci yeri tutur. Şərqdə saxlanılan qaramalın 2/3 hissəsindən iş heyvanı kimi istifadə olunur. Ət məhsullarının 80%-dən çoxunu donuzçuluq verir. Daxili Monqolustan, Sintszyan-Uyğur muxtar rayonlarında köçəri və yarımköçəri ekstensiv otlaq heyvandarlıq üstünlük təşkil edir. Yanszı çayı hövzəsində, həm də şimal-şərqdə və Şandun yarımadasında baramaçılıq inkişaf etmişdir.
Təbii şərait və təbii ehtiyatlar
[redaktə | mənbəni redaktə et]Ərazi relyefinin 85%-i dəniz səviyyəsindən 500 metr, xeyli hissəsi isə 1000 metr hündürlükdə yerləşir. Səth quruluşunun meyilliliyi qərbdən şərqə doğru tədrici olaraq alçalır. Təbii şəraitin aparıcı elementi olan relyefin 2/3 hissəsini dağlıq və 12 %-i düzənlik sahələr təşkil edir. Cənub-qərbdə orta hündürlüyü 4500 m-dən az olmayan (dünyada ən hündür), sahəsi 2,3 min. km² təşkil edən Şinxay-Tiğet yaylası yerləşir. Qərbdən enlik istiqamətində bir sıra dağ silsilələri şərqə doğru istiqamət almışdır. Şimalsan isə Monqol Altayının tipləri əraziyə daxil olur. Cənubdan Nepal sərhədində məşhur hiçalayın dümyada ən hündür zirvəsi hesab edilən Comolunqma-8842 m yerləşir. Himalayla yanaşı Çinin şimal sərhədində biri-birinə paralel uzanan Tyanşan, Atıntağa, Kunhun və bir sıra digər dağlar ərazinin səth quruluşunu daha da mürəkkəbləşdirir. Göstərilən dağlar arasında Cunqari, Tarim və başqa düzənliklər ölkədə kənd təsərrüfatının inkişafına xidmət edir. Tyanşanın şərq hissəsində-154 m dəniz səviyyəsindən alşaqlıqda Turfan depressiyası mövcuddur. Ölkənin şərqində düzənliklər çoxda hündür olmayan yaylalar, orta hündürlüyə malik olan dağlar relyefə mürəkkəblik gətirirlər. Çin dünyada təbii sərvətlərlə zəngin olan dövlət kimi tanınır. Kömür, qara və əlvan nadir metal filizləri , mədən kimyası və qeyri filiz ehtiyatlarına görə dünya əhəmiyyəti kəsb edir. Kömür ehtiyatları ölkənin hər yerində aşkarlansa da başlıca yataqlar Şimal və Şimal-Şərq rayonlarındandır. Filiz ehtiyatlarına görə Çin fərqlənir. 13,0 mlrd.ton dəmir filizi ehtiyatının olması Çini dünyada 3-cü yerdə saxlayır.
Meşə örtüyü
[redaktə | mənbəni redaktə et]Meşə örtüyü dağlıq ərazilədə üstülük təşkil etməklə 162 mln. ha-dan artıq deyildir. Əhəmiyyətli ağac növləri mövcuddur.Yansızı şayı hövzəsindən cənubdan, habelə Siçuan vadisində qırmıəzı torpaqlar geniş əraziyə malik olmaqla çəltik becərilməsində istifadə olunur. Şimali və Şimal-Qərbi Çində yayılan şabalıdı torpaqlar payızlıq buğda,, lobya, kartof becərilməsi üçün yararlıdır. Ərazi torpaqları eroziyaya çox məruz qalmışdır.
Yanacaq-energetika kompleksi
[redaktə | mənbəni redaktə et]Yanacaq-energetika kompleksi əsasını yerli ehtiyatların mövcudluğu təçkil edir. Yanacaq-energetika balansında kömür-75%, neft-17%, qaz-20%, elektrik enerjisi-6% yer tutur. Ən ucuz və keyfiyyətli yanacaq növü təbii qazdır. Müasir Çində dənizin şelf zonasında da qaz yataqları aşkarlanmışdır.
