Tənzimat islahatları

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Tənzimat
Hüquqi sahə İslahat
Növ Dövlət sənədi
Ölkə Osmanlı İmperiyası
Qüvvəyə minib 1839-cu ildə
Qüvvədən düşüb 1876-cı ildə

Tənzimat (türk. تنظيمات‎ — "tənzimləmə", "yoluna qoyma") — İlk Osmanlı Konstitusiyasının qəbul edildiyi 1876-cı ilə qədər, 1839-cu ildən Osmanlı İmperiyasında modernləşmə islahatlarının ədəbiyyatda qəbul edilmiş adı (və onların həyata keçirilməsi dövrü) [1]. İslahatların təməl prinsipləri taxta çıxdıqdan sonra Sultan Əbdül-Məcid tərəfindən 1839-cu il noyabrın 3-də nəşr olunan "Gülxanə xətt-i Şərif"də təsbit edilmişdir. Əvvəlki islahatlardan fərqli olaraq Tanzimatda əsas yeri hərbi deyil, sosial-iqtisadi dəyişikliklər tuturdu. İslahat təşəbbüsü, "Gülxanə xətt-i Şərifin" müəllifi olan Mustafa Rəşid paşa rəhbərliyi ilə mütərəqqi bir bürokratiya qrupuna aid idi. O, bir neçə il İngiltərəFransada səfir, sonra isə Xarici İşlər Naziri postunu tutmuşdur. Onun rəhbərliyi ilə mərkəzi hakimiyyəti gücləndirmək, Balkanlarda azadlıq hərəkatının qarşısını almaq və mövcud sistemi Qərbi Avropa həyatının normalarına uyğunlaşdıraraq ölkənin Avropa güclərindən asılılığını zəiflətmək üçün yeni islahatlar planı hazırlanmışdır[2].

İslahatdan əvvəlki tarix və onu doğuran əsas şərtlər

[redaktə | mənbəni redaktə et]

XIX əsrin I yarısında ölkədə xarici kapitalın ağalığı türk ticarət və sənaye burjuaziyasını çox pis bir vəziyyətə salmışdı. Xarici kapitalistlər öz iqtisadi üstünlüyü və kapitulyasiya hüquqlarından istifadə edərək hazır sənaye məhsullarının idxalını və kənd təsərrüfatı məhsullarının ixracını öz əllərində cəmləşdirmişdilər. Osmanlının kapitalist dövlətlərinin xammal bazasına çevrilməsi prosesi güclənirdi. Osmanlının iqtisadiyyatı getdikcə daha çox birtərəfli şəkildə inkişaf edirdi. Beləliklə, XIX əsrin 30-50-ci illərində Osmanlının həm siyasi, həm iqtisadi cəhətdən Avropanın iri dövlətlərinin, başlıca olaraq İngiltərəFransanın müstəmləkəsinə çevrilməsi üçün zəmin yaranmışdı. Osmanlı dövlətinin geriliyini başa düşən mütərəqqi qüvvələr islahatların keçirilməsini istəyirdilər. Onlar bu yolla Avropa dövlətlərinin Osmanlı dövlətinin daxili işlərinə qarışmasının qarşısını almaq, daxili böhranı zəiflətmək niyyətində idilər. Həmçinin BalkanYaxın Şərqə iddiası olan böyük dövlətlər hər an Osmanlının zəifləməsini gözləyirdilər. Üstəlik ucqarlarda olan yerli feodallarda seperatizmə meyl edirdilər. Eyni zamanda, imperiyada siyasi böhranda davam edirdi və bu böhranın ən parlaq təzahürü XIX əsrin 20-30-cu illərində oldu. Müasir Balkanların bir hissəsini və Yunanıstan ərazilərini itirən Osmanlı Misir və kürd tayfalarının çıxışlarını güclə yatırdı.

Xoca Mustafa Rəşid Paşa

Artıq XIX əsrin birinci yarısında, xüsusən Avropadakı sənaye inqilabının başa çatmasından sonra həm Asiya, həm də Avropa ölkələrində şəhər sənətkarlığının fəaliyyət göstərməsi üçün şərait kəskin şəkildə pisləşdi. Bir çox sənətkar sex və müəssisələri bazara daha ucuz və keyfiyyətli Avropa malları girməsi səbəbindən iflasa uğradı. Anadoluda ən inkişaf etmiş istehsal sahələri - pambıq, parça, ipək, metal emal mərkəzləri - Bursa, Ankara, Diyarbəkir, Amasya, Tokat xüsusilə bunun ağır nəticələrini hiss etdi. Belə ki, XIX əsrin ilk 40 ilində BursaDiyarbəkirdə parça istehsalı 10 dəfə azaldı. Əsas ixrac olunan malların istehsalı kəskin şəkildə azaldı: ipək parçalar, yun, işlənməmiş dəri, yağlı bitkilər, təbii boyalar, zeytun yağı, tütün, taxıl, qoz-fındıq, həmçinin tiryək.

Mehmet Əmin Əli Paşa

Rus səyyahı M.P.Vronçenko XIX əsrin 30-cu illərində Kiçik Asiyanın iqtisadi vəziyyətini diqqətlə araşdıraraq qeyd edirdi ki, Ankaradakı yun əyirmə cihazlarının sayı 2000-dən 100-ə qədər azalmışdır. Çünki Avropanın istehsalı olan Anqora yun məhsullarının dəyəri xeyli ucuz başa gəlirdi. Bu sahələrin böhrana düşməsi kənd təsərrüfatına da təsir göstərirdi. Düzdü kənd təsərrüfatı malları rəqabətə davamlı idi, lakin əsas ixrac məhsullarının istehsalının azalması onu da böhrana sürükləyirdi. Əhalinin 90%-nin kənd təsərrüfatında çalışdığını nəzərə alsaq bunun necə acı nəticələr doğurduğunun şahidi olarıq.

