Şamaxı əməliyyatı (1918)
Şamaxı əməliyyatı (1918) — Qafqaz İslam Ordusunun Şimal qrupununn Şamaxı şəhərini Stepan Şaumyanın başçılıq etdiyi Bakı Sovetinin bolşevik-daşnak qüvvələrindən azad etmək uğrunda 1918-ci ilin 19–22 iyulunda keçirdiyi hərbi əməliyyat.[1]
Əməliyyatın hazırlanması
[redaktə | mənbəni redaktə et]Əməliyyat üçün münasib şərait Ağsu və Kürdəmirin azad edilməsindən sonra yarandı.[1] Qafqaz İslam Ordusu komandanlığı qüvvələri yenidən qruplaşdıraraq, Şərq cəbhəsinin komandanlığı altında şimal və cənub qruplarını yaratdı. Şamaxı istiqamətində döyüşləri şimal qrupu aparırdı.[2]
Əməliyyatın başlanması
[redaktə | mənbəni redaktə et]Bakı uğrunda həlledici hücumlara başlamaq üçün Şamaxı əsas dayaq bazası olduğundan ordu komandanlığı bu məntəqənin tezliklə alınmasını zəruri hesab edirdi. Şimal qrupunun qüvvələri Şamaxının cənub kəndlərindən keçməklə, Şamaxı-Bakı yolunu bağlamalı və Şamaxıdakı bolşevik-daşnak qüvvələrini mühasirəyə almalı idilər. Bunun üçün Şamaxının cənubundakı Göylər kəndinə güclü dəstə göndərilməli idi. Dəstə kənddən keçərək, irəli hərəkət etməklə, Şamaxı-Bakı şose yoluna çıxmalı və nəzərdə tutulan planın icrasını təmin etməli idi.[2] Lakin hücum ərəfəsində (iyulun 19-u) gecə güclü yağış yağdığından əməliyyatın nəzərdə tutulduğu kimi həyata keçirilməsinə imkan vermədi. Göylər kəndinə doğru hərəkət etməli olan qüvvələr Mədrəsə kəndinə istiqamət götürdülər. Hücum planının dəyişməsinə baxmayaraq, qüvvələr xeyli irəliləyə bildi. Bolşevik-daşnak qoşunları müqavimət göstərməyin əbəs olduğunu anlayaraq, günün ikinci yarısında kütləvi şəkildə Şamaxıya doğru geri çəkildilər.[2]
Nəticə
[redaktə | mənbəni redaktə et]İyulun 20-də şimal qrupu Şamaxıdan keçərək, onun şərqindəki Çuxanlı-Məlikçoban xəttinə çıxdı. Düşmən qüvvələri Şamaxıda mühasirə olunmaq təhlükəsi ilə üzləşdiyindən təcili Mərəzəyə doğru geri çəkildilər. İyulun 21-də şimal qrupunun hissə və bölmələri Mərəzəyə daxil oldular, iyulun 22-də isə bu məntəqə ətrafında baş verən döyüşdən sonra bolşevik-daşnak qüvvələri Cəngiyə qədər qaçaraq, orada müdafiə mövqeləri qurmağa çalışdılar. Bununla da, Şamaxı və onun ətrafı azad edildi və Bakı istiqamətində hücumu genişləndirmək üçün əlverişli mövqelər ələ keçirildi.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 Manaf Süleymanov, Qafqaz İslam Ordusu, Bakı, 1999
- ↑ 1 2 3 Manaf Süleymanov, Nuru Paşa, Bakı, 1999)
Mənbə
[redaktə | mənbəni redaktə et]- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, Şamaxı əməliyyatı maddəsi.