Azərbaycanda kosmetika
Azərbaycanda kosmetika — Azərbaycanda üzə və bədənə gözəllik və təravət vermək üçün tətbiq edilən tədbir və vasitələrin məcmusunun inkişafı və vəziyyəti. Tarixən istifadə edilmiş kosmetik boyalara ənlik, kirşan, vəsmə, sürmə, xına, rüşül daxildir. Ətir olaraq gülab, ənbər və müşk tətbiq edilmişdir. Kosmetik vasitələr həm "məşşatə" və ya "bəzəkçi" adlandırılan ustalar tərəfindən, həm də ev şəraitində qadınların özü tərəfindən vurulurdu. Azərbaycanda "əttar" adlandırılan ətir satıcıları həm tibbi, həm kosmetik cəhətdən istifadə edilən mallar istehsal edirdilər.
Azərbaycan kosmetik vasitələri və bunlarla bağlı peşələr mədəni irs kimi ölkə səviyyəsində qeydiyyata alınmışdır. Orta əsr Azərbaycan şairləri və həkimləri, həmçinin xarici dövlətlərdən gələn ziyarətçilər öz əsərlərində kosmetik vasitələri qeyd etmişdilər. Kosmetik vasitələrin istifadə edildiyi mərasimlər xınayaxdı, Gülab bayramı və Çömçəxatun yağış ayinidir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Azərbaycanda kosmetik vasitələr tarixən qadın bəzəklərinin xüsusi bir qrupunu təşkil edib. Bu qrupa yanağa, qaşa və gözə çəkilən boyalar, və ya əl və ayaq barmaqlarına sürtülən xına daxil idi. Keçmişdə "məşşatə", "bəzəkçi", "bəzəməçi", "bəzəkvuran", "düzgünçü", "zinətçi", "yazıcı", "pirayəbəxş", "üzalan" və s. adlandırılan[1] bəzək ustaları toy günü gəlin gedən qızları, və ya varlı evlərin kübar qadınlarını bəzəyərdilər. Azərbaycanda istifadə edilmiş kosmetik boyalara ənlik, kirşan, vəsmə, sürmə, xına, rüşül daxil idi. Saçlar darandıqdan sonra rayihələndirmək üçün gülab, ənbər və digər maye ətirlər saça vurulurdu. Kosmetik vasitələrin bir qismi, o cümlədən rüşül, daban daşı və xına satın alınaraq qadınların özü tərəfindən də istifadə edilirdi. Kosmetik vasitələrin satın alındığı yerlərə əttar dükanlar, əczaxanalar, çərçi və camaşırxanalar daxil idi.[2] Orucluq dövründə qadınlar sürmə və müşk vurmurdular.[3]
Kosmetik vasitələrin saxlanması və tətbiq edilməsi üçün istifadə edilən qablara və alətlərə sürmədan (sürmə qabı), sürmə mili, daraqqabı, xınabənd (xına yaylığı, gəlinlər üçün xüsusi qırmızı parçadan hazırlanırdı), zirpayı (ayağa xına qoyarkən ayaqaltı taxta, yaxud mis əşya), sefidab qutusu, ətir qabı, vəsməcuş (vəsmə qaynadılan mis və ya gümüş qab) daxil idi.[4] Qızlar cehizliklərini sürmədan, ətir qabı və qələmdan kisəsini bəzəyən tikmələrlə zənginləşdirirdilər.[5]