Bütün bu səbəblərdən dolayı Sultan II Mahmud hakimiyyətinin son illərində islahatlar keçirməyə başladı, belə ki o, imperiyanın ciddi bir islahata ehtiyacı olduğunu yaxşı anlayırdı. Sultan RumeliAnadolu feodallarının separatizminə qarşı mübarizə aparırdı. 1822-ci ildə Yanin paşası Əli paşanın müqavimətini qırdıqdan sonra Avropa və Kiçik Asiyadakı ayan və dərəbəylərin özbaşınalığına son qoyuldu (Qaraosmanoğlu, Çapanoğlu). Bu islahatlar arasında hərbi-len sisteminin ləğv edilməsi mühüm yer tuturdu. 1834-cü ildə sultan hərbi-len sistemini ləğv etdi. Len sahiblərinin ixtiyarında bu vaxtadək qalmış olan timar və ziyamətlər alınıb, dövlət torpaq fonduna qatıldı. Len sahibliyi hüququ haqqında sultandan fərmanı alanlara, alınan torpaq əvəzində dövlət qiymətilə pul təyin edildi. Qalan len sahiblərinin torpaqları pulsuz alındı. Alınan torpaqlar, çoxdan bəri bu yerləri becərən kəndlilərin istifadəsində saxlanıldı. Əvvəlki hərbi-len torpaqlarında çalışan kəndlilər, torpaqdan istifadəyə görə dövlətə vergi verməli idilər. Bu halda, kəndlilər həmin torpaqların sahibkarları deyil, ömürlük istifadə üçün torpağa sahib olmuş kəndli kimi qəbul olunurdular. Müsadirə edilən boş yerlərin xeyli hissəsi isə satışa buraxıldı və şəhər varlıları, sultan məmurları tərəfindən dəyər-dəyməzinə pulla alındı. Bu islahat, feodal münasibətlərinin yarımfeodal əlaqələrlə əvəz olunmasına səbəb oldu ki, bu da kənd təsərrüfatının inkişafı üçün bəzi imkanlar yaratdı. Lakin bu islahat da axıra kimi davam etdirilmədi. Hərbi-len sistemi dövründəki yardarlıq sistemi islahatdan sonra da qalırdı. Əvvəlki kimi kapitalist inkişafına mane olan bir faktor qalmaqda idi ki, bu da şəxsi mülkiyyətin təmin olunmaması idi.

Hərbi-len sisteminin ləğv edilməsi inzibati sahədə də islahatlar keçirilməsinə səbəb oldu, çünki Osmanlı imperiyasında inzibati quruluşun əsasını da hərbi-len sistemi təşkil edirdi. 1834-cü ildə yeni inzibati islahata görə bütün ölkə ərazi əlaməti əsasında vilayətlərə və sancaqlara (mahallara) bölündü.

Başqa islahatlar içərisində, 1836-cı ildə gömrük sisteminin vahid şəklə salınmasını, taxıl və yun satın almaq sahəsində dövlət inhisarının 1838-ci ildə ləğv edil­məsini, 1836-1837-ci illərdə Xarici işlər, Daxili işlər, Maliyyə Nazirliklərinin, Hərbi Nazirliyin yaradılmasını, Paris, Vyana, LondonBerlində səfirliklərin açılmasını da göstərmək olar. 1826-cı ildə İstanbulda hərbi-tibb məktəbi açıldı. 1832-ci ildə isə türk dilində ilk qəzet “Təqvimi-vəqai”(Hadisələrin gündəliyi) nəşr edildi[3].

Hətta məmurların zahiri görünüşünü müəyyən edən fərmanlar verildi. Şəhər əhalisinin xarici görünüşündə də Avropa təsiri özünü göstərməyə başlayır.

Yeni etapda islahatlar keçirilməsinin əsas təşəbbüskarı XIX əsrin I yarısında Türkiyənin böyük dövlət xadimi Mustafa Rəşid Paşa idi.1834-cü ilin iyununda o, Türkiyənin elçisi kimi Parisə göndərildi. 1836-cı ildə o, Londona səfir təyin edildi.

Baş vəzirin səlahiyyətlərinin azaldılması və onun işlərinin nazirlərə paylanılması sarayın qüvvətlənməsi ilə nəticələndi. Əhalinin siyahıya alınması aparıldı, təhsil sahəsində ciddi qərarlar qəbul olundu, hərbi məktəblər açıldı.

1837-ci ilin iyununda Mustafa Rəşid bəy xarici işlər naziri təyin olundu və paşa titulu aldı. Londondan İstanbula qayıdan Mustafa Rəşid Paşa belə fikirdə idi ki, yalnız Türkiyəni Qərbi Avropa həyat normalarına yaxınlaşdıran islahatlar, uzunsürən iqtisadi və siyasi böhranın öhdəsindən gəlməyə imkan verər, Avropa ölkələrində Türkiyənin avtoritetini qaldırar. II Mahmudun razılığını alan Rəşid paşa islahatlar haqqında fərmanın hazırlanmasına başladı.İslahatların hazırlanması ilə 1838-ci ildə yaranmış xüsusi islahatlar üzrə şura İctimai Faydalı İşlər Şurası məşğul olurdu. Lakin II Mahmud islahatlarını tamamlaya bilmədi, o, 1839-cu ildə vəfat etdi və hakimiyyətə Mahmudun böyük oğlu Əbdül-Məcid gəldi. Əbdül Məcid hakimiyyətə gəldikdən sonra islahatlar haqqında qərar yerinə yetirilmədi. Tezliklə Rəşid paşa Əbdül Məcidin razılığı ilə islahatlar layihəsi üzərində işini davam etdirdi. 4 ay sonra xətti -şərif layihəsi artıq hazır idi.

İslahatların gedişi

[redaktə | mənbəni redaktə et]

Tarixşünaslıqda bu islahatlar şərti olaraq iki dövrə bölünür:

  • Birinci dövr – 1839-1853-cü illər, yəni Krım müharibəsi başlamazdan əvvəl.
  • İkinci dövr – 1856-cı ildən 1876-cı ilədək, yəni müharibənin sonundan 1876-cı ildə konstitusiyanın qəbul edilməsinə qədər.

