I Axsitan
I Axsitan ibn III Mənuçöhr | |
---|---|
| |
Şirvanşahlar Dövlətinin XXI hökmdarı | |
1160 – 1196 | |
Əvvəlki | II Afridun ibn Mənuçöhr |
Sonrakı | Şahənşah ibn Mənuçöhr |
Şəxsi məlumatlar | |
Doğum tarixi | XII əsr |
Doğum yeri | Şamaxı |
Vəfat tarixi | |
Vəfat yeri | Şamaxı |
Atası | III Böyük Mənuçöhr |
Anası | Tamar Baqrationi |
Həyat yoldaşları | İsmətəddin Səfvət-İslam |
Dini | Sünni İslam |
I Axsitan (XII əsr, Şamaxı – 1196, Şamaxı) – Şirvanşahlar dövlətinin iyirmi birinci hökmdarı, Şirvanşah III Böyük Mənuçöhrün oğlu.
Adı
[redaktə | vikimətni redaktə et]Axsitanın adının yazılışı və oxunuşu uzun müddət alimlər arasında mübahisələrə səbəb olmuşdur. Xaqani və Nizaminin əsərlərinin müxtəlif əlyazmalarında onun adı Axtsan, yaxud Axtşan, yaxud da Axsitan yazılmışdır. Bir sıra müəlliflər – Dorn, Xanıkov, Paxomov və başqaları onun adını müxtəlif cür oxmuşlar. Fars əlyazmalarında göstərilən üç variantdan biri – "Axstan" Axsitanın adı çəkilən sikkə və kitabələrdə rast gəlinən formaya uyğundur. Sonra, Hadi Həsənin fıkrincə, Xaqani poemasındakı Zeleman tərəfındən araşdırılan Axstan sözünün ölçüsü və adın "Kartlis tsxovreba"dakı oxunuş variantı -Axsartan – onun Axsatan kimi tələffüzünü daha düzgün hesab etməyə imkan verir.[1][2] Paxomovun, Zelemanın və S. Aşurbəylinin fikrincə isə, Xaqani şerinin vəzninə əsaslanaraq, Axsitan kimi tələffüz etmək daha doğrudur. Dornun cədvəlində bu Şirvanşahın adı atasının adı ilə birləşdirilərək bir şəxs – Mənuçöhr Axsitan kimi verilmişdir.[3] Axsitanın titullarına kitabələrdə və sikkələrdə, habelə Nizaminin "Leyli və Məcnun" poemasının altı bəndində rast gəlinir. Poemada Axsitanın adı aşağıdakı ləqəblərlə çəkilir: Cəlal əd-Dövlə və-d-Din Əbü-1-Müzəffər Məlik əl-Müəzzəm Axsitan ibn Mənuçöhr, Şirvanşah, Xaqan-i Kəbir, yaxud Əkbər.[4][5][6]
Hakimiyyət dövrü
[redaktə | vikimətni redaktə et]Axsitanın sikkələrini araşdıran tədqiqatçılar onun hökmranlıq illərini təqribən müəyyənləşdirə bilmişlər. Belə ki, xəlifə əl-Müstəncid h.555–566 (1160–1170)-cı illərdə, II Arslanşah ibn Toğrul isə h.555–571 (1160–1176)-cı illərdə hakimiyyət sürdüyündən birinci növə məxsus sikkələrdə h.555–566 (1160–1170)-cı illər arasında zərb olunmuşdur.
Lakin Amerika numizmatika cəmiyyətindəki birinci növə aid sikkədə – Sankt-Peterburq Ermitajında bir neçə belə sikkə olduğundan o nadir tapıntı sayılmır – əlli beş (xəms və xəmsin) yəni h.555 (1160)-ci il tarixi göstərilmişdir. Deməli, həmin sikkə, şəksiz, Axsitanın III Mənuçöhrün öldüyü ildə Şirvanşah taxtına çıxarkən kəsdiyi ilk sikkədir. Sonra, xəlifə əl-Müstadi h.566–575 (1170–1180)-ci illərdə, sultan III Toğrul isə h.571–590 (1176–1194)-cı illərdə hökmranlıq etmişlər. Deməli, ikinci növə aid sikkələr h.571–575 (1176–1180)-ci illər arasında zərb edilmişdir. Üçüncüsü, xəlifə ən-Nasirlidin Allah h.575–622 (1180–1225)-ci illərdə, sultan III Toğrul isə h.571–590 (1176–1194)-cı illərdə hakimiyyətdə olduqlarından üçüncü növ sikkələr h.575–590 (1180–1194)-cı illər arasında kəsilmişdir. Dördüncüsü, sultan III Toğrul h.590 (1194)-cı ildə öldüyündən və ondan sonra İraq səlcuqları əvəzinə Xarəzmşahlar hökmranlıq etməyə başladığından üzərində xəlifənin adı olub sultan Toğrulun isə adı çəkilməyən dördüncü növ sikkələr h.590 (1194)-cı ildən sonra kəsilməli idi.
