Erkən xristianlıq tarixi
Erkən xristianlıq |
Yunandilli apologetika:
Yustin • Tatian • Afinoqor • Teofil Latındilli apologetika:
Minusius Feliks • Arnobius • Laktansius • Tertullian Qnostiklərə qarşı olanlar:
|
Xristian ehkamlarının formalaşması
Rəsmi kilsəyə qarşı duran təriqətlər:
Rəsmi kilsə tərəfdarları:
Atanasius • İoann Xrisostom • Saxta Dionisius Xristoloji mübahisələr səbəbilə ayrılan təriqətlər:
|
Latın qərbində Kilsə Ataları
Boesius • Kassiodor • Avqustin Avrelius |
Yaranma öncəsi
[redaktə | mənbəni redaktə et]Xristianlığın tarixi köklərinə və yaranmasına diqqət yetirdikdə, onun bir tərəfdən qədim yəhudi dininə, başqa bir tərəfdən isə antik dövr dünyagörüşü və fəlsəfəsi ilə sıx əlaqədə olduğu məlum olur. Bununla yanaşı başqa dini ənənələrin (məs. mitraizmin) də xristian təliminin formalaşmasında təsiri olmuşdur.
Tarixdən məlum olduğu kimi, I yüzillikdə Yəhudiyyə çarlığı Roma imperiyası tərəfindən işğal edilmişdi. Bundan sonra yəhudi toplumu parçalanmışdı və dərin böhran içində idi. Yəhudilər də Roma imperiyası tərəfindən işğala məruz qalmış bütün xalqlar kimi azadlığa can atırdılar. Çünki imperiyada hər addımbaşı ədalətsizlik və istibdad hökm sürməkdə idi. Son olaraq isə imperiyaiçi çəkişmələrin sayı artır, cəmiyyətin təbəqələşməsi və parçalanması getdikcə daha da dərinləşirdi. Bütün bu proseslər yəhudi cəmiyyətində özünü daha da qabarıq şəkildə göstərirdi.
Bu cür acınacaqlı vəziyyətdən çıxmaq üçün imperiyada yaşayan xalq kütlələri öz ümidlərini daha çox dinlərə bağlayırdılar. Bu səbəbdən də yəhudi xalqı arasında İsraili xilas edən Məsihin gəlişinin yaxın olduğu ideyası geniş yayılmışdı. Hətta o zamanlar bir neçə şəxs özlərini məsih elan edərək üsyan etməyə cəhd etsələr belə, sonda fəaliyyətləri məğlubiyyət ilə nəticələnmişdi.
İsanın peyğəmbərliyi
[redaktə | mənbəni redaktə et]Bu cür gərgin ictimai-siyasi durumda, yəhudilər arasında İsa adlı bir adam peyğəmbərlik edərək, bir sıra yeni dini və etik prinsipləri ifadə etmişdir. O, qədim yəhudi dininin bəzi müddəalarına yeni baxışlarla çıxış etmişdir. Rəvayətlərə görə İsa özünü bir Məsih kimi təqdim etmişdi. İsa peyğəmbərin bizim zəmanəmizə gəlib çatmayan, İncil adlı İlahi Kitab gətirdiyi haqqında rəvayətlər olsa da, əslində bu kitab yalnız şifahi olaraq onun tələbələrinə (həvarilərə) məlum idi. Çünki bu gün mövcud olan müxtəlif İncil adlı kitabların İsadan sonra yunan dilində yazılmışdır. Halbuki İsanın yunan dilində danışa bilməsi haqqında heç bir məlumat yoxdur.
İsanın fəaliyyətindən narazı olan yəhudi kahinləri çox çəkmədi ki, İsanı öldürmək fikrinə düşdülər və bu işi həyata keçirmək üçün Roma imperiyasının Fələstində olan canişininə müraciət etdilər. Məqsəd isə İsanın İsraili xilas edən Məsih olmadığını sübut etmək idi. Çünki məğlub olan adam Məsih ola bilməzdi. Məsih yalnız xalqı xilas edən adam olmalı idi. Bu məqsədlərinə nail olmaqdan ötrü isə onlar az sonra elan etdilər ki, İsanı tutub mühakimə etdikdən sonra çarmıxa çəkərək edam etmişdirlər. Belə bir hadisənin baş verdiyinin, hətta şahidlərinin belə olduqları barədə məlumatlar xristian ənənəsində də öz təsdiqini tapdı[1].