Gülxanə xətt-i Şərifi

[redaktə | mənbəni redaktə et]

1839-cu ildə hakimiyyətə gələn Sultan Əbdül-Məcid Türkiyə tarixində tənzimat padşahı kimi tanınır. Belə ki, 1839-cu il noyabrın 3-də Musatafa Rəşid Paşanın komissiyası tərəfindən sultanın ali fərmanı elan edildi. Bu fərman Gülxana sarayında oxunduğu üçün “Gülxana fərmanı” adlandı. Fərmanda Osmanlı imperiyasının əhalisinin həyat, şərəf və əmlak təhlükəsizliyinin təmini elan edilirdi. “Gülxana fərmanı” xristian xalqların hüququnu daha da genişləndirdi. Tənzimat dövründə xristian təbəələr dövlətə qarşı fəaliyyətlərini daha da gücləndirdilər. İkinci ən vacib məsələ vergi məsələsi idi. Vergi hər kəsin bacarığına görə müəyyən edilməli və bundan artıq alınmamamlı idi. 1840-cı ildə vergi toplanması tamamilə qaydaya salındı. Belə ki, vergi toplama işi valilərin və mültəzimlərin əlindən alınaraq maaşlı xüsusi maliyyə məmurlarının əlinə keçdi. Valilər isə yalnız asayiş və hərbi işlərlə məşğul olmalı idilər. Toplanan pullar birbaşa xəzinəyə təhvil verilməli idi. İltizam sistemi ləğv edildi. Orduya çağırış qaydaya salınmalı idi. Hərbi xidmət müddəti azaldılmalı idi. Dini etiqadından asılı olmayaraq imperiyada yaşayan bütün zümrələr hüquq və vəzifə cəhətdən tam bərabər elan edildi. Bu islahatlar bir tərəfdən Sultan Mahmud islahatlarının davamı, digər tərəfdən isə yeni islahatların başlanğıcını qoydu. Türkiyə tarixşünaslığında buna “tənzimati xeyriyyə” deyilir. 1843-cü ildə verilən yeni islahatla ordunun yeni quruluşu müəyyən edildi. Orduda xidmət müddəti 15 ildən 5 ilə endirildi. Hüquq sahəsində də islahatlar keçirildi. 1840-cı ildə cəza qanunnaməsi çıxdı. Hüquq sahəsində aparılan islahatlarda əsasən fransız hüququndan bəhrələnmişdilər. Bütün osmanlıların qanun qarşısında bərabər olması vurğulanırdı. “Tənzimati-xeyriyyə” Mustafa Rəşid Paşa tərəfindən hazırlanmışdı. O, mütərəqqi fikirli bir şəxs idi, lakin çox təəssüf ki, fərmandan qısa bir müddət sonra paşa vəzifədən kənarlaşdırıldı. Çünki onunla eyni ideya və məqsəddə olan adamlar çox az idi. “Tənzimati-xeyriyyə” demək olar ki, İstanbulda yerləşən bütün xarici ölkə səfirliklərinə göndərilmişdi. Bütün məhdud cəhətlərinə və tam tətbiq olunmamasına baxmayaraq bu islahatlar burjua səciyyəsi daşıyırdı, birbaşa ölkənin inkişafına xidmət edirdi.

1848-ci ildə Rəşid paşanın təşəbbüsü ilə İmperiya bankı yaradıldı, lakin uzunömürlü olmadı. 1850-ci ildə fransız ticarət məcəlləsi nümunəsində türk ticarət qanun məcəlləsi qəbul edildi.

Xətti-Şərif

"Gülxanə xətt-i Şərifi"n davamı olaraq 1864-cü ildə vilayətlər haqqında qanun, 1858-ci ildə - cinayət və torpaq, 1869-cu ildə - mülki məcəllələr (baxmayaraq ki, bunlar əsasən köhnə şəriət normalarının toplusu idi) qəbul edildi. 1858-ci ildə iqta sisteminin ləğvindən sonra inkişaf edən torpaq münasibətlərinı özündə əks etdirən torpaq qanunu qəbul edildi. Torpaqların böyük əksəriyyəti dövlətə məxsus idi və ya vəqf torpaqları adlanırdı. Belə torpaqlar əsasən icarəyə verilirdi. Onlar nə satıla, nə girov qoyula, nə də bağışlana bilərdi. Belə torpaqların varisliyi də məhdud şəkildə idi. Osmanlı dövlətində torpaq mülkiyyəti aşağıdakı kimi idi:

  • Miri - dövlət. Buraya ölkənin əsas torpaqları daxil idi. Bu torpaqlar dövlət mülkiyyəti sayılırdı.
  • Mulk - "şəxsi mülkiyyət." Bunlar şərtsiz feodalllara məxsus torpaq mülkiyyəti idi.
  • Vəqf - bu torpaqlardan alınan gəlirlər dini qurumlara və ya ictimai xeyriyyə ehtiyaclarına sərf olunurdu.

1857-ci ilin dekabrında Şeyxülislam, ali ədliyyə şurasının təsdiqi ilə dünyadan köçmüş varisləri olmayan "Miri" torpaq sahibi qadın və kişilərin mülkiyyətlərinin dəyəri ödənilmək şərti ilə onları əldə etmək istəyən insanların dairəsinin genişləndirilməsi haqqında qərar qəbul etdi. Belə torpaqları ilk növbədə mərhumun atasına və ya anasına pulsuz verilməsinə qərar verildi. Əgər onlar yox idilərsə, müəyyən bir ardıcıllıqla mülkiyyət satışa qoyulurdu. Vərəsələrin dairəsinin genişləndirilməsi ilə bağlı qərarlar 1858-ci il tarixli Torpaq Qanununa daxil edildi. 1858-ci ilin 25 fevralında bu sərəncam Miri torpaqlarına da şamil olundu. Həmin qanundan etibarən vəqiflər, nizamlanmış sənədlərlə Sultan Vəqifləri kimi tanınmağa başladı. 1839-1858-ci illərin aqrar münasibətlərə aid yenilikləri 1858-ci il aqrar qanuna hazırlıq idi. Qanunun hazırlanması xüsusi müvəqqəti komissiyaya həvalə edildi. I Süleyman Qanuni dövründən başlayaraq bütün torpaq qanunlarına və Şeyxülislamların torpaq mülkiyyəti ilə əlaqəli bütün fətvalarına baxıldı. 1858-ci ilin aprelin 21-də layihə Tənzimat Şurasına, sonra isə Şeyxülislam və böyük vəzir tərəfindən təsdiqlənmək üçün təqdim edildi. Sultanın təsdiqindən sonra qanun nəhayət 1858-ci il iyunu 6-da qüvvəyə mindi. Torpaq Qanununda Miri və Vəqflərin ixtiyarına verilmiş torpaqların istifadəsi tənzimlənirdi. Mülkü torpaq formasının yalnız adı çəkilirdi, çünki bu əmlaka sahib olmaq şəriət qanunları ilə tənzimlənirdi. Ənənəvi Osmanlı təsnifatına uyğun olaraq dövlətdə mövcud olan torpaq mülkiyyəti beş kateqoriyaya bölünürdü: # Mülk torpaqları (məmlukə)