Mənuçöhrün h.555 (1160)-ci ildə öldüyünü və Axsitanın ilk sikkəsinin h.555 (1160)-cı ildə zərb edildiyini nəzərə aldıqda, onda Axsitanın hakimiyyətə başlaması h. 555 (1160)-cı ilə düşür. Axsitanın zərb etdirdiyi son sikkələr h. 590 (1194)- cı ildən sonraya aiddir. Axsitanın ölüm tarixi nə mənbələrdə, nə də numizmatik məlumatlarda göstərilir. Hadi Həsənin Xaqani yaradıcılığına dair araşdırmaları göstərir ki, şair Axsitanın ölümünə mərsiyə yazmamışdır.[7] Bundan belə çıxır ki, guya Axsitan Xaqanidən çox yaşamışdır. Məlumdur ki, Xaqani h.595-ci ilin şəvval ayında (iyul, 1199), son illərini tənha keçirdiyi Təbrizdə ölmüşdür.[8] Saray həyatına nifrət bəsləyən Xaqani saraya qayıtmaq haqqında Axsitanın təkliflərini dəfələrlə rədd etmişdir.S. Aşurbəyliyə görə, Xaqani xəstə olduğundan Axsitanın ölümünə mərsiyə yaza bilməmiş, yaxud münasibətləri pis olduğundan yazmaq istəməmiş, yaxud da ki, yazdığı əsər hələlik tapılmamışdır. Epiqrafik və ədəbi faktlar da I Axsitanın hakimiyyət dövrünün və onun davamiyyətinin aydınlaşdırılmasına yardım göstərir. Axsitan atası III Mənuçöhr kimi uzun müddət hakimiyyət sürmüşdür. Abşeron yarımadasındakı Mərdəkan kəndində iki daş üzərində həkk olunmuş natamam kitabədə (Xanıkov həmin kitabəni aşkarlayaraq Peterburqa göndərib və hazırda həmin kitabə Ermitajda saxlanılır) deyilir: "…islamın müdrik hökmdarı Mənuçöhr oğlu Şirvanşah Axsitan… hicri üçüncü (və) səksəninci (və) beş yüzüncü ildə" (h.583 (1187/8)-cü il).[9] Göründüyü kimi, Axsitan h.583 (1187/8)-cü ildə, habelə h.584 (1188)-cü ildə sağ idi, belə ki, Nizami h.584-cü il rəcəb ayının 30-da (24 sentyabr, 1188) tamamladığı "Leyli və Məcnun" poemasını I Axsitana ithaf etmişdi.[10] XIII əsrin əvvəlinə aid mənbədə 1192-ci ildə Şamaxıda dəhşətli zəlzələ olduğu xəbər verilir. Bu zəlzələdə Axsitanın da ailəsi həlak olmuşdu. Lakin Axsitan bu vaxt öz kürəkəni eldəgəz Əmir Əmiran Ömərlə birlikdə Beyləqanda imiş. Deməli, Axsitan o vaxt sağ olmuş və ehtimal ki, bundan sonra bir neçə il də yaşamışdır. Həmin mənbədə Şirvanşah Axsitanın 1195-ci ildə atabəy Əbu Bəkrə qarşı Şəmkir vuruşmasında iştirak etdiyi göstərilir.[11][12] Axsitan Şəmkir vuruşmasından sonra bir il, yaxud ondan bir az çox yaşamışdır. Onun ölümü Nizaminin, Bertelsin fikrincə, 1196-cı ilin iyulundan, yəni h.593-cü ildən sonra yazılmış "Şərəfnamə" (İskəndərnamənin bir hissəsi) poemasında xatırlanır:
Axsitanın gülü və sərvi olsa da,
Sən bu gülüstanın yaşıl budağısan.
O, məni nemətlə ucaltmışdısa,
Sən məni torpaqdan göylərə qaldırdın.
Məni ondan da betər və uca tutub,
Bağın qapısını üzümə bağlamadın.[13]
Şair bu şeirdə Axsitanın varisinin adını çəkmir. Poemanın yazıldığı tarix – h.593 (1196/7)-cü il ehtimal ki, Axsitanın ölüm tarixini göstərir və digər materiallarla ziddiyət təşkil etmir.[14]
Fəaliyyəti
[redaktə | vikimətni redaktə et]I Axsitanın hökmranlıq illəri Şirvan dövlətinin iqtisadiyyatının böyük yüksəlişi, şəhərlərinin çiçəklənməsi, sənətkarlığın və ticarətin inkişaf dövrü kimi qeyd edilir. Həmin dövr ölkədə nisbi əmin-amanlıq, Axsitanın anası şahbanu Tamar vasitəsilə qohum olduğu qonşu Gürcüstanla sülh və müttəfiqlik münasibətləri dövrü idi. Vassallıq vəziyyəti ilə bir araya sığmayan bu dostluq və müttəfiqlik münasibətləri Xaqaninin əsərlərində, xüsusilə onun bu yaxınlarda Təbrizdə dərc olunmuş məktublarında əksini tapmışdır. Xaqani h.571 (1176)-ci ilin şəvval ayınadək Şamaxıda olmuş, Şirvanın mədəni və ədəbi həyatında fəal iştirak etmişdir.[15][16] Xaqaninin bu yaxınlarda tapılmış məktublarından birində Axsitanın siyasi fəaliyyəti açılıb göstərilir.