Tarixən Azərbaycanda loğmanlıq ilə məşğul olan mütəxəssislər ətirli maddələr (mayelər, ətriyyatlar, sular, yağlar və s.) düzəldərək ətirçi (əttar, kosmetoloq, parfümer) işini də görürdülər. Hazırlanan ətirlər bir neçə hallarda tibbi istifadə üçün də nəzərdə tutulmuş, vaxt keçdikcə və tərkibi dəyişdikcə yalnızca kosmetika vasitəsi kimi istifadə olunmağa başlanmışdır. İtaliyalı səyyah Cenkinsonun "Səyahətnamə"sində və fransız yazıçısı Aleksandr Dümanın "Qafqaz səyahəti" əsərində Azərbaycandakı əttarlarının sənəti və hazırladıqları kosmetik vasitələr qeyd edilmişdir.[6]
Müstəqillik dövründə Azərbaycan xalq təbabətini yaşatmaq üçün bir sıra kitablar nəşr edilmişdir. Fərəcov F. H., Hüseynov V. H. və Məmmədov T. M. tərəfindən ərsəyə gətirilən "1001 faydalı məsləhət" əsərinə kosmetika ilə bağlı olaraq da xüsusi məsləhətlər daxildir. Mayis Qasımov və Tofiq Məmmədovun "Fitoterapiya" adlı monoqrafiyası isə giləmeyvələrdən hazırlanan kosmetik vasitələrdən, cavanlaşmanın yeni metod və üsullarından, aromaterapiya və rəng terapiyası ilə bağlı elmi anlayışlardan bəhs edir.[7]
Kosmetik vasitələr
[redaktə | mənbəni redaktə et]Boyalar
[redaktə | mənbəni redaktə et]- Basma. Saçı boyamaq üçün istifadə olunur, tünd göy və ya yaşıl rəngdə olur. Basma xına ilə qarışdırılaraq istifadə edilir, müxtəlif rəng çalarlarını əldə etmək üçün xına və basmanın qarışıqdakı miqdarı dəyişdirilir. Bu kosmetik vasitədən daha çox yaşlı qadınlar istifadə edir. Müasir dövrdə basma qədim saç boyası kimi unudulmaqdadır.[8]
- Ənlik və Kirşan. Bu kosmetik vasitələr qadının üz-gözünə, dodaqlarına və yanağına sürtülən təbii boyalardır. Ot, bitki yağı və boya tozundan hazırlanan bu ətirli maddələr Azərbaycanda xalq arasında "allıq/ağlıq" da adlandılır. Qalaydan hazırlanmış kirşan isə "qəleyi-kirşan" adlanır.[9]
- Xına. Saç-saqqal, əl-ayaq və barmaqları boyamaq üçün istifadə edilir. Xınalanmış gəlinin yorğan-döşəyi və paltarları bulanmasın deyə ona xınalıq donu verilir. Xına azərbaycanlılarda xoşbəxtlik və gəlinlik rəmzi sayılır.[10] Xına yaxılması adətinin Fatimeyi-Zəhradan qaldığı düşünülür. Xınaya saçların yaxşı boyanması üçün yetişməmiş cəvizin əzilmiş yaşıl qabığı, qənd və neft, saçların parlaqlığı üçün isə bir neçə damcı limon suyu əlavə edilir. Xına revmatizm, ayaq ağrıları və qoxusuna qarşı da istifadə edilir.[11]
- Rasıx. Naxçıvanda Xınayaxdı mərasimində mazı adlandırılan bitkidən düzəldilən qatı mayedir. Bu boyanı balaca qablara töküb xüsusi çöplərlə gəlinin qaşlarına sürtürlər. Quruduqdan sonra qaşlar yuyulur və rəng 10 günə qədər qaşda qalır.[12]