  1. Dövlət torpaqları (miriyə)
  2. Vəqf torpaqlərə (məvkufə)
  3. İctimai torpaqlar (mutrakə)
  4. Boş torpaqlar (mevat)

Torpaq qanunu mühafizəkarlığı ilə diqqəti çəkirdi. Hər kəs istədiyi kimi torpaqdan istifadə edə bilməzdi. Məsələn torpaq sahəsində kərpic kəsmək qadağan edilirdi. Belə torpaqlarda mərhumun dəfn edilməsi qadağan edilirdi. Məmurun rəsmi icazəsi olmadan ağac əkmək və ya bağ salmaq mümkün deyildi. 1858-ci il qanununa əsasən torpaqların pulsuz bağışlanması və ya satılması yalnız müvafiq dövlət məmurunun icazəsi ilə mümkün idi. Lakin torpaq sahəsinin sahibinin mülkiyyətini idarə etmək imkanları xeyli genişləndi. O, torpaq sahəsini icarəyə verə, onun üçün kredit götürə və ya girov kimi qoya bilərdi. 1858-ci il qanununa əsasən kəndlilərin torpaq üzərində hüquqları genişlənsə də, onlara mülkiyyət hüququ verilmədi.

Torpaq üzərində mülkiyyət hüququ dövlətin ixtiyarında qaldı, Miri torpaqlarının istifadəsində feodal məhdudiyyətləri qorunurdu. Türk kənd təsərrüfatı məhsullarına əsasən xaricdə artan tələbatla əlaqədar olaraq təsərrüfatda çiftliklər getdikcə daha çox yayılmağa başladı. Sosial-iqtisadi mənada çiftlik dövlət torpaq mülkiyyəti və fərdi torpaq mülkiyyəti formalarının inkişafının ümumi obyektiv prosesinin konkret tarixi təzahürüdür. Çiftlik torpaq mülkiyyəti Osmanlı feodalizminin parçalanma dövrünə xas olan torpaq mülkiyyətinin yeni inkişaf etmiş bir formasıdır. Bu şərtlərdəki çiftlik kənd təsərrüfatında və bütövlükdə Türkiyədə sosial-iqtisadi münasibətlərdə mütərəqqi bir amil idi. Tanzimat illərində vergi siyasəti "Xətt-i-humayun"un nəşrindən 15 il keçdikdən sonra aşarın ticarətdən kənarlaşdırması proseduru ilə nəticəsini göstərdi. Onun birbaşa dövlət tərəfindən yığılması, aşarın verilməsi üçün dövlət tərəfindən tenderlərin təşkili qaydası, məhsuldan asılı olaraq fermerlər tərəfindən aşar yığılması qaydası və s. müəyyənləşdirildi. Lakin qətnamənin özündə də bu sistemin ləğvi barədə bir söz belə yox idi.

Osmanlı İmperiyası tarixində ilk dəfə olaraq dəmir yollarının inşası məsələsi qaldırıldı. Sultan Türkiyəsinin dağılmış və geridə qalmış yol infrastrukturu Qərbin iqtisadi və ticarət ekspansiyasının genişlənməsinə mane olurdu. Osmanlı hökuməti də yol sisteminin yenilənməsinin zəruriliyini anlayırdı. 1866-cı ildə imperiyada yol tikintisi layihələrini hazırlamaq üçün xüsusi bir hökumət komissiyası yaradıldı. Ancaq əslində bu komissiyanın fəaliyyəti əsasən İstanbul küçələrinin təmir edilməsi ilə kifayətləndi. Buna görə vilayətlərdə yol tikintisi ilə bağlı məsələlər yerli hakimiyyət orqanlarının əlində idi. Misal üçün, 60-cı illərin ikinci yarısında Midhət Paşanın valisi olduğu Dunay vilayətində yol tikintisinə çox diqqət yetirilmişdi. Onun rəhbərliyi ilə vilayətdə təxminən 3 min km yol çəkilmiş və 420 körpü tikilib istifadəyə verilmişdi. Yeni yolların inşasında xarici kapitalda əhəmiyyətli rol oynamışdı. Fransızların iştirakı ilə o illərdə BeyrutDəməşqi, Qərbi Anadoluda isə Bursa da Mudanya ilə birləşdirən dəmir yolları inşa edilmişdi. Osmanlı dövlətinin bir sıra ərazilərindəki yolların vəziyyəti bununla da bir qədər yaxşılaşmışdır. XIX əsrin ikinci yarısında Osmanlı dövləti hələ də dəmir yollarının inşası və istismarını müstəqil şəkildə həyata keçirə bilmirdi. Osmanlı hökuməti əvvəlcə nəzərdə tutulduğu kimi dəmir yollarını müstəqil şəkildə çəkmək niyyətindən imtina etmək məcburiyyətində qaldı. XIX əsrin 50-70-ci illərində Osmanlı dövlətində dəmir yolu tikintisi (həm də sonrakı illərdə) əsasən xarici konsessiyalar tərəfindən həyata keçirilirdi. Dəmir yolu inşaasına ilk girişən ingilislər oldu. 1856-cı ildə bir İngilis şirkəti İzmir-Aydın 130 kilometrlik dəmir yolunun inşası üçün icazə aldı. Digər bir İngilis səhmdar cəmiyyəti 1863-cü ildə İzmir-Kasat dəmir yolu xəttinin (93 km) inşası üçün icazə əldə etdi. 70-ci illərə qədər bütün imperiyadakı dəmir yollarının uzunluğu cəmi 1600 km təşkil edirdi. Onların hamısı nisbətən kiçik dəmiryol xətləri idi. Onların da əsas məqsədi Osmanlı limanlarının daxili bölgələrlə etibarlı əlaqəsini təmin etmək və bununla da Avropa məhsullarının ölkədə satışını asanlaşdırmaq və kənd təsərrüfatı xammalının ixracını genişləndirmək üçün şərait yaratmaq idi.