YEK-də elektroenergetika
[redaktə | mənbəni redaktə et]YEK-də elektroenergetika xüsusi yer tutur. Çünki elektrik enerjisi hasilatında dünyanın 2-cisi hüsab edilən Çində hər ikl −1,4 trln kvtsaata qədər məhsul əldə edilir. Mövcud elektrik stansiyalarının gücü 200mln. kvt-i keçmişdir. Onun İES, SES, AES, GeoİES, GES,QES,KES növləri istehlaka xidmət edirlər. Atom enerjisindən istifadə etmək Çinə son illərədə nəsib olmuşdur.
Metallurgiya kompleksi
[redaktə | mənbəni redaktə et]Çində qara melallurgiya kəmiyyət və keyfiyyətinə görə seçilir. Çində qara metallurgiya 1500-dən artıq tam və natamam dövriyyəli müəssisələrdə fəaliyyət göstərir. İkinci qara melallurgiya bazası Şimali Çində yerləşməklə Pekin, Tyantsin, Tanşan iri zavodları ilə tanınır. Üçüncü qara metallurgiya bazası Şimali Çinin Daxili Monqolustan Muxtar rayonunda yerləşən Baotoda fəaliyyətdə olan iri metallurgiya zavodu sayılır.
Əlvan metallurgiya
[redaktə | mənbəni redaktə et]Əlvan metallurgiyanın inkişaf etdirilməsi üçün əlverişli yerli təbii imkanar mövcuddur. Boksit,polimetal filizləri, tələbat çində aliminum, mis, qalay, qurğuşun, volfram kimi əlvan metalları istehsalını gündən-günə daha da artırır. Əlvan metallurgiyanın başlıca müəsissələri Şimali-Şərqi Çində, Mərkəzi Çində, Şanxayda fəaliyyət göstərir.
Maşınqayırma və metalemalı
[redaktə | mənbəni redaktə et]Maşınqayırma və metalemalı çoxçeşidliyi ilə seçilir. Məhsulların içərisində ağır sənaye avadanlıqları və toxuculuq sənayesinə gərək olan maşınlar üstünlük təşkil edir. Şimali Çində ağır maşınqayırmanın dağ-mədən avadanlıqları, Şimali-Şərqi Çindıə ağır maşınqayırmanın bir başqa növü (xarbində, Senyanda) istehsalı müəssisləri vardır. Ən böyük dəzgahqayırma müəssisələri Şimali-Şərqi, Çinin Çenyan, Dalyan şəhərlərində, eləcə də Yansızı çayının mənbələrinə yaxın — Şanxay, Mankin, Usi şəhərlərində, habelə Pekində mövcuddur.
Kimya sənayesi
[redaktə | mənbəni redaktə et]Kimya sənayesi yerli xammallara əsaslanır. Onun mineral kübrə, polimerlər, kimyəvi lif, etilen, plastik kütlə, sintetik və təbii kauçuk, əczaçlıq məhsulları kimi sahələri vardır. Mineral gübrə istehsalına görə o dünyada 1-ci (28 mln.) kimyəvi lif buraxılışına görə 2-ci yeri tutur.
Meşə sənayesi
[redaktə | mənbəni redaktə et]Meşə sənayesinin daha da inkişaf etdirilməsi üçün hələ fedalizm dövründən onun ehtiyatı istifadə olunmaqdadır. Burada tut ağaclarının olması ölkədə ipəkçiliyin inkişafına hələ qədimdən təsir etməkdədir. Cubtropik ağac növü olan fındıq, kamfora, boya, BAMbuk, tis və başqa ağaş növləri meşələrin tərkibini daha da zənginləşdirir. Ölkənin əsasən cənum şərqində yayəlan tut bağlarından ildə 5–6 dəəfə yarpaq toplanaraq barama qurdlarının yeminə göndərilir.
