Elçin (yazıçı)
Elçin (tam adı: Elçin İlyas oğlu Əfəndiyev; 13 may 1943, Bakı) — Azərbaycan yazıçısı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1968), filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının xalq yazıçısı (1998), "İstiqlal" ordenli (2003), Azərbaycan Respublikası Baş Nazirinin keçmiş müavini (1993–2018).
Elçin | |
---|---|
Elçin İlyas oğlu Əfəndiyev | |
1993 – 2018 | |
Prezident | Heydər Əliyev (1993–2003) İlham Əliyev (2003–2018) |
Baş nazir | Surət Hüseynov (1993–1994) Fuad Quliyev (1995–1996) Artur Rasizadə (1996–2003) İlham Əliyev (2003) Artur Rasizadə (2003–2018) |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 13 may 1943 (81 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | yazıçı, siyasətçi, ssenarist, nasir, dramaturq, ədəbiyyat tənqidçisi, şair, publisist |
Atası | İlyas Əfəndiyev |
Elmi fəaliyyəti | |
Elm sahəsi | Belletristika[1], poeziya[1], ədəbiyyatşünaslıq[1], publisistika[1], siyasət[1] |
Elmi dərəcəsi | |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəElçin Əfəndiyev 13 may 1943-cü ildə Bakı şəhərində XX əsr Azərbaycan ədəbiyyatının böyük nümayəndələrindən biri, Azərbaycanın Xalq yazıçısı İlyas Əfəndiyevin ailəsində doğulub. Uşaqlıq çağlarından etibarən ədəbi mühitin içində, kitabların əhatəsində olub. Bir tərəfdən milli ədəbiyyat, folklor, o biri tərəfdən isə dünya ədəbiyyatı Elçinin daimi mütaliəsinin əsasına çevrilib. O, nə zaman yazmağa başlayıb? Bu suala Elçin özü belə cavab verir: "Özümü xatırladığım zamandan. Hələ yazıb-oxumağı bacarmırdım, amma özümdən cürbəcür əhvalatlar uydurub danışırdım…"
Bakı şəhərində orta məktəbi (1960), Bakı Dövlət Universitetinin Filologiya fakültəsini (1965), Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi üzrə aspiranturasını (1969) bitirib, "Azərbaycan bədii nəsri ədəbi tənqiddə (1945–1965)" mövzusunda namizədlik (1970), "Ədəbiyyatda tarix və müasirlik problemi" mövzusunda doktorluq (1997) dissertasiyalarını müdafiə edib.
1969–1972-ci illərdə Azərbaycan ЕА Nizami adına Dil və Ədəbiyyat İnstitutunun "Ədəbiyyat nəzəriyyəsi" şöbəsində kiçik elmi işçi, 1972–1975-ci illərdə baş elmi işçi vəzifəsində işləmiş, eyni zamanda Nəsimi adına Dilçilik və Nizami adına Ədəbiyyat İnstitutlarının Birləşmiş Müdafiə Şurasının elmi katibi olmuşdur.
1975-ci ildə "Ədəbiyyat və incəsənət" qəzeti redaksiya heyətinin üzvü seçilmişdir.
1975–1987-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinin katibi olmuşdur.
1987-ci ildə Xaricdə yaşayan Həmvətənlərlə Mədəni Əlaqələr Cəmiyyəti – "Vətən" Cəmiyyəti Rəyasət Heyətinin sədri, 1988-ci ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.
1993–2018-ci illərdə Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində çalışmışdır.
1998-ci ildə Azərbaycan nəsrinin inkişafındakı böyük xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Xalq yazıçısı" fəxri adına layiq görülmüşdür.
1999-cu ildə Parisdə YUNESKO xətti ilə beynəlxalq səviyyədə təntənəli qeyd edilən "Dədə Qorqud" simpoziumuna sədrlik etmişdir.
1998-ci ildən Bakı Dövlət Universitetinin professorudur. Bir sıra Dövlət Komissiyalarının sədri, nüfuzlu Azərbaycan və beynəlxalq ədəbi, ictimai qurumların, Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın üzvüdür.