Həmin məktub Xaqani Şirvanı tərk etdikdən sonra səfərə çıxan Şirvanşah Cəlal əd-Din Axsitanın Akuran Kurandan (Gürcüstanla sərhəddə, Şəki yaxınlığında kənd) yazdığı məktuba Xaqaninin cavabı idi. Xaqani xəbər verir ki, Şirvanşahın Şəkidən Abxaza (Gürcüstana) doğru hərəkət etdiyini eşitmişdir. Abxazda olan Axsitanın məktubuna cavab olan ikinci məktubdan aydınlaşır ki, Axsitan oraya gürcü hökmdarı III Georginin hakimiyyətindən narazı olan və onu taxtdan salmaq istəyən feodal və əyanları, qiyam qaldırmış şahzadə Dyomnanı sakitləşdirmək üçün getmişdir. Axsitan Gürcüstana seçmə Şirvan qoşunu ilə getmiş və göründüyü kimi, gürcü hökmdarının sarayında qayda-qanunu bərpa etməklə Baqratilər dövlətini süquta uğramaqdan xilas etmək üçün təkcə güc deyil, həm də diplomatiya işlətməli olmuşdu.[17] .Axsitan I Demetrinin Gürcüstanda hakimiyyəti dövründə Şəki "kafirlərinin, ehtimal ki, xristian əhalinin köməyilə gürcü hökmdarı tərəfindən işğal olunmuş Şəkiyə getdi.[18].Lakin, məktubdan göründüyü kimi, Axsitanın hakimiyyəti dövründə Şəki yenidən Şirvan dövlətinin tərkibinə daxil edilmişdi. Beləliklə, Axistanın h.569 (1173/4)-cu ilin sonunda Gürcüstana yürüşü mükəmməl hazırlanmışdı.
O, seçmə qoşunu ilə bir həftə Akuran Kuranda dayandıqdan sonar Şəkinin cənubundan Abxaza yollandı. Burada onun cəsur döyüşçüləri güclü zərbə ilə qiyamçıları məğlubiyyətə uğratdı.[19] Axsitan qoşunla Gürcüstana ölkəni işğal etmək deyil, bir müttəfiq kimi, qohumu hökmdar III Georgiyə taxt-tacını saxlamaqda kömək etmək məqsədilə getmişdi. III Georginin bacısı qızı İsmət əd-Din Axsitanın arvadı idi. Axsitan qonşuları ilə münasibətdə çox ağıllı və ehtiyatlı siyasət yeridirdi. O, İraq səlcuqilərinin daha güclü olduğunu görüb, ona xərac verir və zərb etdirdiyi sikkələrdə səlcuq sultanlarının da adını çəkirdi.
Lakin bu vassalıq formal xarakter daşıyırdı və Şirvanşahlar XII əsrin ikinci rübündən monqol basqınlarına qədər güclü mərkəzləşdirilmiş dövlətin tam səlahiyyətli və müstəqil hökmdarı olmuşlar. Axsitan kimi, sonrakı Şirvanşahlar da öz dövlətlərinin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə böyük əhəmiyyət verirdilər. Mənuçöhr, Axsitan və onların varisləri dövründə Şirvanda, Şamaxıda, Bakıda və Abşeronda dövrümüzədək gəlib çatmış bir sıra qala, qəsr, divar və qala istehkamları tikilmişdir. Bununla Dərbəndin və Gürcüstanın Şirvana qarşı daim mövcud olan hücum təhlükəsi aradan qaldırıldı, habelə, Axsitanın Dərbənd arxasındakı Dəşt-i Qıpçaq çöllərində və Gürcüstanda yaşayan və Şirvana düşmən münasibət bəsləyən qıpçaqlar üzərində nüfuzu möhkəmləndi. Şirvanşahlarla Eldəgəzlər arasındakı qarşılıqlı münasibətlərə dair daha sonrakı –XVI əsr mənbələrində məlumat verilir. Həmin mənbələrdə göstərilir ki, "Səlcuqi II Toğrulun qardaşı sultan Məsud (h.529–547 (1134–1152)-ci illər) Atabəy Şəms əd-Din Eldəgəzi (h.531–571 (1136–1175)- illər) qoşunun bir hissəsi ilə Arrana göndərdi və o, qısa müddətdə Arran, Gəncə, Şirvan və Bakını bütövlükdə zəbt etdi…"[20][21]
Lakin Hadi Həsən X. F. Əhmədrozun əsərinə istinad edərək Eldəgəzin nə vaxtsa Şirvanşaha qarşı çıxıb, onun ərazisini tutduğuna şübhə ilə yanaşır. Ehtimal ki, Eldəgəz və sonralar Qızıl Arslan Şirvanı həqiqətən tutmuşlar. Lakin bu, Eldəgəzin gürcülər üzərinə məlum hərbi səfərlərində gürcü qoşunlarını darmadağın edərək Qafqaz ölkələrini işğal etdiyi vaxtlar olmuşdur."