Ölkələrin büdcəsini formalaşdırdığı üçün vergilər məsələsinə çox diqqət yetirildi. İslahatçılar hesab edir ki, vergi daxilolmalarının uçotu və nəzarəti yaxşılaşdırılmalıdı. Bu da başa düşüləndir. Belə ki, bəzi əyalətlər vergi ödəməkdən imtina edir, digər bölgələrdə isə ödəmə sistemi real büdcə gəlirlərini minimuma endirirdi. Hökumət satınalma sistemini, fövqəladə vergiləri ləğv edir, müsəlman olmayanlardan vergi yığımını asanlaşdırmağa çalışırdı. Ancaq bir çox qaydalar yerlərdə tətbiq edilmədi. Belə ki, əyalətlərdə olan dəlallar qazanclarını itirmək istəmirdilər və bunun üçün qanunu pozmaqdan belə çəkinmirdilər. Ödəniş sistemi ilə mübarizə islahatçıların məğlubiyyəti ilə başa çatdı. Paşalar, iltizamçılar, sələmçilər, ruhanilər və başqa irticaçılar əyalətlərdə islahatların həyata keçiril­məsini, xüsusilə pozurdular. Bir sıra hallarda əhalini məcbur edirdilər ki, həm iltizamçılara, həm də hökumət agentlərinə vergi versin. Bunun nəticəsində ölkənin müxtəlif yerlərində üsyanlar baş verirdi. Bu üsyanlar sultanın Gülxanə islahatlarını həyata keçirmək şüarı altında gedirdi. Bu üsyanlar Bolqarıstanda, Makedoniyada, KritdəKiprdə baş vermişdi.

60-cı illərdə sex qaydaları ləğv edildi ki, bu da kapitalizmin inkişafı yolunda daha bir vacib addım idi.

Tanzimat çərçivəsində hərbi islahatlar da aparıldı. Ölkədə müsəlmanlar, habelə qeyri-müsəlmanlar üçün məcbiri hərbi xidmət tətbiq olundu (Dənizdə xidmət istisna olmaqla, qeyri-müsəlmanlar demək olarki, orduya çağırılmırdılar), hərbi xidmət müddəti 15 ildən 5-7 ilə (sonra isə 4 il) yendirildi. İmperiya ordusu nizamlı və müasir hala gəldi. Həm də hərbi islahatlar çərçivəsində orduda yeni daha rahat və müasir hərbi geyim forması tətbiq edildi.

Təhsil islahatı

[redaktə | mənbəni redaktə et]
Tənzimat dövründə yaradılmış Qalatasaray litseyi.

40-cı illərdə başlayan dünyəvi məktəblərin açılışı davam edirdi - ibtidai, ortaali. Dünyəvi məktəblərə rəhbərlik etmək üçün təhsil nazirliyi yaradılmışdı. 60-cı illərin ortalarında dünyəvi ibtidai məktəblərdə 660 min şagird təhsil alırdı. Orta məktəblər sayı isə heç 50-yə çatmırdı. Eyni zamanda məscidlərin nəzdindəki bütün məktəblər qorunub saxlanıldı, dünyəvi ibtidai məktəblərdə isə dinin tədrisinə təhsil ilinin yarısı ayrılmışdı. Məktəblərə faktiki nəzarət ruhanilərin ixtiyarında qaldı. 1869-cu ildə Türk məktəblərində üç və dörd illik ümumi təhsilin tətbiqini nəzərdə tutan qanun qəbul edildi.

Dini və milli məsələlər

[redaktə | mənbəni redaktə et]

Dini qərar 1856-cı ildə qəbul edildi. Qərar müsəlmanların və qeyri-müsəlmanların hüquqlarında tam bərabərlik elan etdi. İlkin islahat layihəsi yalnız islam normaları və hüquqlarının dominant rolunu qanuniləşdirməklə qeyri-müsəlmanların hüquqlarının qismən bərabərliyini əhatə edirdi. Lakin sonradan hökumət dini sahədə yumuşalmaya getməyi qərara aldı. Amma qeyri-müsəlmanların hüquqi bərabərsizliyi məsələsi tam həll edilmədi. Qərar elə kağız üzərində qaldı [4][5].

Fələstində torpaq islahatı torpaq bazarının yaranmasına səbəb oldu. Bu Rusiyadan və digər ölkələrdən olan bir sıra yəhudilərin fəal şəkildə torpaq almağa və sonra oraya yerləşməyə kömək etdi. Gələcəkdə bu siyasət yəhudilərin, o cümlədən bütün Türkiyədə məskunlaşmasına imkan verdi. Belə ticarət və torpaqların yenidən satılması da büdcəyə vergi daxilolmalarının artmasına səbəb oldu[6].

