Bahadır Hüseynov
Bahadur Hüseynov | |
---|---|
Bahadur Məmmədqulu oğlu Hüseynov | |
Naxçıvan MSSR Dövlət Təhlükəsizlik Komitəsinin Sədri | |
1969 – 1976 | |
Vəzifədədir | |
Abbas Zamanov (general) | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 dekabr 1921 |
Doğum yeri | |
Vəfat tarixi | 31 dekabr 2016 (95 yaşında) |
Vəfat yeri | |
Rütbəsi | general |
|
|
Təltifləri |
Bahadur Hüseynov (15 dekabr 1921, Şərur – 31 dekabr 2016, Bakı) — Azərbaycanın əməkdar hüquqşünası, general-mayor.
Həyatı
[redaktə | vikimətni redaktə et]Bahadur Məmmədqulu oğlu Hüseynov 1921-ci il dekabr ayının 15-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kəndli ailəsində anadan olmuşdur. Ağır iqtisadi həyat şəraitini yüngülləşdirmək məqsədilə onun 3 yaşı olanda ailəsi Naxçıvandan Gəncəyə köçməli olur. 1934-cü ildə Gəncədə yeddiillik təhsilini başa vuran Bahadur elə bu şəhərdə Toxuculuq Texnikumuna qəbul olur və 1938-ci ildə həmin texnikumu müvəffəqiyyətlə bitirərək Toxuculuq Kombinatında işə düzəlir. Amma nə aldığı təhsili, nə də ki, işi ürəyincə olur. Bu həmin vaxtlar idi ki, Bahadur Hüseynovun böyük qardaşı Əhməd Xarkovda təhsil alırdı. Bahaduru da təhsilini davam etdirmək üçün öz yanına çağırırdı. Elə bu istəklə də 1939-cu ilin mayında Xarkova yola düşür.
1939-cu ildə Xarkov şəhərindəki Elektrotexnika İnstitutunun hazırlıq şöbəsinə daxil olmuş, həmin şöbəni bitirdikdən sonra təhsilini F. E. Dzerjinski adına Xarkov sərhədçilər məktəbində davam etmişdir.
Böyük Vətən müharibəsi başlananda Bahadur da vaxtından əvvəl təhsilini başa vuraraq, kiçik leytenant rütbəsində, taqım komandiri kimi cəbhəyə yollanır. O, ilk döyüşə 1941-ci ildə Smolensk istiqamətində döyüşən 246-cı diviziyanın 908-ci alayının tərkibində başlayır. Üzbəüz mövqelərdə düşmənlə ölüm-dirim savaşında döyüşən kiçik leytenant B. Hüseynov üç dəfə ağır yaralanır. Qorki şəhərində bir müddət müalicə olunduqdan sonra Gürcüstan ərazisində yerləşən ehtiyat briqadasına göndərilir ki, oradan cəbhəyə yola düşsün. Ancaq briqada komandanlığı Bahadur Hüseynovun Sərhəd Məktəbini bitirdiyini biləndə – onun cəbhəyə getmə xahişini qəbul etməmiş və Gürcüstanda — Sərhəd qoşunlarında xidmətə yollamışdır.
Gənc zabit 1942-ci ildən 1948-ci ilə kimi Gürcüstanın müxtəlif bölgələrində tərcüməçi, zabit, böyük zabit vəzifələrində qulluq edir. 1948–1963-cü illərdə Sərhəd Qoşunlarının Azərbaycan dairəsinin 43-cü sərhəd dəstəsində əvvəlcə bölmə rəisi, kəşfiyyat bölmə rəisi vəzifələrində xidmət edir. Elə həmin vaxtlar daha doğrusu, 1961-ci ildə xidmətdən ayrılmadan Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) hüquq fakültəsinə qəbul olur və 1967-ci ildə universiteti bitirərək ali təhsilli hüquqşünas ixtisasına yiyələnir.
1948-ci ildən 1960-cı ilədək polkovnik-leytenant rütbəsinə qədər yüksəlir. Az sonra xidmət etdiyi hissənin rəis müavini təyin edilir. 1963-cü il idi. Sərhəd qoşunlarında xidmətini davam etdirən azərbaycanlı podpolkovnik B. Hüseynovun çalışqanlığı, intizamlılığı Dövlət Təhlükəsizlik orqanlarında rəhbər vəzifədə çalışan ulu öndər Heydər Əliyevin diqqətindən yayınmır. Onu həmin il Dövlət Təhlükəsizliyi Komitəsinə gətirir. Az sonra Heydər Əliyevin təşəbbüsü ilə Dövlət Təhlükəsizlik Komitəsində bölmə müdiri vəzifəsinə təyin edilir. Xüsusi xidmət orqanlarında maraqlı həyat yolu keçən əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, bölmə rəisi Bahadur Hüseynov 1969-cu ildə Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizlik Komitəsinə sədr göndərilir.