Yazıçı İlyas Əfəndiyevin oğlu, filoloq Timuçin Əfəndiyevin qardaşıdır.
Yaradıcılığı
redaktəElçin ədəbiyyata hekayəçi kimi gəlmiş, 60-cı, 70-ci illərdə bu janrın böyük ustası olaraq məşhurlaşmış, sonrakı onilliklərdə də hekayə yaradıcılığını yüksələn və məhsuldar templə davam etdirmişdir. Lakin 70-ci illərdə povest, 80-ci illərdə roman, 90-cı illərdə isə dram onun bədii təfəkküründə hekayə ilə ciddi rəqabətə girməklə daha çox önə çıxıb yazıçının janr axtarışlarının stabil impulslarını təyin etməklə yanaşı, yaradıcılıq yolunun mərhələlərini də müəyyən eləmişdir.
İlk hekayəsi ("O inanırdı") 16 yaşı olarkən, 1959-cu ildə "Azərbaycan gəncləri" qəzetində dərc olunmuşdur. "Min gecədən biri" adlı ilk hekayələr kitabı isə 1966-cı ildə "Azərnəşr"də çapdan çıxmışdır.
1968-ci ildə SSRİ Yazıçılar İttifaqına üzv qəbul edilmişdir.
1969–1972-ci illərdə "Açıq pəncərə" və "SOS" adlı povestlər kitabı çap olunmuş, "Beş qəpiklik motosikl" adlı һеkayəsi 1971-ci ildə görkəmli rus tənqidçisi İqor Zolotuskinin tərcüməsində ilk dəfə Moskva mətbuatında "Drujba narodov" jurnalında nəşr olunmuşdur.
1973-cü ildə "Gümüşü, narıncı…" adlı hekayələr kitabı "Gənclik" nəşriyyatında nəşr edilmiş, Moskvada çap olunan "Drujba narodov" jurnalı tərəfindən ədəbi tənqidin problemlərindən bəhs edən "Tənqiddə provinsializmə qarşı" məqaləsinə görə "İlin ən yaxşı məqaləsi" mükafatına layiq görülmüşdür.
"Bu dünyada qatarlar gedər" adlı hekayələr kitabı (1974), povest, kinopovest və һеkayələrinin toplandığı "Bir görüşün tarixçəsi" adlı kitab (1977) "Azərnəşr"də işıq üzü görmüşdür.
Rus dilində ilk kitabı "Baladadaşın ilk məhəbbəti" adı ilə Moskvanın "Molodaya qvardiya" nəşriyyatında 1975-ci ildə nəşr edilmişdir.
"Talvar" һеkayəsi 1977-ci ildə "Smena" jurnalının (Moskva) "İlin ən yaxşı һеkayəsi" mükafatını almış, 1978-ci ildə "Bir görüşün tarixçəsi" povesti "Sovetskaya literatura" jurnalında çex dilində çap olunmuşdur.