Ancaq, eyni zamanda, İsanın ölümü xəbərinin həqiqətə uyğun olmaması da iddia edilirdi. Belə ki, İsanın ardıcıllarından bəziləri onun ölümünə inanmırdılar. Onlardan bəziləri deyirdilər ki, İsanın çarmıxda olması yalnız müəyyən adamların gözünə görsənmişdir və xəyaldan başqa bir şey deyildir. Əslində isə o edam edilməmişdir. Buna inanan başqa təriqətlərin ardıcılları isə hesab edirdilər ki, İsa edamdan qabaq qeyb olduğundan (göylərə çəkildiyindən) onun yerinə başqa bir adam edam olunmuşdur[2]. Qeyd edək ki, bu cür fikirin əks olunduğu II yüzilliyə aid olan "Böyük Sifin ikinci risaləsi" adlı apokrifik İncil Misirdə tapılmışdır Rusca: Второй трактат Великого Сифа // Перевод Егоренкова И.С. (СПб, Филиал ИВ РАН). Bir çox apokrifik (rəsmi kilsə tərəfindən tanınmayan) İncillərdə isə İsa adi insani həyat tərzi aparan bir peyğəmbər kimi təsvir olunur. Onun hətta bir qadınla evlənməsi haqqında işarəlarə də rast gəlmək olar[3].
Beləliklə, İsanın ardıcılları arasında onun ölümü, və ya qeybə çəkilməsi haqqında hamı üçün bir olan inancı olmamışdır. Daha sonralar İsanı artıq peyğəmbər kimi qəbul etmiş bəzi yəhudilər, öz əqidələrini Roma imperiyasının çeşidli yerlərində yaymağa başladılar. O zaman çoxlu sayda dini təbliğatçılar bu işi həyata keçirməyə başladı. Nəticədə isə, dərin mənəvi böhran keçirən Roma imperiyasının müxtəlif sosial təbəqələri arasında yeniləşmiş yəhudi dininə meyillər günü-gündən artmağa başlamışdı.
Həvari Paulusun fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Bu kimi təbliğatçılardan biri, təlimin yayılması işində böyük rolu olan Şaul (Paulus) adında bir yəhudi olmuşdur. O, öncə Antioxiyada, sonra isə bütövlükdə Kiçik Asiya yarımadasında təbliğat aparsa da, bu təlimi heç də öz ilkin şəklində saxlamayıb, onu özünəməxsus bir şəkildə yozaraq, yeni bir keyfiyyətdə təqdim etmişdir. Belə ki, Pavlus anlayırdı ki, yəhudi xalqının dini və yəhudi peyğəmbəri olan İsanın təlimi Romanın başqa xalqları arasında özünün ilkin formasında yayıla bilməz. Məsələ bundadır ki, o xalqlar qədim mədəniyyətə malik idilər və yəhudi ənənəsi və düşüncə tərzi onlar tərəfindən qəbul edilə bilməzdi. Ona görə də Pavlus, bu təlimdə olmayan bir çox yeni ideyalarla çıxış etməyə başladı. Faktiki olaraq, o İsanın təlimini Yunan və Roma düşüncə tərzinə və tarixi ənənəsinə uyğunlaşdırırdı. O İsanın ilahiləşdirilmiş obrazını təbliğ edirdi. Beləliklə də Paulusun təbliğatında İsa ölümündən sonra yenidən dirilən, günahları silən bir Tanrının oğlu kimi təqdim edildi.