- Sürmə. Sürmə qaşa, kirpiklərə və kirpiklərin ət hissəsinə çəkilən qara rəngli maddədir. Sürməni əsasən qadınlar çəkirdi. Azərbaycanda bu kosmetik vasitə başlıca olaraq Gəncə bölgəsində təbii yolla düzəldilirdi. Sürmənin saxlandığı qab sürmədan, gözə çəkilməsi üçün istifadə edilən alət isə milçəm adlanırdı.[13] Parçadan hazırlanmış sürmədanlar məxmər və tirmədən kiçik kisə şəklində olur, üzəri məliləduz, nəqədəduz, mirvari kimi tikmələrlə, gümüşü və qızılı sapla bəzədilirdi.[4] Azərbaycan Tarix Muzeyində XIX əsrə aid sürmədan saxlanılır.[13]
- Vəsmə. Qaşa çəkilən qara boyadır. Nil bitkisinin yarpaqları vəsməcuşda isladılır və ya qaynadılır. Xalq arasında bu boya "Qara xına" və ya "Məcnun xına" adlanır. Nil yarpağı tapılmayanda isə qara daş üyüdülüb vəsmə kimi istifadə edilirdi. Vəsmə Saib Təbrizi, Məhəmməd Füzuli və Molla Pənah Vaqifin şeirlərində qeyd edilir.[14]
Dəri qulluğu vasitələri
[redaktə | mənbəni redaktə et]- Naftalan nefti. Bu gözəllik vasitəsi dəri xəstəliklərinin müalicəsində istifadə olunur. Onun tərkibindəki aşağı molekul kütləsinə malik aromatik karbohidrogenlər xarici istifadə (dərinin yağlanması) üçün məsləhət görünür.[15] Naftalan nefti dəridəki ağrıları və tarımlılığı azaldır, onun yumşalmasına və təzələnməsinə səbəb olur.[16]
Ətirlər
[redaktə | mənbəni redaktə et]- Gülab. Saça vurulan ətirdir, qızılgüldən xüsusi üsullarla alınır. Şəhər yerlərində yeməkdən sonra əlləri yumaq üçün gülablı su ayrıca bir kasada qoyulurdu.[17][18]
- Ənbər. Saça vurulan ətirdir. Azərbaycanda tarixən güllərdən hazırlanırdı. İndi isə daha çox dindarlar tərəfindən istifadə edilir. Bundan başqa Məhəmməd Yusif Şirvani və Həsən İbn Rza Şirvani öz əsərlərində ənbərin müalicəvi əhəmiyyətini qeyd etmişdilər. Azərbaycan xalq təbabətində ənbər sümük revmatizmi, süstlük, öskürək və ürəkbulanmasının qarşısını almaq üçün istifadə edilir.[19]
- Müşk. Ətir kimi istifadə olunan qırmızı qonur maddədir. Həmçinin müalicəvi əhəmiyyətə malikdir.[20]
Mərasimlər
[redaktə | mənbəni redaktə et]Novruz bayramında keçirilən yumurta döyüşdürmə festivalı (Qızıl Yumurta bayramı) şərəfinə bütün insanlar əllərini, saçlarını və saqqallarını, qızlar isə ayaqlarının altını xına ilə boyayırlar və bayram paltarlarını geyinirlər. Məqsəd icmanın din xadiminin, sonra isə digər ailələrin evini ziyarət etməkdir.[21]
Yaz fəslinin qızılgül çağında gülab bayramı qeyd edilirdi. Bu vaxt insanlar şadyanalıq edir, bir-birlərin göz aydınlığı verir, alın və yanaqlarına gülab sürtür, ətiri paylayırdılar. İnsanlar kiçik ətir qablarında bir-birinə gülab hədiyyə edir, ayin və oxuma oyunları ilə şənlənirdilər.[18]
Bundan başqa Naxçıvanın Culfa rayonunun kəndlərində yağışı çağırmaq məqsədilə keçirilən mərasimdə 14–15 yaşlı qız uşağının tanınmaması üçün üzü boyanır və o, Çömçəxatun adlandırılaraq bütün kənddə gəzdirilir.[22] "Kos-Kosa" oyununda isə Kosa tanınmamaq üçün üzünü boyayır.[23]