[22][23] Gürcü hökmdarları o vaxtlar Cənubi Qafqazın nüfuzlu və güclü dövlətlərindən olan Şirvan dövləti ilə müttəfiq olmaqda maraqlı idilər. Belə ki, onlar Şirvanşahların simasında XII əsrdə dəfələrlə Gürcüstana hücum etmiş səlcuqilər və Atabəylərlə uzunmüddətli mübarizələrində özlərinə istinadgah axtarırdılar. Bu mürəkkəb xarici siyasi vəziyyətdə Axsitan dayısı oğlu və arvadının dayısı olan gürcü hökmdarı III Georgiyə həlledici yardım göstərdi. "Kartlis tsxovreba"da I Axsitanın gürcü hökmdar evi ilə əlaqələri əksini tapmışdır. Gürcü salnaməsi xəbər verir ki, "Movakanın, Şirvanın və Dərbənddən Xalxala qədər dəniz sahilinin hökmdarı Aqsartan (Axsitan) Georgiyə (1156–1184) oğul münasibəti bəsləyirdi. Çünki o, böyük hökmdar Davidin bu ölkələrə ərə verdiyi bibisi Tamarın oğlu idi. Dərbənd xəzərləri bu Şirvanşahı sıxışdırmağa başlayanda, o, kömək üçün hökmdara müraciət etdi, hökmdar Lix dağlarının hər iki tərəfindən qoşun topladı, yunan imperatorunun qardaşı Androniki də özü ilə götürüb, Dərbənd qapısından keçərək Müşkür, Şarabama (Şəbəran) mahallarını viran etdi və Şaburan (Şəbəran) şəhərini aldı.Hökmdar şəhərin qapıları qarşısında olarkən Andronik onun və bütün qoşunun diqqətini cəlb etdi. Georgi şəhəri dayısı oğlu Şirvanşaha verdi."[24][25][26]
Bu vaxt Bizans imperatorunun qardaşı, III Georginin bibisi oğlu və Axsitanın xalası oğlu Andronik Komnen arvadı və uşaqları ilə Şirvanla Gürcüstan sərhəddində qonaq idi.[25] Onlar Axsitanla birlikdə Şirvan-Gürcüstan qoşunun başında duraraq, rusların və qıpçaqların Şirvana basqının dəf olunmasında fəal iştirak etdilər. Gürcü salnaməçisi bu müharibədə Axsitanın və Şirvan qoşununun həlledici rolunun üstündən sükutla keçərək, qələbəni bütövlükdə Georginin və Andronikin igidliyi ilə bağlayır. Həmin hadisələr Xaqaninin I Axsitana həsr olunmuş və onun qələbəsini tərənnüm edən üç mədhiyyəsində də əksini tapmışdır. Həmin şeirlərdə Xaqani Volqadan keçib gələn rus dəniz quldurlarının basqınından danışaraq deyir ki, onlar 73 gəmi ilə Ruinas (Sarı) adasına yaxınlaşıb, lövbər saldılar, sonra Kür çayı ilə üzüyuxarı qalxaraq Ləmbərana gəlib çıxdılar. Eyni vaxtda, qıpçaqlar Dərbəndi ələ keçirdilər və cənubdan irəliləyərək Şəbəran qalasını tutdular.[27][28][29] Zavallı Axsitan, kömək üçün III Georgiyə müraciət etmişdir. Gürcü-Şirvan qoşunları ilə birlikdə işğalçıları rnəğlubiyyətə uğradaraq Şirvandan qovmuş, donanmalarını isə məhv etmişdilər. Qıpçaqlar da məğlub edildilər. Axsitan Dərbəndi və Şəbəranı geri aldı və onlar yenidən Şirvanşahın torpaqlarına daxil olundular.[30] Həmin mədhiyyələrin birində Xaqani deyir:
Böyük xaqanimiz Əbülmüzəffər,
Zəfərçalanların önündə gedər.
Xəzran ordusuna qələbə çalmış,
Boynuna Xizərən kəməndi salmış…
Göylər qılıncına göstərdi mədəd,
Fəth oldu əliylə Şəbəran, Dərbənd.[31]
Şirvana edilən bu basqın Axsitanın hakimiyyət dövrünün mühüm hadisələrindən biri olub, h.570 (1174/5)-ci ildə baş vermişdir.[32][33]
Axsitanın gürcü xanədan evi ilə əlaqələri sonralar da davam etmişdir. Xaqaninin Təbrizdən gürcü hökmdarına göndərdiyi məktubdan aydın olur ki, III Georgi h.573 (1177/8)-cü ilin əvvəlində Şamaxıda Axsitanın sarayında qonaq olmuş, burada dostluq haqqında müqavilə imzalayıb Gürcüstana qayıtmışdır.[34] III Georgi 1184-cü ildə öldükdən sonra Axsitan onun hakimiyyətə keçmiş qızı Tamarla qohumluq və müttəfiqlik münasibətlərini davam etdirirdi. "Kartlis tsxovreba"da yazıldığına görə Tamar birinci əri rus knyazı Georgidən boşandıqdan sonra, təqr. H.582 (1187)-ci ildə onunla evlənmək istəyənlər arasında "ona dəlicəsinə vurulmuş Şirvanşah Axsartan" da elçi gəlmişdi.
Lakin Tamar bu təklifı rədd etdi və tezliklə gənc osetin knyazı David Soslana ərə getdi.[35] Axsitan bu vaxtlar artıq cavan deyildi, ehtimal ki, yaşı 60-ı keçmişdi. Hakimiyyətinin ilk on ilində nikahla Dərbənd əmiri və gürcü hökmdarı ilə münasibətlərini qaydaya salan Axsitan səylərini səlcuqilər və Eldəgəzlərlə yaxınlaşmağa yönəltdi.