İslahatların nəticələri

[redaktə | mənbəni redaktə et]
1876-cı il Osmanlı Konstitutsiyası

İslahat layihəsi sultan hakimiyyətini köklü şəkildə sarsıtmadan xeyli məhdudlaşdırırdı. İmperiya tarixində ilk dəfə olaraq sultan öz vədinə sadiq qalacağına dair əyanların və üləmaların qarşısında and içməli idi. Sonra isə özü üləmalardan və əyanlardan belə bir and qəbul etməli idi. Sultanın nümayişkaranə şəkildə edam və əmlakı müsadirə etmək hüququndan imtina etməsi, əslində ilk növbədə Rəşid paşanın qələbəsi idi. Fərman eyni zamanda rüşvətxorluq və vəzifə satışını qəti qadağan edir və buna görə ağır cəza tədbiri müəyyən edirdi. Xətt şərif yeni qaydaya qarşı çıxan hər bir kəsin cəzalandırılacağı xəbərdarlığı ilə bitirdi. Bu Rəşid paşanın hüquq, inzibati quruluş, maarif, maliyyə, hərbi işlər və s. sahəsində həyata keçirmək istədiyi islahatların bir hissəsi idi. İslahatların həyata keçməsi Osmanlı dövlətinin inkişafına imkan yaratmış olacaqdı. Ona görə də Avropa dövlətləri tələb etdikləri yeniliklərin həyata keçirilməsində maraqlı deyildilər. Bu səbəbdən də, islahatların reallaşmasına hər vasitə ilə mane olurdular. Hakimiyyətdə köhnə qayda ilə fəaliyyət göstərmək istəyən qüvvələr də islahatlara müqavimət göstərirdilər. Tənzimat imperiyanı tənəzzül və süqutdan xilas edə bilmədi. Ən əvvəl ona görə ki, kifayət qədər güclü şəkildə formalaşmış sosial təbəqə yox idi. Rəşid paşanın islahatları müəyyən dərəcədə ölkədə ictimai həyatın canlanmasına, ziyalılar arasında vətənpərvərlik əhval-ruhiyyəsinin yüksəlməsinə, yeni ədəbiyyatın və poeziyanın yaranmasına, xalq təhsili işinin yaxşılaşmasına səbəb olsa da, qanunvericiliyin üst qatına toxunur, dövlət və ictimai quruluşun həlledici tərəflərinə heç toxunmurdu. Qanunların verilməsi ilə, ləğv edilməsi bir olurdu. İltizam sistemi qalmaqda idi. Əmlak və həyatın təminatı yalnız kağız üzərində idi. Qeyri-müsəlmanların hüquqi bərabərsizliyi də qalmaqda idi. Tənzimat Avropa dövlətləri tərəfindən etirazla qarşılandı. İngiltərəFransa belə göstərirdilər ki, Türkiyədə islahatlar tərəfdarıdırlar. Lakin onlar tən­zimatı ona görə dəstəkləyirdilər ki, tənzimat rus-türk ziddiyyətlərinin dərinləş­məsinə yardım edirdi, həm də qeyri-müsəlmanların hüquqi cəhətdən müsəlman­larla bərabərləşdirilməsi xarici kapitala yeni güzəştlər, imtiyazlar vəd edirdi.

Tənzimat eyni zamanda, qeyri-türk əhali üçün də bəhrəsiz oldu. 1848-ci ildə Avropada baş vermiş inqilab Balkanlara öz təsirini göstərdi. MoldovaValaxiyada üsyan baş verdi. Bu üsyan çar və sultan qoşunları tərəfindən yatırıldı. Lakin Porta bununla heç bir şey əldə etmədi, knyazlıqlarda Rusiyanın nü­fuzu gücləndi. Bolqarıstanda milli ideyalar geniş yayılmağa başladı, müstəqil­liyə meyl gücləndi. Bosniyada ciddi iğtişaşlar baş verdi. Serbiya faktiki olaraq Osmanlı dövlətindən ayrılmışdı. Çernoqoriya müqavimət göstərməkdə davam edirdi. Ərəb əyalətlərində də mərkəzi hökumətə qarşı mübarizə güclənmişdi.

Lakin islahatların müsbət nəticəsi də az deyildi. Belə ki, tənzimat dövründə kənd təsərrüfatında ciddi artım müşahidə olundu. Bunun dolayısı sübutu ölkədə toplanan aşar vergisinin ümumi məbləğinin miqdarının artmasıdır. 1848-1876-cı illər ərzində bu vergi üzrə dövlət xəzinəsinə daxil olan gəlirlər 194,8 milyondan 743,6 milyon quruşa qədər çoxalaraq demək olar ki, 4 dəfə artmışdır. Eyni zamanda, 1863-1872-ci illərdə idxalın dəyəri ixracatın dəyərini hər il orta hesabla 27 milyon ton üstələyirdi. İmperiyanın xarici ticarət kəsiri xarici kreditlər hesabına örtülürdü və ölkənin Avropa kapitalından iqtisadi və maliyyə asılılığını gücləndirirdi.

Osmanlı imperiyası iqtisadi müstəqilliyini tamam itirmişdi. Krım müharibəsindən sonra türk islahatçılar ölkədə davam edən islahatlar üçün maliyyə bazası təmin etməyə çalışırdılar və imperiyanın maliyyə və vergi sistemlərində yenidənqurmanı davam etdirirdilər. Tanzimatın islahatları ruhunda yeni maliyyə qurumları yaradılırdı və əhalidən ənənəvi vergi yığımının sadələşdirilməsi üçün səylər göstərilirdi. Osmanlı vergi sisteminin geriliyinə baxmayaraq, 50-60-cı illərdə imperiyanın iqtisadi həyatında ümumi canlanma dövlət xəzinəsinə vergi daxilolmalarının əhəmiyyətli dərəcədə artmasını təmin etdi. 1857-1871-ci illər arasında dövlət gəlirlərinin ümumi miqdarı demək olar ki, iki dəfə artdı - 1038 milyondan 1920 milyon quruşa qədər. Lakin bütün bunlara baxmayaraq, ölkənin xarici borcları durmadan artırdı. 1854-cü ildə xarici borc 75 milyon frank, 1863-cü ildə 200 milyon frank idisə, 1874-cü ildə artıq 1 milyard franka çatmışdı. 1875-ci ilin oktyabrında Türkiyə hökuməti daxili borcu tələb olunan miqdarda ödəyə bilmədiyini elan etməyə məcbur oldu. Osmanlı dövləti özünü rəsmi müflis elan etdi.

1908-ci il Osmanlı açıqcası. Gənc türklər inqilabından sonra Osmanlı konstitusiyasının bərpa edilməsi.

