Con Drayden (ing. John Dryden; d. 19 avqust 1631 – ö. 12 may 1700, London) — ingilis şairi, dramaturqu, tənqidçisi.

Con Drayden
ing. John Dryden
Doğum tarixi 9 (19) avqust 1631[1][2][…]
Vəfat tarixi 1 (12) may 1700[1][3][…] (68 yaşında)
Vəfat yeri
Dəfn yeri
Təhsili
Fəaliyyəti dramaturq, tərcüməçi, şair, ədəbiyyat tənqidçisi, xristiyan himnlərinin müəllifi[d], yazıçı
Əsərlərinin dili ingilis dili
Üzvlüyü
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Drayden şair, dramaturq, tənqidçi və nəzəriyyəçi kimi tanınır. Onun yaradıcılığında klassisizmə məxsus cizgilər daha güclüdür. Bununla bərabər keçid dövründə yaşamış bir sənətkar kimi, o, intibah dövrünün və manyerizmin nailiyyətlərindən qidalanır, onların uğurlarından istifadə etməyə çalışır, dildə əzəmətli obrazlılıqla danışıq dili xüsusiyyətlərini birləşdirir, qafiyəsiz, ağ şeiri qoşa qafiyəli misralarla əvəz edir.

Con Drayden Kembric Universitetində oxumuş və Bərpa dövrünün məddah dramaturqu kimi tanınmışdır. 1659-cu ildə Kromvelin ölümü münasibətilə göz yaşı tökən şair ("Qəhrəmanlıq stansları") "Yenidən çıxan ulduz" odası ilə II Karlın Londona qayıtmasını alqışlamışdır. Bərpa illərində Drayden ilk ingilis laureat şairi, ilk saray dramaturqu və rəsmi tarixçi olur. 1688-ci ildə Hannover sülaləsi hakimiyyət başına gələndə Drayden onları tanımaqdan imtina etmiş, həyatın son on ilini ehtiyac içərisində keçirmişdir.

Draydenin poeziyası oynaqlığı və zərifliyi ilə seçilir. İngilis şeirinə o vaxta qədər görünməmiş bir çeviklik və ifadəlik gətirən şair "Mak-Flekno" kimi satirik poema yaradır, "Avesslom və Axi-Tüfeyl", "Maral və Bəbir" adlı məddah poemalar və bir çox başqa poetik əsərlər yazır. Lakin Drayden 1960–1970-ci illərin ingilis ədəbiyyatında daha çox məhsuldar bir dramaturq kimi tanınır.

Con Drayden zadəgan dairələrinin sənətə baxışı əsasında yeni tipli tamaşa növü yaratmağa çalışmış və "qəhrəmanlıq dramı" deyilən bir janr yaratmışdır. Bu haqda nəzəri görüşlərini o, "Qranadanın mühasirəsi" əsərinə yazdığı "qəhrəmanlıq dramı haqqında təcrübə" adlı önsözdə şərh etmişdir.

XVII əsr fransız teatrının ənənələrindən bəhrələnən dramaturq "qəhrəmanlıq dramı" janrına "qəhrəmanlıq poemalarının miniatür formada təqlidi" kimi baxmışdır. Ona görə də onda hərəkətdən çox, deklamasiyaçılıq özünü göstərir. İngilis teatrının ənənələrinə yad olan "qəhrəmanlıq dramı" Draydenin dövründə hay-küylü bir şöhrət qazansa da, yaşaya bilmədi. Sünilik və zahiri təmtəraq dramaturqun işlədiyi ciddi və əhəmiyyətli mövzuların lazımi səviyyədə işlənilməsinə imkan vermirdi. O, gah Amerika hindularının ispanlar tərəfindən qırılmasından ("Hind imperatoru", 1668), Qərbi Avropa feodalizminin hücumları qarşısında dağılan qədim dövlətlərin yaranmasından (Aurəng-Zibi, 1676) söhbət açır, lakin toxunduğu mövzulara, hadisələrin mahiyyətinə nüfuz etməyə cəhd göstərə bilmir, buna təşəbbüs də göstərmirdi. Əslində onun Qərb, Şərq və antik adlar və libaslar altında göstərilən qəhrəmanları nəzakətli zadəganlar idilər. Draydenin qəhrəmanı çox vaxt şöhrət, şəhvət və var-dövlət haqqında düşünürdü. Onun pyeslərinin qəhrəmanları, bir növ, idealizə edilmiş kübar xanımlar və ağalardır. Dray-denin əsərlərinin təmtəraqlı, saxta patetikaya əsaslanan dili bu cəhəti bir daha təsdiq edir.

XVII əsrin kosmopolit saray mədəniyyətinə mənsubluğunu Drayden əsərlərinin mövzuları ilə də nəzərə çatdırır. O, dram və poemalarının mövzusunu əksər halda ingilis həyatından götürmür, onların forma və süjetində də milli həyatdan qaçmağa çalışır.

Bokaççodan, Ovididən, Horatsidən etdiyi tərcümələr, bir sıra mənzum satiraları Draydenin yüksək istedada malik bir sənətkar olduğunu göstərir. Lakin o, hakim dairələrinin nökərinə çevrilib öz istedadını məhv etmişdir.

Bərpa dövrünün komediyalarında ingilis gerçəkliyi daha geniş və nasiranə bir tərzdə əks etdirilmişdir. Burada şəhər və kəndin, burjua və zadəgan dairələrinin kübar həyatı gülünc, kobud, xoşagəlməz səhnələrlə canlandırılmış, onların əxlaq düşkünlüyü və abırsızlığı göstərilmişdir.

İstinadlar

redaktə