Yüngül sənaye
[redaktə | mənbəni redaktə et]Yüngel sənayenin toxuma, trikotaj, gön-dəri ayaqqabı sahələri də əsasən istehlak rayonlarında fəaliyyətdədir. Dünyada ayaqqabının −40% Çin verir. İldə dünyala 4,0 mlrd cüt ayaqqabı əhalinin istehlakına verilir. Çin Qərbi Avropa bazarının idman və ev ayaqqablarına olan tələbatının 25% ödəyir. Yun parça toxumasındada Çinin özünün xüsusi yeri vardır.
Nəqliyyat
[redaktə | mənbəni redaktə et]Çin ərazisinin böyük hissəsini tutan dağlıq relyef, səhra və dağ-meşə rayonları quru yol nəqliyyatı üçün o qədər də əlverişli deyildir. Əsasən enlik istiqamətində axan çaylarının əksəriyyətinin aşağı hissələri, gölləri, Böyük kanal (uzunluğu 1700 km), həm də Çini əhatə edən dənizlər demək olar ki, bütün il boyu gəmiçilik üçün yararlıdır. Nəqliyyatın daha sıx şəbəkəsi ölkənin şərq hissəsindədir. Yük və sərnişin daşınmasının təxminən yarısı dəmir yollarının payına düşür. Lakin yükdaşımada onun payı tədricən azalır, dəniz, avtomobil, boru kəməri, hava nəqliyyatının payı isə artır. Dünya əhəmiyyətli ən iri portu Şanxay portudur. Qərb rayonlarında yük heyvanlarından geniş istifadə olunur.
Silahlı qüvvələr
[redaktə | mənbəni redaktə et]1 avqust 1927-ci ildə Nançanda Homindançılara qarşı Kommunistlər (general Cu Qenin başçılığı ilə) üsyan qaldırdı. Bu tarix çinlilər tərəfindən milli-azadlıq ordusunun yaranması kimi qəbul edilir. 1946-cı ilin yayından etibarən Çin Xalq Azadlıq Ordusu adlanmağa başlayır. Buna qədər İşçi-Kəndli İnqilab ordusu, İşçi-Kəndli Qırmızı ordu, 8-ci ordu və Yeni Dördüncü Korpus kimi adlanırdı. 1949-cu il Çin Xalq Respublikasının yaranmasından sonra isə ÇXR-in silahlı qüvvələri Xalq Azadlıq Ordusu adlanmağa başladı. Bu ordu dünyanın ən böyük ordusudur. Uniformaları generallarda və əsgərlərdə eyni yaşıl rəngdədir. Bunun sayəsində ordu içində rütbələrin olmadığı düşünülür. Bunun səbəbi haqda ordu tərəfindən rəsmi açıqlama verilməmişdir. Əsgərlərin papaqlarının ön tərəfində kommunizmin emblemi olan qırmızı ulduz vardır. ÇXAO-nun əsgəri heyət sayına görə dünyada birinci yerdədir. Bunun səbəbi əhalinin sayının çox olması və hərbi xidmətin ölkədə çox pristijli fəaliyyət hesab edilməsidir. ÇXAO-na Mərkəzi Hərbi Komissiya (MHK) rəhbərlik edir (ona hərbi sahədə qanun yaratmaq hüququ verilib), hansıki rəsmən partiyadan ayrı fəaliyyət göstərir və