Paulusun fəaliyyətində diqqəti çəkən başqa bir maraqlı məqam isə, onun yəhudi qanununa əməl edilməsini vacib hesab etməməsi idi. Məhz bu cür yeniliklərin dinə gətirilməsinə görə Paulusla yəhudi isavilər (İsanın yəhudi ardıcılları) arasında ixtilaflar baş vermişdi[4]. Amma, başqa tərəfdən, bütpərəst romalılar ilahiləşdirilmiş və ölümündən sonra dirilmiş İsa ideyasını daha yaxşı mənimsədilər. Çünki, romalılar arasında buna oxşar inanclar geniş yayılmışdı. Onlar qədim zamanlardan ölən və dirilən, oğullu-qızlı tanrılara inanırdılar.
İlk məsihi icmaları
[redaktə | mənbəni redaktə et]Roma imperiyasının çeşidli bölgələrində İsanın ilk ardıcılları yığıncaqlarını keçirirdilər və özləri bütpərəstliyə qarşı etiraz səslərini ucaldırdılar. İsanı onlar Xristos adlandırırdılar. Bu söz isə yəhudilərin "Maşiax" (Məsih) sözünün yunancaya tərcüməsidir.
Sonralar ilk yəhudi xristianlar bir neçə təriqətə parçalandılar. İsraildə qədim yəhudi qanununa riayət edən və eyni zamanda İsanı peyğəmbər kimi qəbul edənlər nəsranilər (nazorei) kimi tanınırdılar. Belə ki, onlar İsanın Tanrı kimi deyil, peyğəmbər kimi qəbul edir, Paulusu isə İsa təlimini təhrif edən bir adam kimi təqdim edirdilər. Sözü gedən ilk isavi qrupları bir tərəfdən yəhudi qanun və ənənəsinə sadiq idilər, digər tərəfdən isə, İsanı məsih kimi qəbul etmişdilər. Buna görə elmi ədəbiyyatda onlara yəhudi xristianları deyirlər.
Başqa bir təriqət ardıcıllarını isə ebionitlər adlandırırdılar. Onlardan bəziləri İsanı ata və anadan doğulmuş bir insan kimi qəbul edirdilər. Başqaları isə hesab edirdilər ki, İsa Müqəddəs Ruhun Məryəm (İsanın anası) ilə birləşməsindən anadan olmuşdur. Belə ki, onlar da İsanın əzəldən mövcud olmasını qəbul etməyib, Paulusun İsa haqqında olan baxışlarını qəbul etmirdirdilər.[5]
Doketlər adlandırılan daha bir təriqətin ardıcılları isə hesab edirdilər ki, İsa, əslində, bir cismani şəkildə bu dünyada mövcud olmamışdır. Buna görə də o ölüb sonra isə dirilə bilməzdi.[6]
Bütün bu təriqətlər Xristianlığın tarixində uzun müddət yaşaya bilməyib, tədricən aradan çıxmışdırlar. Sonralar onları hətta qanundan kənar hesab edirdilər. Bunlardan fərqli olaraq, Paulus tərəfindən əsası qoyulmuş dini dünyagörüşü isə, Romada tədricən yayıldı və bu gün də müasir xristian təliminin əsasını təşkil edir.
Xristianlığın Romada yayılması
[redaktə | mənbəni redaktə et]Roma imperiyasında Xristianlıq əvvəlcə kölələr, yoxsullar arasında yayılırdı. Dözülməz durumda yaşayan bu adamlar Xristianlıqda nicat yolunu tapırdı, bu ideya onlara mənəvi qida verirdi.
Sonra xristianlığı tədricən varlı zümrələrin nümayəndələri də qəbul etməyə başladılar. Məsələ bundadır ki, Roma imperiyasında ənənəvi yayılmış bütpərəst inanclar artıq cəmiyyətdə təsir gücünü itirmişdi. Onlar Roma imperiyasında hökm sürən ədalətsizliyin və istibdadın rəmzinə çevrilmişdi. Buna görə də imperiyada çeşidli qeyri-ənənəvi dinlər yayılmışdı. Onların arasında Misir tanrıları İsis və Osiris, İran tanrısı Mitranın kultlarını xüsusilə qeyd etmək lazımdır. Belə ki, bir vaxtlar onlar xristianlıqla ciddi rəqabət aparır, hətta bəzi tədqiqatçılara görə, məsələn mitraizmin bəzi inancları sonralar xristianlığa daxil olmuşdur. Belə ki, məsələn, ölən və dirilən tanrı ideyası mitraizmin əsaslarınlan biri idi. Lakin sonda xristianlıq bu rəqabətdən qalib çıxa bildi.