Şirvanşah öz siyasətində onun taxta oturmasına kömək göstərmiş Eldəgəzlərə arxalanırdı. Atabəy və sultan Qızıl Arslan h.587 (1191)-ci ildə ismaililər tərəfindən öldürüldükdən sonra onun qardaşı uşaqları, Cahan Pəhləvanın oğlanları arasında hakimiyyət uğrunda mübarizə başladı. Bunun nəticəsində ölkə onların arasında aşağıdakı şəkildə bölüşdürüldü: Əbu Bəkr Azərbaycan və Arranı, Özbək Həmədanı idarə etməyə başladılar. Rey, İsfahan və İraqın qalan hissəsi Qutluq İnanc Mahmuda və Əmir Əmiran Ömərə çatdı. Sonuncular Naxçıvanda olan Əbu Bəkrə qarşı çıxdılar, lakin məğlubiyyətə uğradılar.[36][37] Əmir Əmiran Ömər Şirvana qaçdı. "Burada Şirvanşah (Axsitan) onu qarşılayaraq ehtiram göstərdi, qızını ona ərə verdi, ona pul, yüzə yaxın at, silah və lazım olan hər şey bağışladı". Bundan sonra Şirvanşah kürəkəni Əmir Əmiran Ömərlə Əbu Bəkrin üstünə yeridi, lakin onlar Beyləqan yaxınlığında məğlubiyyətə uğradılar və Əbu Bəkr onları Arrandan qovub çıxardı. Bu hadisələrdən sonra təqribən 1192-ci ildə Şirvanşaha və onun ailəsinə bədbəxtlik üz verdi. Gürcü salnaməsi xəbər verir:
"Şirvanşah və Əmir Mirman çarəsiz vəziyyətə düşdülər. Belə ki, Şirvan ölkəsi o vaxt Allahın qəzəbinə düçar oldu: yerin silkələnməsindən Şəmaxiyyə şəhərinin divarları və qalaları uçulub dağıldı. Hər şey məhv oldu, eləcə də, Şirvanşahın arvadı və uşaqları həlak oldular. Onlar bundan xəbər tutduqda ağlayıb başlarına kül sovurdular, ətraflarına baxdıqda Allahdan başqa bir köməkçi və xilaskar görmədilər".[38][39]
Şamaxını bərk dağıdan bu zəlzələdən çoxlu adam, o, cümlədən Şirvanşahın ailəsi, onun arvadı İsmət əd-Din, oğlu və vəliəhdi Mənuçöhr, qızı – Əmir Əmiran Ömərin arvadı və digər qızları həlak oldu. Bu fəlakət nəticəsində Axsitandan sonra Şirvanı onun ehtimal ki, əyalət hakimləri olan qardaşları idarə etməyə başladılar. Ehtimal ki, Şirvanın paytaxtı Şamaxı dağıldıqdan sonra Şirvanşah öz iqamətgahını Xəzər dənizində rahat liman, yaxşı möhkəmləndirilmiş, iki cərgə qala divarları ilə dövrələnmiş şəhər müdafıə istehkamları sırasında Qız qalası olan Bakıya köçürmüşdü. Xaqaninin Şirvanşah Axsitanı mədh edən məşhur qəsidəsində Bakının əhəmiyyəti qeyd edilir.
Bakı duasını unutmaz bir an
Olub sayəsində Bəstam, Xavəran.[40]
Xaqani Bakıdan yenilməz qala, Şərqin mühüm şəhərlərindən biri kimi danışaraq, onu Xorasanın çox yaxşı möhkəmləndirilmiş şəhəri Bəstanla müqayisə edir. Şirvanşahın iqamətgahının Abşerondakı Bakıya köçürülməsilə əlaqədar burada XII əsrin sonlarından müdafiə qalaları və bürcləri tikilməyə başladı.
Şirvanın paytaxtı Şamaxı dağıldıqdan və Əbu Bəkrlə müharibədə məğlub edildikdən sonra Şirvanşah Axsitan və Əmir Əmiran Ömər III Georginin qızı hökmdar Tamardan yardım istəmək məqsədilə Tiflisə gəldilər. Gürcü mənbəyinə görə, Şirvanşah Tamarın azyaşlı qızı Rusudanı Eldəgəz Əmir Əmiran Ömərə almaq üçün elçilik etmiş, lakin rədd cavabı almışdı. Lakin Tamar Eldəgəzi və qohumu Axsitanı yaxşı qarşılamış, onlara hörmət göstərmiş və Əbu Bəkrə qarşı birgə mübarizə aparmaq təklifləri ilə razılaşmışdı. "Bu vaxt hökmdar Tamarın bütün vəzirləri və sərkərdələri onun hüzuruna yığıldı, Şirvanşah da zahir oldu. Onlar düşməni qarşılamaq qərarına gəldilər, buna görə də qoşun yığmaq üçün bütün vilayətlərə (əmr) göndərdilər".[41][42]