yalnız Milli Xalq Konqresinə hesabat verir. MHK-ya və Çin Kommunist Partiyasına (ÇKP) bir qayda olaraq eyni şəxs rəhbərlik edir. Bu orqanların tərkibi 1982-ci il konstitutsiyasına əsasən gizli saxlanılır. Eyni zamanda MHK-nın sədri vəzifəsi de-fakto olaraq ÇKP-də ən mühüm vəzifə sayılır. Yalnız bu vəzifəyə sahib olan şəxs ölkənin tamhüquqlu lideri sayıla bilər. ÇKP-nin Mərkəzi Komitəsinin, tərkibinin 20%-ni yüksək və orta rütbəli hərbçilər təşkil edir. ÇXAO ÇKP-nin rəhbərliyinin nəzarəti altındadır və yalnız xarici aqressiyaya qarşı müdafiə üçün deyil, eyni zamanda daxili problemləri həll etmək üçün polis vəzifəsini yerinə yetirir. Bunun üçün 1982-ci ildə Silahlı Milis Qüvvələri (SMQ) yaradılmışdır. SMQ-nin tərkibinə 1.5 milyon heyət daxildir. Onun tərkibinə ÇXAO-nun bir hissəsi və bir neçə piyada diviziyası daxildir. SMQ Mərkəzi Hərbi Şura ilə yanaşı, eyni zamanda Dövlət Şurasına tabedir. Kişilər üçün hərbi xidmətə çağırış 18 yaş müəyyən edilmişdir. Hərbi xidmət müddəti 2 ildir. Könüllülər Qanuna əsasən 49 yaşa qədər xidmət edə bilər. 50 yaşa qədər olan kişilər ehtiyat qüvvə hesab olunur. Müharibə dövründə 350 milyon insan silahlanmağa qadirdir. Orduya çağırışçı ehtiyatlarının həddən artıq çox olması, çağırışçıları seçim əsnasında aparılmasına imkan verilir, bu da hərbi rəhbərliyə ən yaxşılarını yəni, daha yüksək keyfiyyətlərə malik olanlarla müqavilə bağlamağa şərait yaradır. Xidməti müqavilə, 3 ildən 30 ilə kimi bağlana bilər. Hərbi xidmət müddəti, 18–35 yaş arası müəyyən edilmişdir. Əsgərliyə çağırılmayanlar ordunun ehtiyat qüvvəsi hesab olunur və xalq milis ordusunda qeydiyyata alınır, hansı ki, onların ümumi sayı 36.5 milyon nəfərdir. Onlar ÇXAO-nun tərkibində təşkil olunmuş, partizan hərəkatının döyüşə hazır ehtiyat qüvvəsi hesab olunur. Hazırda Çin ordusunun sayı təxminən 2,3 milyon nəfərdir. ÇXAO sayına görə dünyada birincidir. İkinci yerdə isə 1,5 milyon şəxsi heyətlə ABŞ ordusu gəlir. Şəxsi heyətin sayının azaldılması, ordunun daha da müasir və yüksək texnologiyalı edilməsi üçün aparılan islahat çərçivəsində həyata keçiriləcək. İxtisar ilk növbədə quru qoşunlarında olacaq. Çin eyni zamanda Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrinin sayını artırmağa hazırlaşır. Bəzi məlumatlara görə bu qoşun növlərinə ancaq ali təhsilə malik şəxsləri cəlb edəcəklər.