Xına ilə bağlı mərasimlər
[redaktə | mənbəni redaktə et]Xına toydan əvvəl keçirilən xınayaxdı mərasimi üçün bəy evindən eyniadlı tabaqda gətirilir.[10] Xına gecəsində boyanı yaxan qadına (bəyin bacısı, xalası, bibisi və s.) pul verilir və bu pullar gecənin sonunda onun olur. Qız evinin oğlan evinin gətirdiyi xınanın qarşılığı olaraq eyni boyanı göndərməsi adəti vardır. Oğlan və dostları xınanı kiçik barmaqlarına sürtərlər. Qız isə oğlanın və özünün baş hərflərini xına vasitəsilə barmağına yazar.[11]
Xına ilə əl-ayaq naxışlamanın bir neçə növü var: sıvama, üskük (və ya biçək), fındıqça, pişik pəncəsi, dilbər duvağı, balıqlı və quşgözü.[10] Ənənəvi olaraq Azərbaycanda xına günəş şəklində gəlinin əlinə çəkilir, gənc qızlar isə barmaqlarını xınaya basırlar. Günəş şəklində xınanın çəkilməsi günəş kultu ilə, həm də pis ruhların qovulması ilə əlaqələndirilir. XX əsrin 90-cı illərindən etibarən xınanın gül şəklində çəkilməsinə rast gəlinir.[12]
Bundan başqa xına yaxını ölən qoca kişilərin saçlarına yaxılır.[11] Naxçıvanın adətinə görə, qadın 4 ay 10 gün ölmüş ərinin yasını saxlayandan sonra qohum-əqrəba gəlib onun başına xına qoyardı.[24] Azərbaycanda Novruz bayramında bəzənmək üçün də bu boya işlədilir.[11] Həmçinin qurbanlıq heyvanın da belinə xına çəkilir.[25]
Azərbaycanın bir çox bölgəsində ölümü düşünən qocalara xına yaxılmasının və Naxçıvanda əsgərə gedənlərin əllərinə xına yaxılmasının təsəvvüf baxımından mahiyyəti Allahın hüzuruna xınalı gedilməsidir.[11]
Qeyri-maddi mədəni irs qeydiyyatı
[redaktə | mənbəni redaktə et]Azərbaycan mədəniyyəti |
---|
Dil • Yazı sistemi • Folklor • Dastanlar • Ədəbiyyat • Fəlsəfə • Mifologiya • Memarlıq • Ev • Bağ • Təsviri incəsənət • Miniatür • Kalliqrafiya • Keramika • Xalçaçılıq • Heykəltəraşlıq • Milli geyim • Kosmetika • Musiqi • Muğam • Aşıq sənəti • Rəqs • Balet • Teatr • Yumor • Kino • Animasiya • Mətbuat • Radio • Televiziya • Təhsil • İdman • Döyüş sənətləri • Oyunlar • Dövlət bayramları • Festivallar • Tarixi təqvimlər • Mərasimlər • Milli Yeni il • Evlilik • Atəşfəşanlıq • Kulinariya • Çay mədəniyyəti • Şərabçılıq • Köçərilik • Ziyarətgahlar • Xalq təbabəti • Mentalitet • Milli kimlik • Tayfa quruluşu • Aristokratiya |
Bu cədvəldə Azərbaycanda tarixən mövcud olmuş kosmetik vasitələrinin və bununla bağlı peşələrin ölkə səviyyəsində qeyri-maddi mədəni irs nümunəsi kimi qeydiyyat nömrəsi verilmişdir. Siyahıya həmçinin kosmetik vasitələr üçün istifadə olunan ləvazimatlar və bu vasitələrlə bağlı mərasimlər qeyd edilmişdir.