Arran qoşunlarının bir dəstəsi də Şirvanşaha və onun döyüşçülərinə qoşuldu. Bir türkmən dəstəsi də toplanıb onun sərəncamına gəldi. Birləşmiş Şirvan-gürcü qoşunları Şəmkir vilayətinə daxil oldular və 1195-ci il iyulun 1 də Şəmkir şəhərinin həndəvərində baş verən vuruşmada Əbu Bəkrin qoşunları məglubiyyətə uğradıldı, o özü isə çətinliklə yaxasını qurtarıb Beyləqana qaçdı. Səhərisi şəmkirlilər gəlib şəhərin açarını təqdim etdilər. Müttəfıq qoşunlar Atabəylə müharibəni davam etdirərək, Arran və Azərbaycanın bir sıra şəhər və qalalarını tutdular, habelə çoxlu qənimət və əsir götürdülər. Bu hadisələrdən sonra Axsitan öz qoşunları ilə Şirvana qayıtdı. Əmir Əmiran Ömər isə Gəncəyə daxil oldu, lakin 22 gündən sonra öldü.[43][44][45]
Axsitanın ömrünün sonunadək, görünür, başqa əhəmiyyətli bir hadisə olmamışdır. Axsitan uzun ömür sürmüşdür. Axsitanın otuz yeddi illik hökmranlığı dövründə apardığı daxili və xarici siyasət, ölkədə dövlətin mərkəzləşdirilməsinin gücləndirilməsi nəticəsində Şirvanşahlar dövlətinin siyasi, iqtisadi və mədəni həyatının inkişafi üçün əlverişli şərait yaranmışdı. XII əsrdə Şirvanın sosial və mənəvi həyatının dirçəlməsi cəmiyyətin bütün əvvəlki inkişafından doğan tarixi qanunauyğunluğun nəticəsi idi. Alim, fılosof və şairlərə hamilik edən Axsitanın hakimiyyəti dövründə poeziya yüksək inkişaf səviyyəsinə çatdı. Atası III Mənuçöhrün vaxtında olduğu kimi, Şirvanşahın sarayında Azərbaycan şeir məktəbini yaradan bütöv bir görkəmli şairlər dəstəsi toplaşmışdı. Onların arasında bir sıra gözəl əsərlər yaratmış Xaqani öz istedadı ilə seçilirdi. Həmin dövrdə başqa bir dahi şair – 1188-ci ildə Axsitanın sifarişilə "Leyli və Məcnun" poemasını yazmış Nizami bütün Yaxın Şərqdə şöhrət qazanmışdı.[46]
Sikkələri
[redaktə | vikimətni redaktə et]Axsitanın sikkələrinin aşağıdakı dörd növü vardır.[47]
Birinci növ sikkənin üz tərəfində xəlifə əl-Müstəncid billahın (h.555–566 (1160–1170)-cı illər) və İraq sultanı Arslan şahın (h.555–571 (1160–1176)-cı illər) adları və həmişəki kimi dini rəmz, arxa tərəfındə "əl-məlik əl-müəzzəm Axsitan ibn Mənuçöhr" həkk olunmuşdur. Amerika Numizmatika Fondundakı zərbxananın adı və kəsilmə tarixi göstərilməyən mis sikkə də bu növə aiddir. Həmin sikkədə xəlifə Müstəncid (h.555–566 (1160–1170)-cı illər) və səlcuq sultanı Arslan şahın (h.555–571 (1160–1176)-ci illər) adları vardır. Üz tərəfində "əl-məlik əl-müezzəm Axsitan ibn (Mənuçöhr) beş və əlli (xəms və xəmsin)", arxa tərəfində isə "əl-Müstəncid) billah əl- sultan Aslan şah" [sic] yazılmışdır.[48][49][50][51]
İkinci növ sikkənin üz tərəfındə xəlifə əl-Müstədi (h.566–575 (1170–1180)-ci illər) və sultan III Toğrul (ibn Arslan şahın) (h.571–590 (1176–1194)-cı illər) adlan durur. Əks tərəfində: "əl-məlik əl-müəzzəm Axsitan ibn Mənuçöhr".
Üçüncü növ sikkənin üz tərəfində din rəmzi, xəlifə ən Nasirlidin Allahın (h 575–622 (1180–1225)-ci illər və sultan III Toğrulun (h.571–590 (1176–1194)-cı illər)adı və "əl-müəzzəm Axsitan ibn Mənuçöhr" yazılmışdır.
Dördüncü növ sikkənin üz tərəfində din rəmzi, xəlifə ən-Nasirlidin Allahın (h.575–622 (1180–1225)-ci illər) yerləşdirilmişdir. Sultanın adı yoxdur. Əks tərəfdə din rəmzi və "əl-məlik müəzzəm Axsitan ibn Mənuçöhr Şirvanşah".[52][53] Bu gümüş sikkə sayıla bilən sonuncu Şirvanşah sikkələridir, belə ki, onların tərkibi azacıq gümüş qatılmış misdən ibarətdir. Həmin sikkələr Şirvanşahın İraq səlcuq sultanlarından asılı olduğunu göstərir. Lakin sonuncu növ sikkədə Axsitanın "məlik əl-müəzzəm" titulu ilə yanaşı ilk dəfə "Şirvanşah" sözünün əlavə edilməsi və sultanın adının olmaması Şirvanşahın müstəqilliyini və səlcuqilərin vassallığını qəbul etmədiyini göstərir ki, bu da Səlcuqilər dövlətinin tənəzzülə uğraması və Şirvanşahlar dövlətinin güclənməsi ilə bağlı idi.