Çin ordusunun zəif tərəfi onun köhnəliyindədir, yəni ordudakı əsas texnikalar Sovet ordusunun XX əsrin 50–60-cı illərin texnikalarının əsasında hazırlanıb (tankların 70%, hərbi təyyarələrin isə 80% dən çoxu), buna görə də müasir tələblərə cavab vermir. Buna baxmayaraq son zamanlar Çin sürətlə öz ordusunun, maddi-texniki bazasının keyfiyyətini artırmaqdadır. Misal olaraq Rusiyadan alınan müasir tankları göstərmək olar. Bundan əlavə, Avropa və Rusiya texnologiyaları əsasında öz daxili silah istehsalını həyata keçirir (məs: T-96 tankları, J-10 qırıcı təyyarələri). Çin bütün leqal və qeyri-leqal yollarla Qərbdən və Rusiyadan ən müasir texnologiyaları əldə edir. Bəzi ekspertlər bildirir ki, 2002-ci ildən bəri Çin öz texnologiyalarını sürətlə inkşaf edirməkdədir, hətta bəzi göstəricilərinə görə Rusiyanı qabaqlayır. Çinin hərbi büdcəsi son 20 il ərzində ardıcıl olaraq hər il artıb və nəticədə hazırda bu ölkə müdafiə büdcəsinin həcminə görə dünyada ABŞ-dən sonra 2-ci yerə çıxıb. ÇXR hərbi qüdrətini artırmaqda davam edir. Belə ki, ölkənin hərbi büdcəsi cari 2012-ci ildə 11,2 faiz artaraq 106,4 milyard dollara çatıb. Rəsmi Pekin hamını əmin edir ki, qlobal hərbi liderliyə can atmır və hərbi büdcənin artırılması ÇXAO-nun qarşısında dayanan cari məsələləri həll etmək istəyilə bağlıdır. Çinin hərbi sənayəsi, hərbi təyyarədaşıyan gəmi, stels texnologiyalı gözə görünməz hərbi təyyarələrin, kosmik orbitdəki peykləri vurub sala bilən raketlərin istehsalı kimi istiqamətləri də əhatə edir. Çinin artan hərbi qüdrətini balanslaşdırmaq üçün, ABŞ ötən 2011-ci ildə regionda hərbi mövcudluğunun genişlənməsinə çalışıb. Vaşinqton hər il hərbi məqsədlər üçün $740 mlrd vəsait xərcləyir. Region boyu yerləşdirilmiş ABŞ hərbi bazalarında minlərlə qoşun saxlanmaqdadır. Rəsmi Pekin Vaşinqtonun regionda artan hərbi nüfuzundan narahatdır. Çin hesab edir ki, ABŞ Çini mühasirəyə almaq istəyir. Pekinin Vyetnam, Fillipin və Yaponiya ilə uzun müddətdir ki davam edən ərazi çəkişmələri var. Bundan əlavə Çin Tayvanı öz ərazisi hesab edir və bu ölkə ilə sərhəddə Tayvana istiqamətləndirilmiş yüzlərlə raket yerləşdirib.[28]
Pentaqona görə Çin ordusu 21-ci əsrin ən böyük təhlükəsidir.
Siyasi sistemi
[redaktə | mənbəni redaktə et]Çin formal çoxpartiyalı sistemə malik sosialist dövlətidir. Ən güclü partiya olan Çin kommunist partiyasından əlavə 8 partiya da mövcuddur. Bunlar demokratik partiyalar qrupunu təşkil edir və aşağıdakılardır.
- Kuomintanq Çin İnqilabi Komitəsi (Homindan)
- Çin Demokratik Birliyi
- Çin Demokratik Milli Qruplaşma Birliyi
- Çin Demokratik İnkişaf Birliyi
- Çin Kəndli və Fəhlə Demokratik Partiyası
- Çin Zhi Gong Dang
- Jiusan Dərnəyi
- Tayvan Demokratik Muxtar Birliyi
Çinin siyasi sisteminin qapalı olması iqtisadi sisteminin də qismən qapalı olmasına səbəb olur. Belə ki, Çin xarici malların və xidmətlərin ölkəyə idxalına ciddi nəzarət edir. Çin bunu bütün sferalarda, hətta internet saytların və xidmətlərin ölkə ərazisində istifadəsinə də tətbiq edir. Bu məsələ Google və Mərkəzi Avropa Universitetinin təşkil etdiyi "Azadlıqda İnternet 2010" tədbirində (20–22 sentyabr, Budapeşt, Macarıstan) geniş müzakirə olunub.[29]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Sultan-Məcid Qənizadə, Azərbaycanca-rusca lüğət (Татарско-русский словарь), 1904, Bakı (s.56)
- ↑ "The World Factbook — Central Intelligence Agency". www.cia.gov. 2014-02-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-08-23.
- ↑ "GDP growth (annual %)". World Bank. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 avqust 2018.
- ↑ "Arxivlənmiş surət". World Bank. 2022-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 avqust 2018.