Elçin "Günay, Yalçın, Nigar, bir də Səlim" (1979), "Tənqid və ədəbiyyatımızın problemləri" (1981), "Bülbülün nağılı" (1983), iki cildlik "Seçilmiş əsərləri" (1987), "Bülbül" (1987), "Klassiklər və müasirlər" (1987), "Şuşaya sis çökdü" (1991, Türkiyə), "Ömrün son səhəri" (1993), "Özümüz və sözümüz" (1993), "Məmməd Əmin Rəsulzadə" (1994), "Şuşa dağlarını duman bürüdü" (1995, Türkiyə), "Bəstəkarın vətəndaş sözü" (1995), "Dar ayaqqabı" (1996, Çin), "Klassik aşıq poeziyasında "Dünya obrazı"" (1996), "Nəriman Nərimanov: Şəxsiyyəti və fəaliyyəti" (1997), "Kukla, yoxsa Aysu" (1998), "Ədəbiyyatımızın yaradıcılıq problemləri" (1999), ""Kitabi Dədə Qorqud" aliliyi" (1999), "Tənqid və nəsr: (Azərbaycan bədii nəsri ədəbi tənqiddə: 1945–1965)" (1999), "Bu nə sehrdir belə: Elçin haqqında əlli altı söz" (1999), "Baladadaşın ilk məhəbbəti" (2000), "Ədəbi düşüncələr" (2002), "Azərbaycan ədəbi tənqidinin və ədəbi prosesin problemləri" (2003), "Teatr" (2003, Buxarest), "Bayraqdar" (2004), on cildlik "Seçilmiş əsərləri" (2005), "Ustad Bülbül" (2005, miniatür kitab), "Sadəlik və müdriklik: (müəllim haqqında söz)" (2007), "Qarabağ şikəstəsi" (2009), "Sosrealizm bizə nə verdi?: Sovet dövrü ədəbiyyatı haqqında. Məsələnin qoyuluşuna dair" (2010), "Pyeslər" (2012), ""Aqoniya", yoxsa təkamül?: XIX əsr Azərbaycan ədəbiyyatına bir nəzər" (2014), "Mən gedirəm, ağlama…: Rəşid Behbudovun sənəti və şəxsiyyəti" (2015), "Söz azadlığı tənqidimizə nə verib?" (2017), iki cildlik "Seçilmiş əsərləri" (2017, Daşkənd), "Daha dərin qatlara: (seçilmiş məqalə və esselər)" (2019), "Qırx Beş (seçilmiş hekayələr)" (2019), "Sarı gəlin" (2020, Almaniya), "Missiya" (2020, Almaniya), "Ədəbi düşüncələr" (2021), "Şeytan əməlləri" (2022) və s. kitabların müəllifidir.
Müasir mövzular ustası kimi tanınan yazıçı 1980-ci illərdə gözlənilmədən tarixə müraciət edir, folklordan bəhrələnərək fəlsəfi-romantik "Mahmud və Məryəm" romanını oxucuların ixtiyarına verir.
"Mahmud və Məryəm" romanı ilə Elçin yaradıcılığının ikinci mərhələsi başlayır, bir-birinin ardınca "Ağ dəvə", "Ölüm hökmü", "Baş" romanları yaranır.
"Mahmud və Məryəm" 1982-ci ildə "Azərbaycan" jurnalında, 1983-cü ildə isə kitab şəklində "Yazıçı" nəşriyyatında çap olunmuşdur. Roman, akademik Nizami Cəfərovun qeyd etdiyi kimi, "altmışıncılar"ın folklora ideya-estetik münasibətinin klassik nümunəsidir.
1984-cü ildə Elçin ikinci romanını – "Ağ dəvə"ni yazıb çap etdirir və bu əsərlə yazıçı orta əsrlərə "səyahət"dən XX əsrə – onun üçün ümumən səciyyəvi olan "məhəllə" mövzusuna qayıdır.
1990-cı ildə "Ağ dəvə" romanı rus dilində Moskvada "Sovetskiy pisatel" nəşriyyatı, 2000-ci ildə Almaniyanın "Dağeyli" və İsveçrənin "Union" nəşriyyatları tərəfindən nəşr edilmişdir.
"Ölüm hökmü" (1984–1988) milli müstəqillik ərəfəsində Azərbaycan ədəbi-ictimai təfəkkürünün artıq tarixə çevrilməkdə olan "sovet dövrü"nə analitik siyasi-ideoloji münasibətinin həm kəmiyyət, həm də keyfiyyətcə ən miqyaslı təzahür-reaksiyası, ilk milli siyasi romanıdır.
1995-ci ildə Azərbaycan Milli Kitabxanasında Rusiyanın "Sovremennıy pisatel" nəşriyyatında çapdan çıxan romanın təqdimat mərasimi keçirilmişdir. Roman 2010-cu ildə Moskvada audiokitab şəklində buraxılmışdır. Audiokitab S. Averkiyevin ümumi rəhbərliyi və A. Solovyevin rejissorluğu ilə məşhur rus artistləri V. Larionov, L. Durov, A. Parra, V. Boçkarev, G. Sayfulin və L. Strijenovanın bədii qiraətində hazırlanmışdır.