Ailəsi
[redaktə | vikimətni redaktə et]Tamaranın bacısı İsmətəddin Səfvətəddin Səfvət-İslamla (ö. 1192) evlənmişdir. Axsitanın dörd qızı və iki oğlu olmuşdur. Xaqani Axsitanın Gürcüstana səfəri zamanı ona yazdığı məktubda Şirvanşahın körpə oğlu "Məlik Fəxr əd-Dünya və-d-Din oğlu məlik Əbül Fəth Məhəmməd şah"ın adını çəkir.[54] Xaqani Şirvanın vəliəhdinin tərbiyəçisi və müəllimi olmuşdur. Axsitanın bu oğlu uşaq ikən, 1176-cı ilin axırlarında Şirvanda ölmüşdü.[55] Axsitanın arvadı təqribən 1176-cı ilin axırında, yaxud 1177-ci ilin əvvəlində bir oğlan da doğmuşdu. Bu, Nizaminin "Leyli və Məcnun" poemasında oğlu Məhəmmədi etibar etdiyi vəliəhd idi. O vaxtlar Mənuçöhr adlanan şahzadənin təqribən 11–12, Nizaminin oğlunun isə 14 yaşı vardı. H.571 (1176) -ci ildən Təbrizdə yaşayan Xaqani oğlu olması münasibətilə Şamaxıya məktub yazaraq, Axsitanı təbrik etmiş, o isə əvəzində şairə hədiyyələr göndərmişdi.[56][57] Qızlarından birinin Əmir Əmiran Ömərə nişanlandığı bilinir, digər üç qızının adı isə naməlumdur. Hamısı 1192-ci ildə zəlzələdə vəfat etmişlər.
Hələ Məzyədilərin Şirvanın qədim torpaqlarından saydıqları Dərbəndə gəlincə, Axsitan onu öz nüfuzuna tabe etdirmək məqsədilə gürcü hökmdarı I Demetrinin (1125–1156)[58] kürəkəni olan Dərbənd əmiri Əbül Müzəffər Seyf əd-Dinin qızı və əmir Bəybarsın bacısına evlənmişdi. Beləliklə, I Axsitanın arvadı İsmət əd- Din Səfvət əd-Din Səfvət əl-İslam Axsitanın dayısı qızı (anasının qardaşı I Demetrinin qızı) və gürcü hökmdarı III Georginin bacısı qızı (Axsitanın dayısı oğlu III Georginin bacısı qızı) idi. Bu nikahla Axsitan həm Dərbənd hakimləri, həm də gürcü hökmdar evi ilə qohumluq və müttəfiqlik münasibətləri yaratmışdı.
Ailə üzvləri
[redaktə | vikimətni redaktə et]- Atası III Böyük Mənuçöhr. Şirvanşah.
- Anası Tamar. Gürcüstan çarı IV Davidin qızı, Şirvan məleykəsi, ömrünün son dövlərində Tiğva monastırında rahibə, Baqrationi sülaləsindən. Şirvanşahdan 3 oğlu və 1 qızı olmuşdur.
- Tamarın oğullarından biri. Şervaşidze sülaləsinin qurucusu. Babası IV David tərəfindən Suxumiətrafı torpaqların idarəsi ona verilmişdir.
- Tamarın kiçik oğlu. III Mənuçöhrün ölümündən sonra Tamar kiçik oğlunu hakimiyyətə gətirməyə cəhd etmişdir.
- Həyat yoldaşı İsmətəddin Səfvətəddin Səfvət əl-İslam. Dərbənd əmiri Əbül Müzəffər Seyf əd-Dinin qızı, Baqrationi sülaləsindən. Axsitanın ən azı 2 oğlu və 4 qızı olmuşdur.
- Oğlu Məlik Fəxr əd-Dünya və-d-Din oğlu məlik Əbül Fəth Məhəmməd şah. Uşaq vaxtı ölmüşdür.
- Oğlu Mənuçöhr. Axsitanın vəliəhdi. Şirvan zəlzələsində ölmüşdür.
- Qızı. Eldəniz şahzadəsi Əmir Əmiran Ömərin həyat yoldaşı. Axsitanın qızı bacıları ilə birlikdə Şirvan zəlzələsində ölmüşdür. Əmir Əmiran Ömər Gəncə əhalisi tərəfindən öldürülmüşdür.
- Qardaşı II Afridun ibn Mənuçöhr. Şirvanşah. Öldürülmüşdür.
- Qardaşı oğlu Fəribürz
- Qardaşı Fəribürz. Atasının hakimiyyəti dövründə xəstələnib ölmüşdür.
- Bacısı Alçiçək Sultan. Atasının hakimiyyəti dövründə xəstələnib ölmüşdür.
- Qardaşı Şahənşah. Xələfi
- Qardaşı Fərruxzad
SƏLƏF II Afridun ibn Mənuçöhr |
I Axsitan Kəsranilər |
XƏLƏF Şahənşah ibn Mənuçöhr |
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Brosse, c.397
- ↑ Hadi Həsən. Fələki Şirvani, s.26.
- ↑ Дopн. Oпыт иcтopии, c.551
- ↑ Nizami. Leyli və Məcnun. Te9hran, h.1317 (fars dilində), s.ЗO, sət. 4, 6–9, 11
- ↑ Бepтeльc. Hизaми и Физyли, c.142
- ↑ Kulliyat Xakani, c.l 19.
- ↑ Hadi Həsən. Fələki Şirvani, s.28, 32
- ↑ O.B.Bильчeвcкий. Xpoнoфaммы Xaкaни. "Эпифaфикa Bocтoкa", XIII, M., 1960, c.59
- ↑ A.A.Aлecкepзaдe. Haдпиcь мapдaкянcкoй квaдpaтнoй бaШ-ни. Cб. "Apxитeктypa Aзepбaйджaнa эпoxи Hизaми" M., 1947, c.379.