Edilən köklü dəyişikliklərə baxmayaraq, bir çox islahatlar yalnız kağız üzərində qaldı, digərləri isə yarımçıq çəkildə icra edildi. Osmanlı cəmiyyəti təcili olaraq bir islahatlar paketinə ehtiyac duyurdu. Əslində korrupsiyaya və imperiyanın parçalanması təhlükəsinin qarşısını almaq üçün tədbirlər görmək əvəzinə Sultan yumuşaq islahatlara getdi. 1870-ci illərə qədər Türkiyə cəmiyyəti islahatların ilk nəticələrini görməyə başladı. Cəmiyyət yeni islahatlar tələb etməyə başladı. Amma yeni müsbət dəyişikliklər Osmanlı İmperatorluğunun əvvəlki gücünü və şöhrətini qaytara bilməzdi. Maliyyə sahəsində olan müsbət dəyişiklikləri (məsələn, dövlət xəzinə gəlirlərinin böyüməsi) Avropa gücləri imperiyadan böyük miqdarda kredit ödəmək üçün fəal istifadə etdi.

Ölkənin inkişafına və islahatların həyata keçirilməsinə mane olan bir çox səbəb var idi:

  • Ciddi dəyişikliklər istəməyən Osmanlı bürokratiyasının böyük gücü.
  • XIX əsrin ortalarında dinin idarəetmədən imtina edilməməsi, bir çox vəzifəli şəxsin siyasi və iqtisadi qərarlar qəbul edərkən dinin arxa plana keçməsinin vacibliyini başa düşə bilməməsi.
  • Türk kapitalizminin və bütövlükdə türk iqtisadiyyatının eyni vaxtda zəif olması ilə dövlətin qapalı siyasətindən imtina edilməməsi.
  • Osmanlı İmperatorluğu tərəfindən alınan Avropa kreditlərinin maliyyə sistemini çökdürməsinin başa düşülməməsi.
  • İmperiyada mövcud olan nəhəng korrupsiya.
  • Əhali arasında islahatlara kütləvi dəstək verilməməsi, həmçinin bu islahatların nədən ibarət olduğunu başa düşməməsi.
  • XIX əsr Osmanlı cəmiyyətinin orta əsr xarakterini qoruması.
  • II Mahmudun dövründə monarxiya hakimiyyətinin möhkəmlənməsi ölkədə köklü dəyişikliklər etmək üçün kifayət deyildi.
  • Gənc Sultan I Əbdül Məcidin ciddi maliyyə çatışmamazlığı ilə yanaşı bir çox islahatların aparılmasının vacibliyini anlamaq istəməməsi (Rusiya ilə müharibəyə və möhtəşəm Dolmabaxça sarayının tikintisinə böyük miqdarda pul xərclənmişdi).
  • Ərəb dünyasından Avropaya və Misirdən Qafqaza qədər insanlara islahatları eyni dərəcədə qəbul etməyə və yeni nizamlara riayət etməyə səy göstərməyən imperiya daxilindəki ciddi mədəni və milli ziddiyyətlər.

��slahatların siyahısı

[redaktə | mənbəni redaktə et]

İqtisadi islahatlar

[redaktə | mənbəni redaktə et]
  • İlk Osmanlı əskinasları buraxıldı (1840);
  • Maliyyə islahatı. Maliyyə Nazirliyi Fransa nümunəsində işləməyə başladı (1840). İlk dəfə yenidən maliyyələşdirmənin faiz dərəcəsi tətbiq olundu, səhmdar cəmiyyətlər anlayışı, ilk birja yaradıldı.
  • İlk dəfə ölkənin büdcəsi nəşr olundu (1841-1842) və 1846-1847-ci illərdə ilk müasir peşəkar büdcə qəbul edildi.
  • İqtisadiyyatda orta əsr qaydaları ləğv edildi. Gildiya və manufakturalar fabriklərlə əvəz olundu;
  • Müsəlman olmayanlar üçün əlavə vergilər ləğv olunaraq, normal gəlir vergisinə keçid. Satınalma sisteminin ləğvi.
  • Vergi yığımının dəfələrlə artması, kənd əhalisi üçün vergilərin artması.
Osmanlı Lirəsi. 5 lirə (500 quruş)
  • Məmurlar korrupsiyaya qarşı qismən mübarizənin bir hissəsi olaraq rəsmi olaraq vergilərdən azad edildi.
  • Türkiyədə ilk gəmi düzəldən şirkət Şirket-i Hayriyenin qurulması (1851);
  • 1855-ci ildə Osmanlı İmperiyası ilk dəfə olaraq İngiltərədən böyük məbləğdə borc götürdü.
  • İstanbulun Zeytinburnu rayonunda ilk mexaniki parça fabriki və nəzdində professional tikiş məktəbinin açılışı.
  • İplik və pambıq istehsalı zavodlarının kütləvi açılışı.
  • Dövlət məmurları yalnız Osmanlı istehsalı olan parçalardan tikilmiş paltarlar almağa borclu idilər.
  • İlk model-sənaye parkının Yedikulenin yaradılması.
  • İlk teleqraf şəbəkələrinin quraşdırılması (1847-1855), ilk dəmir yollarının tikintisi (1856);
  • Kütləvi yol tikintisinin başlanğıcı
  • Osmanlı Mərkəzi Bankının yaradılması (Bankı Osmanî, 1856[7]) "and the Ottoman Stock Exchange" (Dersaadet Tahvilat Borsası, established in 1866[8]);
  • Şəxsi mətbəələr və nəşriyyatlar açılmasına icazə verildi, III Səlim dövründə əvvəllər açılan, sonradan bağlanmış mətbəələr bərpa edildi — Serbesti-i Kürşad Nizamnamesi (1857);

Siyasi islahatlar

[redaktə | mənbəni redaktə et]
Osmanlı parlamentinin açılışı, 1877-ci il.
  • Gələcək Türkiyə parlamentinin prototipinin ilk Osmanlı Məclisinin yaradılması (1841);
  • Daxili İşlər Nazirliyinin (1845) və Təhsil Nazirliyinin (1857) yaradılması;
  • Müasir İstanbul bələdiyyəsinin (Şehremaneti, 1854) və şəhərsalma şurasının (İntizam-ı Şehir Komisyonu, 1855) yaradılması ;
  • Milli və ya dini əsaslara görə ayrılmadan, imperiyanın bütün əhalisini rəsmi olaraq "Osmanlı" elan edən milli qanun (1869).
  • Qeyri-müsəlmanlar (xristianlar da daxil olmaqla) dövlət xidmətinə qəbul edildi.
  • İlk dəfə olaraq müsəlmanlarla qeyri-müsəlmanlar siyasi hüquqlarda tam bərabərləşdirildi
  • 1876-cı ildə tam hüquqlu ikipalatalı parlament təsis edildi (1878-ci ildə ləğv edildi)