№ | Mədəni irs adı | Ləvazimat adı | Mərasim adı | Qeydiyyat nömrəsi |
---|---|---|---|---|
Peşələr | — | |||
1 | Əttar/Ətirçi | DA0104000071[6] | ||
2 | Məşşatə/Bəzəkçi | DA0104000061[26] | ||
Kosmetik vasitələr | SD0200000001[4] | |||
1 | Basma | SD0200000008[8] | ||
2 | Ənlik | SD0200000002[27] | ||
3 | Kirşan | SD0200000003[28] | ||
4 | Xına | Xınabənd, zirpayı | qeydiyyata alınmamışdır | |
5 | Rasıx | Xınayaxdı | ||
6 | Rüşül | |||
7 | Sürmə | Sürmədan, sürmə mili (milçəm) | SD0200000006[13] | |
8 | Vəsmə | Vəsməçuş | SD0200000007[14] | |
9 | Naftalan nefti | qeydiyyata alınmamışdır | ||
10 | Ənbər | Ətir qabı | SD0200000004[19] | |
11 | Gülab | Gülab bayramı | qeydiyyata alınmamışdır | |
12 | Müşk | SD0200000005[29] |
Mədəniyyətdə
[redaktə | mənbəni redaktə et]Bədii ədəbiyyatda
[redaktə | mənbəni redaktə et]İmadəddin Nəsimi öz şeirlərində Quranda İsa peyğəmbərin hekayəsinin külək və ətirlə əlaqələndirilməsi, zülfün ətrinin ölülərin bədəninə həyat bəxş etməsi motivini istifadə edilmişdir. Burada səba (külək) Allah və insan, sevgili və aşiq arasında elçini təmsil edir. Həbibi isə zülfün ətrini İbrahimin arvadı Saranın ətrinə bənzədir.[30]
Məhəmməd Füzulinin "Leyli və Məcnun" məsnəvisində şairin təxəyyülünə görə, sevgilinin yoluna gül suyu tökülər və ya eşq dərdi ilə xəstələnən bir kəsi sağaltmaq üçün gül suyundan istifadə edilərdi.[31] Digər bir beytində isə boyaq rəngotundan hazırlanmış nilin xal şəklində qadınların üzlərinə çəkildiyi, Leylinin isə yas saxladığı üçün bunu etmədiyi qeyd edilir.[32]
Füzuli bir şeirində sevgilinin ayağına gül yarpağı kimi xına yaxdığını qeyd edərək "nigar" sözünü xına mənasında istifadə etmişdir. Digər bir şeirində isə Çin qızlarının göbəklərindən çıxan qandan əldə edilən müşkün gözəl qoxu olaraq digər ölkələrə göndərilməsini özünün bir gözəlin saçları uğruna vətənini tərk etməsinə bənzətmişdir.[32]
Nümunələr
[redaktə | mənbəni redaktə et]Məşşatə bana müşk ilə bir şanə gətürməz,
Bənüm kibi bu dünyaya divanə gətürməz
Qazi Bürhanəddin
Qılıb təğyiri-surət vəsmədən yəğma qılırlar dil,
Hərami qaşların rəsmü rəhi-neyrəng tutmuşlar.
Məhəmməd Füzuli
Boyu mina gərək, sinəsi mərmər,
Bəyaz ola gül əndamı sərasər,
Əlində al həna, zülfündə ənbər,
Qaşında, gözündə sürmə gərəkdir
Molla Pənah Vaqif
Avçısı olmuşam sən tək maralın, Xəyalımdan çıxmaz hərgiz xəyalın.
Ənliyi, kirşanı neylər camalın, Sən elə gözəlsən binadan, Pəri!
Molla Pənah Vaqif
Musiqidə
[redaktə | mənbəni redaktə et]Azərbaycan mahnılarında kosmetika ilə bağlı 5 vasitənin (sürmə, vəsmə, xına, ənlik və kirşan) adı çəkilir:
- Təzəcə dolub on beş yaşına / Sürmə çəkibdir qələm qaşına.
- Vəsmə qaşda, sürməsi var gözündə.
- Yaşıl çəmənə döşənib xalı / Qızlar oynayır əli xınalı."[33]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Aslanov, 2003. səh. 39
- ↑ Mustafayev, 2009. səh. 157
- ↑ Azərbaycan etnoqrafiyası, III, 2007. səh. 55
- ↑ 1 2 3 Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin dövlət reyestri. "Kosmetik vasitələr" (az.). Azərbaycan Mədəniyyət Nazirliyi. 2022-07-08 tarixində arxivləşdirilib.