- ↑ Бepтeльc. Hизaми и Фyзyли, c.141
- ↑ Иcтopия и вocxвaлeниe вeнцeнocцeв. Пepeв. c фyз. K.C.Keкeлидзe. Tбилиcи, 1954, c.56–57, 59–62
- ↑ P.K.Kикнaдзe. ПapcaдaH Гopгиджaнидзe и "Иcтopия и вocxвaлeниe вeнцeнocцeв". Tбилиcи, 1975 c.144 (gürcü dilində)
- ↑ Бepтeльc. Hизaми и Фyзyли, c.152–153
- ↑ S. Aşirbəyli – Şirvanşahlar dövləti, Bakı, 2006
- ↑ Гaфap Keндли. Xaкaни Шиpвaни, c.181
- ↑ P.A.Гyceйнoв, C.C.Aлияpoв. Из иcтopии coюзныx oтнoшeний Aзepбaйджaнa и Гpyзии в XII в. "Уч. Зaп. AГУ им. C.M.Kиpoвa", 1977, N°4.
- ↑ Qafaг Kəndli. Xaqani Şirvaninin ikiyeni məktubu. Təbriz, h. 1349, 1314–328 (fars dilində)
- ↑ Фaлaки Шиpвaни. Oдa нa cмepть цapя Дeмeтpe I, c.287, 289
- ↑ Qafar Kəndli. Xaqani Şirvaninin iki yeni məktubu, s.320–328
- ↑ Mиpxoнд. Payдaт ac-caфa. Изд. Лyкнoв., 1940, т.IV, c.202
- ↑ Hadi Həsən. Fələki Şirvani, s.35
- ↑ The history ofDamascus, ed. H.F.Amedroz. 1908, c.48, ərəb mətni, s.364–365
- ↑ Hadi Həsən. Fələki Şirvani, s.35.
- ↑ Бpocce, c.397
- ↑ 1 2 Иcтopия и вocxвaлeниe вeнцeнocцeв, c.27–28
- ↑ Пaxoмoв. Kpaткий кypc… c.35
- ↑ Hadi Həsən. Feləki Şirvani, s.36–37
- ↑ Изыcкaния, c.18–19
- ↑ Бapтoльд. Mecтo пpикacпийcкиx oблacтeй, c.369
- ↑ Hadi Həsen. Fələki Şirvani, s.36–37.
- ↑ Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı, 1987, s. 190–191.
- ↑ Б. Дopн. Kacпий. CПб, 1875, c.524–530
- ↑ Bильчeвcкий. Xpoнo-фaммы Xaкaни, c.62
- ↑ Qafar Kəndli. Xaqani Şirvaninin iki yeni məkrubu, s.314–315
- ↑ Иcтopия и вocxвaлeниe вeнцeнocцeв, c.45–46
- ↑ Aл-Xycaйни, c.148–149, 157
- ↑ Иcтopия и вocxвaлeниe вeнцeнoceв, c.56–57.
- ↑ Aл-Xycaйни, c. 157–158
- ↑ Иcтopия и вocxвaлeниe вeнцeнocцeв, C57
- ↑ Xaqani Şirvani. Seçilmiş əsərleri. Bakı, 1987, s.3l
- ↑ Иcтopия и вocxвaлeниe вeнцeнocцeв, c.57–59
- ↑ aл- Xycaйни, с.157–158
- ↑ Aл-Xycaйни, s. 154–160
- ↑ Иcтopия и вocxвaлeниe вeнцeнocцeв. c.59–65
- ↑ Kикнaдзe. Пapcaдaн Гopгиджaнидзe, c.144
- ↑ Бepтeльc. Hизaми и Физyли, c.140–141.
- ↑ Пaxoмoв. Moнeтныe нaxoдки в ACCP в 1924. "Изв. Aзepб. Apxeoл. Koм." вып.I, Бaкy, 1925, c.71–74
- ↑ Kyймджaн. Уникaльнaя мoнeтa, c.343–346
- ↑ Kyймджaн ,Hyмизмaтичecкaя иcтopия, c.169–173
- ↑ Пaxoмoв. Moнeтныe нaxoдки, вып.I, c.71–72
- ↑ Пaxoмoв, Kpaткий кypc… c.36
- ↑ Пaxoмoв. Moнeтныe нaxoдки, вып.I, c.71–74
- ↑ Kyймджaн. Hyмизмaтичecкaя иcтopия, c.174–183
- ↑ Qafar Kəndli. Xaqani Şirvaninin iki yeni məktubu, s.319
- ↑ Гaфap Keндли. Xaкaни Шиpвaни, c.181–185
- ↑ Бepтeльc. Hизaми и Физyли, c.141–144
- ↑ Qafar Kəndli. Xaqani Şirvaninin iki yeni məktubu, s.303–304
- ↑ Mинopcкий, c.223
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Azərbaycan tarixi.Uzaq keçmişdən 1870-ci ilə qədər.Red.Süleyman Əliyarlı.Baki 1996
- Z.Bünyadov "Azərbaycan Tarixi" Baki, 2005, səh 297
- Azərbaycan tarixi (III–XIII əsrin I rübü) Yeddi cilddə II cild.Bakı-Elm-2007
- Ziya Bünyadov. Azərbaycan VII–IX əsrlərdə.Bakı, "Şərq-Qərb", 2007
- Aşurbəyli S. Şirvanşahlar dövləti (VI –XVI əsrlər). Bakı: Azərnəşr, 1997, 405 s.