Akademik Nərgiz Paşayeva yazır: "Elçinin "Ölüm hökmü" romanı Azərbaycan nəsrində repressiyanın qanlı dəhşətləri haqqında yazılmış ilk əsər deyil, lakin ilk dəfə məhz bu əsərdə 1937-ci il uzaqdan və yaxından, tarixdən və müasirlikdən, sənədlərdən və reallıqdan tam və mükəmməl, dolğun və ədalətli şəkildə əks olunur."
2013-cü ildə "Mahmud və Məryəm", "Ağ dəvə", "Ölüm hökmü" romanlarının toplanıldığı "Romanlar" adlı kitabı "Aspoliqraf" nəşriyyatında çap olunmuşdur.
2004-cü ildə Ermənistanın təcavüzü nəticəsində xalqımızın düçar olduğu ağır qaçqınlıq həyatından bəhs edən "Bayraqdar" povesti "Qapp-Poliqraf" nəşriyyatında çap olunmuşdur. Kitaba akademik Nərgiz Paşayevanın "Kədərin yaratdığı əsər (Xalq yazıçısı Elçinin "Bayraqdar" povesti haqqında düşüncələri)", "Qaçqınlar" silsiləsindən: "Qarabağ şikəstəsi" (Fransız ətri və Ağadadaş ilə Balacaxanımgilin Qırmızı xoruzunun bəy axtarışı haqqında hekayə) və Bayraqdar (Eysebionun faciəli ölümü haqqında kədərli povest) daxil edilmişdir.
Elçinin müasir postmodernizm ədəbiyyatının parlaq nümunəsi hesab olunan "Baş" adlı psixoloji-fəlsəfi romanı 2015-ci ildə "Qanun" nəşriyyatında çap olunmuşdur. Moskvanın "Xudojestvennaya literatura" nəşriyyatı tərəfindən roman A. Mustafazadənin tərcüməsində rus dilində də nəşr etmişdir.
"Baş" romanı yazıçının bundan əvvəl qələmə aldığı fərdi üslubunu bir daha nümayiş etdirir və bu nümayiş bir qədər də yeni naxış və cizgilərlə müşayiət olunur. "Mahmud və Məryəm"dəki, "Ölüm hökmün"ndəki bədii sənətkarlıq, yüksək dil mədəniyyəti, təsvir etdiyi obrazların daxili, psixoloji aləmini incəliyinə qədər əks etdirmək məharəti "Baş"da bütün parlaqlığı ilə üzə çıxır.
Romanda süjetin alt qatında oxucunu düşüncələrə çəkən, sirli ovqat yaradan dərin metaforizm gizlənməkdədir. İstər hadisələrin təqdimində, istər müəllif təhkiyəsində, istərsə də obraz və xarakterlərin daxili dünyasının aşkarlanmasında bu metaforizmin fərqli çalarlarını duymamaq mümkün deyildir. Romanda bir çox tarixi və bədii təxəyyül məhsulu kimi obrazlar yaradılsa da, təsvir olunan hadisə və əhvalatlar metaforik surət kimi düşünülmüş Başın ətrafında cərəyan edir.
2018-ci ildə Türkiyə Respublikasının ən nüfuzlu nəşriyyatlarından biri olan "İş Bankası Kültür Yayınları" bu romanı nəfis şəkildə, kitabın sonunda əsərdə cərəyan edən hadisələrlə bağlı geniş şərhlərlə və türk dilinə Azad Ağaoğlunun tərcüməsində çap etmişdir.
2018-ci ili 2 iyunda M. F. Axundov adına Azərbaycan Milli Kitabxanasında ərəb dilində nəşr edilən "Baş" romanının təqdimatı keçirilmişdir.
Elçinin əsərləri dünyanın bir çox dillərinə — ingilis, rus, fransız, alman, ispan, türk, macar, bolqar, ərəb, fars, çin, çex, slovak, xorvat, gürcü, litva, moldovan, türkmən, özbək, qazax, tacik, serb və s. tərcümə edilib.