Qanunvericilik islahatları

[redaktə | mənbəni redaktə et]
  • İlk dəfə olaraq Osmanlı Dövlətində bütün vətəndaşlara yaşamaq, şərəf və ləyaqət, habelə əmlak hüququ təmin edildi (1839)
  • Fransa nümunəsi əsasında mülki və cinayət məcəlləsi qəbul edildi (1840);
  • Yeni ticarət və kommersiya kodeksi qəbul edildi (1850);
  • İlk mülki (yəni qeyri-müsəlman) məhkəmələrin yaradılması (Meclis-i Ahkam-ı Adliye, 1853) həmçinin kommersiya məhkəmələri və Ali Məhkəmə (Meclis-i Ali-yi Tanzimat, 1853);
  • Torpaq Məcəlləsinin qəbulu (Arazi Kanunnamesi (1857);
  • Mətbuat kodeksinin qəbulu (Matbuat Nizamnamesi, 1864)[2]
  • Dövlət qulluqçularına qarşı iddiaları nəzərdən keçirmək üçün Dövlət Şurası təsis edildi (1867).
  • İlk dəfə olaraq xarici vətəndaşların Osmanlı İmperiyasında mülk, torpaq və daşınmaz əmlak hüququ təmin edildi, torpaq qanunu təsdiqləndi
  • Osmanlı İmperiyasının ilk konstitusiyası qəbul edildi (1876)

Sosial islahatlar

[redaktə | mənbəni redaktə et]
Osmanlı İmperiyası bayrağı
  • Osmanlı Dövlətinin poçt şöbəsi quruldu (1840);
  • İlk Osmanlı marşı və Osmanlı dövlətinin bayrağı qəbul edildi (1844);
  • Osmanlı İmperiyası tarixində ölkənin əhalisinin ilk siyahıya alması keçirildi və bütün kişi əhalisi siyahıya alındı (1844);
  • İlk Medcidelərin yəni tam hüquqlu pasportların prototiplərinin tətbiqi (1844);
  • Köləliyin tamamilə ləğvi və qul ticarətinin qadağan edilməsi (1847);
  • Xətt və Humayunla (1856) bütün dinlərin nümayəndələrinə bərabərlik təmin edildi
  • Homoseksuallığa görə cinayət məsuliyyətinin ləğvi (1858) [9];

Mədəniyyət islahatları

[redaktə | mənbəni redaktə et]
  • İlk Osmanlı universitetlərinin təsis edilməsi (darülfünun, 1848), akademiyalar (1848) və pedaqoji məktəblər (darülmuallimin, 1848);
  • İlk dünyəvi məktəblərin (yəni dini olmayan) yaradılması
  • Səhiyyə Nazirliyinin yaradılması (Tıbbiye Nezareti, 1850);
  • Osmanlı Elmlər Akademiyasının yaradılması (Encümen-i Daniş, 1851);
  • İqtisadi və siyasi elmlər məktəbinin yaradılması (Mekteb-i Mülkiye, 1859)
  • İlk dəfə olaraq Osmanlı dövlətindən olan tələbələr xaricə təhsil almağa getdilər.

Hərbi islahatlar

[redaktə | mənbəni redaktə et]
Sultan Əbdüləziz hərbi donanmanın yenidənqurulması əmrini vermişdir.
  • Osmanlı İmperiyasının peşəkar və daimi ordu sisteminə keçid (20 yaşdan yuxarı kişilərin çağırşı başladı).
  • Məcburi hərbi xidməti 15 (1843-44) ildən 4 ilə endirildi;
  • Orduda ilk dəfə olaraq qeyri-müsəlmanlara xidmət etməyə icazə verildi (1856);
  • Sultan Əbdüləziz modelləşdirilmiş Avropa üslubunda donanma yaratmağı əmr etdi.
  • 1867-ci ildə Hərbi-Dəniz Nazirliyi yaradıldı.
  • 1869-cu ildən Avropa sisteminə bənzər hərbi rütbə və xidmətdə yüksəlmə sistemi tətbiq olundu.
  1. Cleveland, William L & Martin Bunton, A History of the Modern Middle East: 4th Edition, Westview Press: 2009, p. 82.
  2. 1 2 NTV Tarih Arxiv surəti 12 fevral 2013 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2013-02-12 at the Wayback Machine history magazine, issue of July 2011. «Sultan Abdülmecid: İlklerin Padişahı», pages 46-50. (Turkish)
  3. https://turksunas.wordpress.com/2016/11/11/t%C9%99nzimatin-i-dovru-1839-1853/https://turksunas.wordpress.com/2016/11/11/t%C9%99nzimatin-i-dovru-1839-1853/
  4. There Is No Compulsion in Religion": On Conversion and Apostasy in the Late Ottoman Empire: 1839-18… more, Selim Deringil, Comparative Studies in Society and History, Vol. 42, No. 3 (Jul., 2000), pp. 547—575
  5. Corrupting the Sublime Sultanate: The Revolt of Tanyus Shahin in Nineteenth-Century Ottoman Lebanon, Ussama Makdisi, Comparative Studies in Society and History, Vol. 42, No. 1 (Jan., 2000), pp. 180—208
  6. Gershon Shafir, Land, Labor and the Origins of the Israeli-Palestinian Conflict 1882—1914. Cambridge: Cambridge University Press
  7. Ottoman Bank Museum: History of the Ottoman Bank Arxiv surəti 14 iyun 2012 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2012-06-14 at the Wayback Machine
  8. Istanbul Stock Exchange: History of the Istanbul Stock Exchange Arxiv surəti 25 fevral 2012 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2012-02-25 at the Wayback Machine
  9. "Архивированная копия" (PDF). 2010-11-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2011-01-20.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]