Adilxan Bayramov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Adilxan Bayramov
Doğum tarixi 19 fevral 1949(1949-02-19)
Doğum yeri
Vəfat tarixi 14 aprel 2021(2021-04-14) (72 yaşında)
Vəfat yeri
Təhsili
Fəaliyyəti tənqidçi
Üzvlüyü
Mükafatları Fəxri Mədəniyyət İşçisi

Bayramov Adilxan Hüseynəli oğlu (19 fevral 1949, Sadaxlı, Marneuli rayonu14 aprel 2021, Bakı) — azərbaycanlı tənqidçi, ədəbiyyatşünas, sənətşünas, publisist, tərcüməçi, filologiya elmləri doktoru.

Adilxan Bayramov 1949-cu il 19 fevralda Gürcüstanın Marneuli rayonunun (Borçalı bölgəsi) Sadaxlı kəndində anadan olmuşdur. 1966-cı ildə Sadaxlı kənd orta məktəbini gümüş medalla bitirmişdir. 1966–1971-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsində ali təhsil almışdır. 1971–1979-cu illərdə Sadaxlı 2 saylı kənd orta məktəbində tərbiyə işləri üzrə direktor müavini, Azərbaycan dili və ədəbiyyatı müəllimi, 1979–1980-ci illərdə Səməd Vurğunun ev-muzeyində elmi işçi, şöbə müdiri işləmişdir. 1980–2007-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində (indiki Mədəniyyət və Turizm Nazirliyində) böyük inspektor, aparıcı inspektor, baş inspektor, baş idarənin rəis müavini, baş idarənin rəisi, aparatın rəhbəri vəzifələrində çalışmışdır. 2007-ci ilin oktyabr ayında doktorluq dissertasiyası müdafiə etmiş və həmin vaxtdan Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktor müavini vəzifəsində çalışır. 

Adilxan Bayramov elmi-tədqiqat işi ilə də fəal məşğul olur. Əsasən xalq şairi Səməd Vurğunun yaradıcılığını tədqiq edir. 1990-cı ildə "Səməd Vurğun yaradıcılığında xalqlar dostluğu" mövzusunda namizədlik, 2007-ci ildə "Səməd Vurğun yaradıcılığında insan: millilik və ümumbəşərilik" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. Səməd Vurğunun həyatı və fəaliyyəti ilə bağlı radio-televiziya verilişlərinin, çoxsaylı məqalələrin müəllifidir.

Poemaları əsasında bir neçə radio-tamaşa, "Hürmüz və Əhrimən" poeması əsasında pyes hazırlamış, "Muğan" poemasının motivləri üzrə "Ceyran" televiziya filminin ssenarisini yazmışdır. Səməd Vurğun haqqında yazılan "Yaşayan ömür" (1990), "Vurğun ocağı" (1997), "Səməd Vurğun yaradıcılığında insan: millilik və ümumbəşərilik" (1999), "Səməd Vurğun: milli və ümumbəşəri" (2006), "Səməd Vurğun: ömür yolu və yaradıcılığından səhifələr" (2015) kitablarının müəllifidir.

Ədəbi tənqid və ədəbiyyatşünaslıqla yanaşı, həm də muzey işi, teatr sənəti, təsviri incəsənət, etnoqrafiya və Azərbaycan xalçası ilə bağlı araşdırmalar aparır. "Heydər Əliyev və muzeylərimiz" (1999), "Bakı muzeyləri" (şərikli- 2006), "Tariximiz, yaddaşımız, sərvətimiz" (2007), "Sənət, sənət məbədləri, sənət fədailəri" (2015) kitablarının, "Ədəbi-xatirə muzeyləri", "Tarix-diyarşünaslıq muzeyləri", "Teatr sənətimizin inkişafında Tiflis Azərbaycan teatrının rolu (1900–1920-ci illər)" adlı metodiki vəsaitlərin müəllifi, Azərbaycan və rus dillərində bir neçə dəfə nəşr olunmuş "Üzeyir Hacvıbəyov ensiklopediyası"nın müəlliflərindən biridir.