Bu məsuliyyətli vəzifədə 7 il şərəflə, ləyaqətlə çalışan B. Hüseynov təvazökar və sadə ictimai xadim kimi respublikada kifayət qədər tanınmış şəxsiyyət səviyyəsinə yüksəlmişdir. 1976-cı ildə Heydər Əliyevin təklifi və Azərbaycan KP MK-nın qərarı ilə polkovnik Bahadur Hüseynov Azərbaycan DTK-sına sədr müavini təyin edilir. Bütün bunlar sabiq prezident Heydər Əliyevin ona etibarının nəticəsi idi. Çünki o, işgüzar, cəsur, sədaqətli adamlara böyük hörmətlə, ehtiramla yanaşar və bu kimi keyfiyyətlərə malik olan insanları qiymətləndirib, dəyərləndirərdi. Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində (indiki Milli Təhlükəsizlik Nazirliyi) sədr müavini işləyən Bahadur Hüseynovun 1978-ci ildə general-mayor rütbəsinə layiq görüldü. 1986-cı ildə təqaüdə göndərildi.
Xidmət illərində dəfələrlə Göytəpə qəsəbə sovetinə, Cəlilabad rayon Zəhmətkeş Deputatları Sovetinə, Naxçıvan Muxtar Respublikası Ali Sovetinə deputat seçilmiş və Azərbaycan KP-nin qurultaylarının nümayəndəsi, Bakı şəhər Partiya Komitəsinin üzvü seçilmişdir. 1991–2001-ci illərdə MDB ölkələri veteranlar təşkilatının əlaqələndirmə şurası rəyasət heyətinin üzvü olmuşdur. Onun təşəbbüsü ilə Azərbaycan veteranlar təşkilatı ümumdünya Veteranlar Federasiyasının tərkibinə daxil olmuş və həm də o, bu təşkilatın rəyasət heyətinin üzvü seçilmiş ilk azərbaycanlı olmuşdur.
İki dəfə Qırmızı Əmək Bayrağı ordeni, I və II dərəcəli Vətən müharibəsi ordeni, həmçinin 30-a yaxın medal (iki dəfə Döyüşdə Fərqlənməyə görə medalı ilə, "G. K. Jukov" və "Dövlət sərhədlərinin qorunmasında Fərqlənməyə görə" medalları və digər medallar) general Bahadur Hüseynovun gərgin və şərəfli xidmətlərinə verilmiş hökumət mükafatlarıdır. 1981-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının Baş Katibi Leonid Brejnev Bakıya gələrkən şəxsən Bahadur Hüseynovu üstündə avtoqrafı olan qol saatı ilə mükafatlandırmışdır. Müharibə veteranları arasında fəal beynəlmiləl işinə görə Bahadur müəllim MDB ölkələri İcraiyyə Komitəsinin – icra katibinin Təşəkkürnaməsinə də layiq görülmüşdür.
Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, keçmiş SSRİ-nin fəxri çekistidir. Monqolustan Xalq Respublikasının nişanları ilə təltif edilmişdir. Respublikanın ictimai-siyasi həyatında fəal iştirak etdiyinə və xidməti fəaliyyətində konkret nəticələr əldə etdiyinə görə iki dəfə Azərbaycan Respublikasının, üç dəfə Naxçıvan MR-nin fəxri fərmanları ilə təltif edilib. Xidməti fəaliyyətində konkret uğurlarına görə keçmiş SSRİ DTK-nın Sərhəd Qoşunları Baş İdarəsinin və Azərbaycan DTK-nın qiymətli hədiyyələri ilə mükafatlandırılmışdır.
Respublika veteranlar təşkilatının yaradıcılarından biri olmuşdur. Veteranlar şurasının məsul katibi, şura sədrinin müavini vəzifələrində işləmiş, 1992-ci ildən 2001-ci ilə kimi şuranın sədri vəzifəsində çalışmışdır.
31 dekabr 2016-cı ildə Bakıda vəfat etmişdir.
Ailəsi
[redaktə | vikimətni redaktə et]Bahadur Hüseynov həm də xoşbəxt ailə başçısı olmuşdur. Onun üç övladı, yeddi nəvəsi vardır.
İstinadlar
[redaktə | vikimətni redaktə et]Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- 15 dekabrda doğulanlar
- 1921-ci ildə doğulanlar
- Şərurda doğulanlar
- 31 dekabrda vəfat edənlər
- 2016-cı ildə vəfat edənlər
- 95 yaşında vəfat edənlər
- Bakıda vəfat edənlər
- Azərbaycan Respublikasının əməkdar hüquqşünasları
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycanlı generallar
- Azərbaycan generalları
- Azərbaycanlı hüquqşünaslar
- Azərbaycan hüquqşünasları
- Azərbaycan uzunömürlüləri
- Azərbaycanın əməkdar hüquqşünasları
- Naxçıvan MSSR Ali Sovetinin VIII çağırış deputatları
- Naxçıvan MSSR Ali Sovetinin IX çağırış deputatları
- Cəlilabad Rayon Xalq Deputatları Sovetinin deputatları