- ↑ White, Garry. "China trade now bigger than US". Daily Telegraph. London. 10 fevral 2013. 2022-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 avqust 2018.
- ↑ "The Korea Question: China's Economic Future at the Brink of Nuclear Conflict". Trade Finance Global. 12 fevral 2018. 2022-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 avqust 2018.
- ↑ Muldavin, Joshua. "From Rural Transformation to Global Integration: The Environmental and Social Impacts of China's Rise to Superpower". Carnegie Endowment for International Peace. 9 fevral 2006. 2017-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 avqust 2018.
- ↑ "A Point Of View: What kind of superpower could China be?". BBC. 19 oktyabr 2012. 2022-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 avqust 2018.
- ↑ National Bureau of Statistics of China :Press Release on Major Figures of the 2010 National Population Census Arxivləşdirilib 2011-09-10 at the Wayback Machine
- ↑ "Ethnic Minority Elites in China's Party-State Leadership: An Empirical Assessment" (PDF). 2021-08-30 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2012-04-16.
- ↑ China.org.cn :The Uygur ethnic minority Arxivləşdirilib 2022-03-18 at the Wayback Machine
- ↑ China.org.cn : The Kazak ethnic minority Arxivləşdirilib 2022-08-07 at the Wayback Machine
- ↑ 1 2 China.org.cn : The Kirgiz ethnic minority Arxivləşdirilib 2022-08-07 at the Wayback Machine
- ↑ 1 2 3 4 5 6 7 8 9 Ethnologue.com :report for language code:slr Arxivləşdirilib 2008-09-18 at the Wayback Machine
- ↑ China.org.cn :The Yugur ethnic minority Arxivləşdirilib 2007-03-14 at the Wayback Machine
- ↑ China.org.cn :The Ozbek ethnic minority Arxivləşdirilib 2022-08-07 at the Wayback Machine
- ↑ 1 2 3 4 5 6 7 8 Ethnologue.com :report for language code:kir Arxivl��şdirilib 2010-02-11 at the Wayback Machine
- ↑ Министерства культуры Республики Тыва :Язык Arxivləşdirilib 2012-05-11 at the Wayback Machine
- ↑ 1 2 3 4 Ethnologue.com :report for language code:tyv Arxivləşdirilib 2010-10-08 at the Wayback Machine
- ↑ 1 2 3 Göktürkcə Araştırmaları :Salar Türkleri İle Söyleşi Arxivləşdirilib 2021-09-28 at the Wayback Machine
- ↑ Uluslararası Sosyal Arastırmalar Dergisi, Ersin Teres: "İli Salır türkcəsinde ve Türkmen türkcəsinde isim çekimi". Arxivləşdirilib 2021-05-14 at the Wayback Machine Cilt: 4, Sayı: 18, Yıl: 2011
- ↑ salars.cn :Salırça ve Oğuş Arxivləşdirilib 2012-10-29 at the Wayback Machine
- ↑ salars.cn :Salar Latin aifabesi Arxivləşdirilib 2012-10-29 at the Wayback Machine
- ↑ salars.cn :Salırça Arxivləşdirilib 2012-10-29 at the Wayback Machine
- ↑ Svenska Forskningsinstitutet i Istanbul, Published with fõnancial support from Magn. Bergvalls Stiftelse, Lars Johanson :Discoveries on the Turkic Linguistic Map Arxivləşdirilib 2017-10-10 at the Wayback Machine:…Eynu
- ↑ Ethnologue.com :report for language code aib
- ↑ Ethnologue.com :report for language code ili Arxivləşdirilib 2012-10-01 at the Wayback Machine
- ↑ Çin Xalq Azadlıq Ordusu Arxivləşdirilib 2012-04-25 at the Wayback Machine Defence.az
- ↑ "Rəşad Mehbaliyev, "Azadlıqda İnternet 2010"". 2013-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-13.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Elcan Həbibzadə, Salam, Çin [1]