Elçin ABŞ, Rusiya, Fransa, Türkiyə, Almaniya, Hollandiya, Çin, Belçika, İspaniya, Yunanıstan, Lüksemburq, İsveç, İsveçrə, Danimarka, Ukrayna, Polşa, Özbəkistan, Çexoslovakiya, Yuqoslaviya, Bolqarıstan, İraq, Avstriya, Qazaxıstan, İran, Qana, Səudiyyə Ərəbistanı, Rumıniya, Macarıstan, Gürcüstan, Tunis, Pakistan və digər ölkələrdə müxtəlif elmi, ədəbi, ictimai, siyasi konfranslarda, simpoziumlarda, qurultaylarda, görüşlərdə, rəsmi dövlət danışıqlarında iştirak edib.
Elçinin "Cəhənnəm sakinləri" pyesinin motivləri əsasında Londondakı St. James teatrında "Gecə yarısı" (ing. Midnight) musiqili tamaşası hazırlanmışdır.
Elçin haqqında ilk biblioqrafiya 1997-ci ildə tərtib edilmiş (Elçin. Biblioqrafiya /tərt. Bəybala Ələsgərov; M. F. Axundov adına Dövlət Kitabxanası.– Bakı, 1997), yenidən işlənmiş və əlavələr edilmiş ikinci nəşri isə 2013-cü ildə (Elçin: (Əfəndiyev Elçin İlyas oğlu): biblioqrafiya / Azərb. Resp. Mədəniyyət və Turizm Nazirliyi, Azərb. Milli Kitabxanası; ixtisas red. və burax. məs. K. Tahirov; red. G. Səfərəliyeva. – Bakı: "Zərdabi LTD", 2013. – 557 s, [3]) çap olunmuşdur.
2023-cü ildə isə yazıçının 80 illik yubileyi münasibətilə M. F. Axundov adına Azərbaycan Milli Kitabxanası tərəfindən "Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyasından "Elçin: (Əfəndiyev Elçin İlyas oğlu)" adlı üçüncü biblioqrafiya nəşr edilmişdir.
Elçinin yaradıcılığı əsasında bir çox tədqiqat işləri yazılmış, həmçinin bir çox elmi işlərdə onun da yaradıcılığı təhlil edilmişdir. Bunlara — Elmira Əlizadənin filoloji elmlər namizədi alimlik dərəcəsi almaq üçün "Yeni nəsr" və fərdi yaradıcılığın bədii təkamülü problemi (Elçinin yaradıcılığı əsasında) (2003), Nərgiz Paşayevanın fililogiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün "Müasir Azərbaycan ədəbiyyatında insanın bədii-estetik dərki (Xalq yazıçısı Elçinin yaradıcılığı əsasında) (2004), Nərgiz Bayramovanın filologiya elmlər namizədi alimlik dərəcəsi almaq üçün "Müasir nəsrin janr və poetika axtarışları (Elçinin bədii nəsri əsasında)" (2006), Sevda İmanovanın sənətşünaslıq namizədi alimlik dərəcəsi almaq üçün "Elçinin əsərlərinin ekran təcəssümü" (2007), Xanımana Manaflının filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün "60–70-ci illər Azərbaycan nəsrində folklorizm (Anar, Elçin və Ə. Mustafayevin yaradıcılığı əsasında" (2007), Seyfəddin Eyvazovun filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün "Xalq yazıçısı Elçinin dramaturgiyası" (2008), Esmira Məmmədovanın sənətşünaslıq namizədi alimlik dərəcəsi almaq üçün "Elçin və teatr" (2008), Sara Vahabovanın filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün "Elçinin dramlarının dili və üslubu" (2010), Aynur Rzayevanın filologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün "Xalq yazıçısı Elçinin nəsrində folklorizm" (2011), Zülfiyyə Şükürovanın filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün "Elçinin dramaturgiyasında qəhrəman problemi" (2011), İftixar Piriyevin sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün "Müstəqillik dövrü teatrımızın inkişafında Elçin dramaturgiyasının mövqeyi" (2012), Sevinc Rəhimovanın filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün "Yazıçı tənqidi və ədəbi proses (Elçinin ədəbi-tənqidi