Xristianlığın dövlət dininə çevirilməsi
[redaktə | mənbəni redaktə et]Romada geniş xalq kütlələri tərəfindən Xristianlığın qəbul edilməsi prosesi kilsənin və keşiş zümrəsi olan klerosun (yepiskoplar, arxiyepiskoplar və s.) yaranması ilə nəticələndi. Getdikcə bu dində təşkilatlanma prosesi gücləndi və onun strukturları imperiyanın ictimai-siyasi həyatında aparıcı rol oynamağa başladı. İmperator Konstantin (Constantinus) (306–337) hakimiyyəti zamanı isə, kilsələrin dövlət maraqlarına qulluq etməsi məqsədi ilə, xristianlıq rəsmi dövlət dini elan edildi. Bundan sonra bütün bütpərəst məbədlərinin bağlaması prosesi başlandı. Sonda 451-ci ildə Kalkedon Ekumenik Kilsə Məclisi son olaraq Romanın həm Qərbində, həm də Şərqində xristianlığı rəsmi dövlət dini kimi təsdiq etdi.
Bütpərəstliklə mübarizə
[redaktə | mənbəni redaktə et]Qeyd etmək lazımdır ki, xristianlıqla bütpərəstliyin mübarizəsi təkcə ideoloji mübarizə müstəvisində aparılmırdı. Məsələn, imperatorlardan Neron (54–68), Domisian (81–96), Trayan (98–117), Mark Avrelius (161–180), Septimius Sever (193–211), Maksim (235–238), Valerian (253–260), Dialektian (284–305) öz hakimiyyətləri zamanı xristianlara qarşı təqiblər və zorakılıqlar həyata keçirməklə yadda qalmışdırlar. Bunun əsas səbəbi isə, xristianların imperatorları Tanrı kimi tanınmamaları idi.
Xristianlığa qarşı bir çox Roma filosofları, mütəfəkkirləri də çıxış edirdilər. Onların arasında Epiktet, Sels, Mark Avrelius, Porfirios xüsusilə seçilmişdirlər. Belə ki, onlar daha çox antik irsin əsasında Xristianlıqla rəqabət edəcək bir əqidə ortaya çıxartmaq istəyirdilər. Ancaq neoplatonizm (yeni platoçuluq) fəlsəfəsinin simasız və real həyatdan uzaq olan Vahid anlayışı və tanrı panteonları monoteizmin diri və şəxsiyyət olan Tanrısı ilə ayaqlaşa bilmədi. Ona görə də onların dini-fəlsəfi təlimlərinin ömrü qısa oldu.
Öz növbəsində Xristianlıq da qalib gələndən sonra bütpərəstliyə qarşı hücuma keçdi. Belə ki, bütpərəstlərin məbədləri məhv edilir, kahinləri öldürülür, ədəbiyyatları isə yandırılırdı. Məsələn, II Feodosiusun və III Valentinin əmri ilə 448-ci ildə Porfiriosun məşhur "Xristianların əleyhinə" kitabı tonqallarda yandırılmışdı.
30 il ondan öncə isə Misirin İskəndəriyyə şəhərində Hipatiya adlı tanınmış riyaziyyatçı alim qadın xristian yepiskopu Kirilin (Cyril) iştirakı ilə təəssübkeş kütlə tərəfindən vəhşicəsinə öldürülmüşdür. Bu kimi olaylardan sonra Avropada azadfikirlilik qadağan olunmuş və hamı Xristianlığı qəbul etmək məcburiyyətində qalmışdı.