- ↑ Mustafayev, 2009. səh. 88
- ↑ 1 2 Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin dövlət reyestri. "Əttar" (az.). Azərbaycan Mədəniyyət Nazirliyi. 2022-07-08 tarixində arxivləşdirilib.
- ↑ Seyidbəyli M. H, Quliyev B. N. Namazova S. N. Azərbaycan tibb tarixinin qaynaqları və tarixşünaslığı. Bakı, 2019, 298 səh.
- ↑ 1 2 Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin dövlət reyestri. "Basma" (az.). Azərbaycan Mədəniyyət Nazirliyi. 2022-07-08 tarixində arxivləşdirilib.
- ↑ Aslanov, 2003. səh. 68-69
- ↑ 1 2 3 Aslanov, 2003. səh. 107-108
- ↑ 1 2 3 4 5 Mehmedova, M. (2017). AZERBAYCAN VE ANADOLU KINA GECESİ . Motif Akademi Halkbilimi Dergisi , 10 (19) , 149–159 . Retrieved from https://dergipark.org.tr/tr/pub/mahder/issue/34094/377243 Arxivləşdirilib 2022-09-24 at the Wayback Machine
- ↑ 1 2 Nuruzade, S. (2018). HALKIN MILLI MANEVI DEGERI OLARAK AZERBAYCANLILARIN GELENEKSEL DÜĞÜN TÖRENI. Kültür Evreni, 35-ci sayı.
- ↑ 1 2 3 Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin dövlət reyestri. "Sürmə" (az.). Azərbaycan Mədəniyyət Nazirliyi. 2022-07-08 tarixində arxivləşdirilib.
- ↑ 1 2 Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin dövlət reyestri. "Vəsmə" (az.). Azərbaycan Mədəniyyət Nazirliyi. 2022-07-08 tarixində arxivləşdirilib.
- ↑ Composition and Properties of the Unique Oil from Azerbaijan's Naftalan Oilfield. Adigozalova, V. A.; Hashimova, U. F.; Polyakova, L. P. Russian Journal of General Chemistry. 2019
- ↑ Nazim Badalov. "Naftalan – a magical gift of nature" (PDF). İrs. 2011. 2022-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-07-08.
- ↑ Azərbaycan etnoqrafiyası, II, 2007. səh. 243
- ↑ 1 2 Azərbaycan etnoqrafiyası, III, 2007. səh. 429-430
- ↑ 1 2 Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin dövlət reyestri. "Ənbər" (az.). Azərbaycan Mədəniyyət Nazirliyi. 2022-07-08 tarixində arxivləşdirilib.
- ↑ Fərid Ələkbərli. Azərbaycan fenomeni: tarix və müasirlik. Bakı, "Nurlan", 2008, 164 °C.
- ↑ I. Lassy, The Muharram Mysteries among the Azerbaijan Turks of Caucasia, Helsingfors, 1916. page 221.
- ↑ Türkan ARIK. "Azerbaycan'in Nahçivan Bölgesi̇nde Yağmurla İlgi̇li̇ İnanişlar ve Yağmur Çağirma Merasi̇mleri̇". Türk Kültürü ve Hacı Bektaş Veli Araştırma Dergisi. 2018. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-06.
- ↑ Arık, Türkan . "AZERBAYCAN TÜRK KÜLTÜRÜNDE İLKBAHAR BAYRAMI". Türk Kültürü ve Hacı Bektaş Veli Araştırma Dergisi / 89 (Mart 2019): 169–186 .
- ↑ Azərbaycan etnoqrafiyası, III, 2007. səh. 354
- ↑ Azərbaycan etnoqrafiyası, III, 2007. səh. 51
- ↑ Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin dövlət reyestri. "Məşşatə" (az.). Azərbaycan Mədəniyyət Nazirliyi. 2022-07-08 tarixində arxivləşdirilib.
- ↑ Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin dövlət reyestri. "Ənlik" (az.). Azərbaycan Mədəniyyət Nazirliyi. 2022-07-08 tarixində arxivləşdirilib.