fəaliyyəti əsasında)" (2013), Zemfira Abbasovanın filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün "Elçin Əfəndiyevin əsərlərində onomastik vahidlərin linqvistik xüsusiyyətləri" (2016), Pərvanə İsayevanın filologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün "XX əsr Azərbaycan ədəbiyyatının bədii strukturu və mifopoetik təfəkkür (nəsr və dramaturgiya əsasında)" (2016), Röya Mürşüdovanın filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün "Çağdaş Azərbaycan və alman ədəbiyyatında roman janrı: (1980–2005-ci illər)" (2017), Gülnar Osmanovanın filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün "Çağdaş Azərbaycan nəsrində mifologizm: 1980–2010-cu illər" (2017), Elnarə Abdullayevanın filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün "Müasir dövrdə (1991–2011-ci illər) ingilisdilli ədəbiyyatşünaslıqda Azərbaycan ədəbiyyatının öyrənilməsi problemləri" (2018), Leyla Allahverdiyevanın filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün "Müasir Azərbaycan dramaturgiyasında struktur problemləri" (2018), Afət Rəfiyevanın filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün "1960–1980-ci illər Azərbaycan ədəbiyyatşünaslığının elmi-nəzəri problemləri" (2021) mövzusundakı dissertasiyaları aiddir.
Mükafatları
redaktə- Ukrayna SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı — 1979
- "Lenin komsomolu" mükafatı — 1982
- Azərbaycan SSR əməkdar incəsənət xadimi — 1984
- "Şərəf nişanı" ordeni — 1986
- "Literaturnaya qazeta"nın "Xüsusi mükafatı" — 1994
- "Xalq yazıçısı" fəxri adı — 1998
- "2002-ci il Türk Ədəbiyyat Ödülü" — 2002
- Türkiyə Cümhuriyyəti Memar Sinan Universitetinin "Xüsusi Ödül" — 2003
- Türkiyə Cümhuriyyəti Fateh Universitetinin "Xüsusi Ödül"ün — 2003
- "İstiqlal" ordeni — 2003
- Türkiyənin doqquzuncu prezidenti Süleyman Dəmirəlin təqdimatı ilə "Türk dünyasına xidmət" mükafatı — 2007
- İstanbul da "First Business"in "Zirvədəkilər-2008" ödülü — 2008
- "Şərəf" ordeni — 2013
- Cəfər Cabbarlı mükafatı — 2015
- "Şöhrət" ordeni — 2018
- Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu — 2023[2]
Filmoqrafiya
redaktə- Əllər və rənglər (film, 1974)
- Ömrün səhifələri (film, 1974)
- Alıcının sərgüzəşti (film, 1976)
- Arxadan vurulan zərbə (film, 1977)
- Dantenin yubileyi (film, 1978)
- Gözlə məni (film, 1980)
- Şəlalə (film, 1981)
- Gümüş�� furqon (film, 1982)
- Bağ mövsümü (film, 1985)
- Humayın yuxusu (film, 1985)
- Sahilsiz gecə (film, 1989)
- Tikdim ki, izim qala. III film (film, 1998)
- Bahar oğlu (film, 2004)
- Milli bomba (film, 2004)
- Bizim qəribə taleyimiz (film, 2005)
- Mənə inanın! (film, 2007)
- Mətbuat fədaisi (film, 2007)
- Hökmdarın taleyi (film, 2008)
- Üç zirvənin fatehi (film, 2008)
- Silinməyən izlər... (film, 2011)
- Mahmud və Məryəm (film, 2013)
- Televizor (film, 2022)
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ "E.İ.Əfəndiyevin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2023-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-17.
Mənbə
redaktə- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. S814.
- Elçin (Əfəndiyev Elçin İlyas oğlu): biblioqrafiya / Tərt. ed. M. İbrahimova; elmi. red. K. Tahirov; ön söz. müəl. N. Cəfərov; red. X. Abbasova. – Bakı, 2023. – 672 s.