Adilxan Bayramovun qələmindən çıxmış bu nəşrlər ali məktəblərin müvafiq fakültələrində dərs vəsaiti kimi istifadə olunur.

Adilxan Bayramov bədii tərcümə ilə də məşğul olur. Bir sıra səhnə əsərlərini, o cümlədən məşhur rus yazıçısı M. Bulqakovun "Morfi" hekayəsi əsasında səhnələşdirilmiş "Tövbə" pyesini rus dilindən Azərbaycan dilinə çevirmişdir. Bu tərcümələr Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən alınmış və səhnədə oynanılması teatrlara tövsiyə edilmişdir.

Çoxsaylı elmi və elmi-metodiki məqalələri, habelə bədii və bədii-publisistik yazıları çap olunmuşdur.

Mətbuatda vaxtaşırı "A. Byramqullu" və "A. Bayramquluoğlu" imzaları ilə bədii yazılarla çıxış edir. 

Müxtəlif mətbuat orqanlarında Adilxan Bayramovun özü və araşdırmaları barədə bir sıra mütəxəssislərin məqalələri dərc olunmuş, radio-televiziya verilişləri səsləndirilmiş, "Elim-obam Sadaxlı" (Bakı, 2000), "Borçalı alimləri" (Bakı, 2000), "Azərbaycan yazıçıları" (Bakı, 2004), "Əlamətdar və tarixi günlər təqvim-2014", "Borçalının Sadaxlı dünyası" (2014) ensiklopedik-məlumat kitablarında, habelə "Azərbaycan Milli Ensiklopediyası"nda (III cild, Bakı, 2011) və "Azərbaycan" saytında (müxtəlif dillərdə) biblioqrafik məlumat verilmişdir.

Azərbaycan Aşıqlar Birliyi İdarə Heyətinin, Beynəlxalq Muzeylər Şurası Azərbaycan Milli Komitəsi Rəyasət Heyətinin, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Rəssamlar İttifaqının üzvü, "Müasir mədəniyyətşünaslıq" jurnalının baş redaktorunun müavini, "Qarapapaqlar" (Gürcüstan) dərgisi redaksiya heyətinin üzvüdür.

Müxtəlif vaxtlarda "Səməd Vurğun-90" fəxri xatirə diplomuna, "Səməd Vurğun mükafatı"na, digər fəxri fərman və mükafatlara layiq görülmüş, "Fəxri Mədəniyyət İşçisi" döş nişanı ilə təltif edilmişdir.

İki qızı, bir oğlu, dörd nəvəsi var. Böyük qızı Pərvanə hüquq elmləri namizədi, oğlu Tural Dövlət notariusudur. Kiçik qızı İlhamə də ali təhsillidir.

Adilxan Bayramov 14 aprel 2021-ci ildə Bakı şəhərində vəfat etmişdir.

  1. Yaşayan ömür. Bakı: İşıq, 1990, 90 səh.
  2. Vurğun ocağı. Bakı: AAMM, 1997, 73 səh.
  3. Heydər Əliyev və muzeylərimiz. Bakı: Şur, 1999, 90 səh.
  4. Səməd Vurğun yaradıcılığında insan: millilik və ümumbəşərilik. Bakı: Azərbaycan Universiteti, 1999, 309 səh.
  5. Səməd Vuğun: milli və ümumbəşəri. Bakı: Səda, 2006, 314 səh.
  6. Bakı muzeyləri (şərikli). Bakı: Beynəlxalq Muzeylər Şurasının Azərbaycan Milli Komitəsi, 2006, 123 səh.
  7. Tariximiz, yaddaşımız, sərvətmiz. Bakı: E. L., 2007, 140 səh.
  8. Sənət, sənət məbədləri, sənət fədailəri. Bakı: Vətənoğlu, 2015, 336 səh.
  9. Səməd Vurğun: ömür yolu və yaradıcılığından səhifələr. Bakı: Vətənoğlu, 2015, 300 256 səh.