- ↑ Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin dövlət reyestri. "Kirşan" (az.). Azərbaycan Mədəniyyət Nazirliyi. 2022-07-08 tarixində arxivləşdirilib.
- ↑ Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin dövlət reyestri. "Müşk" (az.). Azərbaycan Mədəniyyət Nazirliyi. 2022-07-08 tarixində arxivləşdirilib.
- ↑ Gasimova, 2013. səh. 93
- ↑ Turan, S. , Akgül, A. & Çetin, K. (2013). FUZÛLÎ’NİN LEYLÂ VÜ MECNÛN MESNEVİSİNDE GÜL VE GÜL BAHÇESİ . Süleyman Demirel Üniversitesi Sosyal Bilimler Enstitüsü Dergisi , GÜL ÖZEL SAYISI , 75–94 . Retrieved from https://dergipark.org.tr/tr/pub/sbe/issue/23167/247447 Arxivləşdirilib 2023-02-19 at the Wayback Machine
- ↑ 1 2 Çetinkaya Karakoyun, Ü. (2010). Osmanlı Kültüründe Kadın Süs Malzemelerinin Edebiyata Yansımaları . Hacettepe Üniversitesi Türkiyat Araştırmaları (HÜTAD) , 12 (12) , 89–126 . Retrieved from https://dergipark.org.tr/tr/pub/turkiyat/issue/16656/521373 Arxivləşdirilib 2023-02-19 at the Wayback Machine
- ↑ Baldane, O. (2019). TÜRK GİYİM-KUŞAM VE SÜSLENME KÜLTÜRÜNÜN TÜRKÜ VE MAHNI METİNLERİNDEKİ YANSIMALARI . Türkoloji , (95) , 79–94 . Retrieved from https://dergipark.org.tr/tr/pub/ayt/issue/69400/1102810 Arxivləşdirilib 2023-05-18 at the Wayback Machine
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Azərbaycan etnoqrafiyası, Üç cilddə II cild., Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu, Bakı: Şərq-Qərb, 2007, ISBN ISBN 5-17-033764-7
- Azərbaycan etnoqrafiyası, Üç cilddə III cild. (2007), Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu, Bakı: Şərq-Qərb
- A. H. Mustafayev. Azərbaycanın maddi mədəniyyət tarixi (etnoqrafik materiallar əsasında tipoloji tədqiqat). Bakı: "Bakı Universiteti" nəşriyyatı, 2009, 420 səh
- Elçin Aslanov. Azərbaycan toyu. Bakı, "Tutu" nəşriyyatı, 2003.
- Gasimova, Aida, and عايدة غاسيموقما. "The Hair on My Head Is Shining: Qur’anic Imagery of the Curl in Classical Azeri-Turkish Ṣūfī Poetry / واشتعل الرأس شيبا" استعمال الصور القرآنية للحديث عن العقصة في الشعر الصوفي التركي — الآزاري القديمم"." Journal of Qur’anic Studies, vol. 15, no. 1, 2013, pp. 69–101. JSTOR, http://www.jstor.org/stable/24280407 Arxivləşdirilib 2024-08-03 at the Wayback Machine. Accessed 3 Aug. 2024.
Əlavə ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Bozkurt, K. (2018). FUZÛLÎ’NİN ŞİİR ESTETİĞİNDE GÜZELLİĞİN PROTOTİPLERİ . Selçuk Üniversitesi Türkiyat Araştırmaları Dergisi , (43) , 249–274 . DOI: 10.21563/sutad.510508
- Uludağ, E. (2016). FUZÛLÎ’NİN GAZELLERİNDE BİR GÜZELLİK UNSURU OLARAK YANAK . Erzincan Üniversitesi Sosyal Bilimler Enstitüsü Dergisi , TÜRK DİLİ ve EDEBİYATI (TURGUT KARABEY ARMAĞANI) ÖZEL SAYI , 15–68 . Retrieved from https://dergipark.org.tr/tr/pub/erzisosbil/issue/26571/280301