Xristianlığın parçalanması
[redaktə | mənbəni redaktə et]Ancaq, yuxarıda qeyd edildiyi kimi, bütpərəstliyə qalib gələn Xristianlığın özündə də müxtəlif təriqətlərin yaranması prosesi daha da dərinləşir və bu proses xristiandaxili ziddiyyətlərin dərinləşdirici bir faktoruna çevrilir. Bir qayda olaraq bu mübarizədə imperatorlar və hakimiyyət tərəfindən dəstəklənən cərəyan nümayəndələri ortodoksal, başqaları isə heretik adlandırılırdı və rəsmi kilsə artıq heretiklərin təqibinə başladı. Ziddiyyətlərin əsas mövzusu isə İsanın təbiətinə münasibətdə fərqli mövqelərin mövcud olmasından irəli gəlirdi. Bu problemə xristianlıqda xristologiya deyilir.
Beləliklə də xristian kilsəsinin dövlət dininə çevirilməsi, ehkamlarının təsbit olunması və heretikləri damğalayaraq yalnız bir rəsmi xəttin düzgün olması fikrini təsdiq etmək üçün Kilsə yığıncaqlarının çağırılması prosesi başlandı.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- Aydın Əlizadə[ölü keçid] (2007). Xristianlıq: tarix və fəlsəfə. Bakı: Əbilov, Zeynalov və qardaşlar, s. 9–15. ISBN 5-87459-013-7[ölü keçid]. 2016 tarixində arxivləşdirilib. 2016–08-16 tarixində istifadə olunub.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Aydın Əlizadə[ölü keçid] (2007). Xristianlıq: tarix və fəlsəfə. Bakı: Əbilov, Zeynalov və qardaşlar, s. 9–15. ISBN 5-87459-013-7[ölü keçid]. 2016 tarixində arxivləşdirilib. 2016–08-16 tarixində istifadə olunub.
- Dunn, James D.G. Unity and Diversity in the New Testament: An Inquiry into the Character of Earliest Christianity. SCM Press (2006).
- Freedman, David Noel (Ed). Eerdmans Dictionary of the Bible. Wm. B. Eerdmans Publishing (2000).
- Keck, Leander E. Paul and His Letters. Fortress Press (1988). ISBN 0-8006-2340-1.
- Mills, Watson E. Acts and Pauline Writings. Mercer University Press (1997).
- Pelikan, Jaroslav Jan. The Christian Tradition: The Emergence of the Catholic Tradition (100–600). University of Chicago Press (1975).
- Thiede, Carsten Peter. The Dead Sea Scrolls and the Jewish Origins of Christianity. Palgrabe Macmillan (2003).
- S.Pines, The Jewish Christians of the Early Centuries of Christianity According to a New Source, Israel Academy of Sciences and Humanities II, 13, Jerusalem, 1966.
- Булгаков С. В. Справочник по ересям, сектам и расколам. М.: Современник., 1994.
- Поснов М. История христианской церкви (до разделения Церквей — 1054 г.). Брюссель: 1964. Репринт: Брюссель: ЖсБ, 1988.
- Протои��рей Александр Рудаков. История христианской православной Церкви. СПб.,
- Свенцицкая И. Раннее Христианство: страницы истории. M.: Политиздат, 1988.
- История христианской Церкви. — М., 1991 (2-е издание — М.: Св.-Тихоновский богословский ин-т, 2000. 516 с.).
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Lukas İncili, 23: 35". 2014-06-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-11-11.
- ↑ Свенцицкая И. Раннее Христианство: страницы истории. M.: Политиздат, 1988, c. 270.
- ↑ Filippos İncili, 32. The Gospel of Philip Arxivləşdirilib 2022-08-10 at the Wayback Machine // Selection made from James M. Robinson, ed., The Nag Hammadi Library, revised edition. HarperCollins, San-Francisco, 1990. Rusca tərcüməsi: Евангелие от Филиппа Arxivləşdirilib 2022-04-09 at the Wayback Machine // Русская апокрифическая студия.
- ↑ "Həvarilərin işləri 21: 20, 21". 2014-06-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-11-11.
- ↑ S.Pines, The Jewish Christians of the Early Centuries of Christianity According to a New Source, Israel Academy of Sciences and Humanities II, 13, Jerusalem, 1966, 5.
- ↑ "Энциклопедия "Крyгосвет"". 2021-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-11.