Toxum

Vikipediya, azad ensiklopediya
Seyhun Abbasov8 (müzakirə | töhfələr) (Keçid tövsiyələri funksiyası: 3 keçid əlavə edildi.) tərəfindən edilmiş 18:44, 30 may 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Toxum – çiçəkli bitkilərin inkişafında əsas rol oynayan müstəqil çoxalma orqanıdır.

Toxumun içərisində rüşeym, onun da ətrafında rüşeymin müvəqqəti qidasını təşkil edən ehtiyat maddəsi olur. Hər toxum xaricdən qabıqla örtülür. Toxumun xarici qabıq hissəsi müxtəlif sərtlikdə və rəngdə, səthi isə çopur, qırışıq, hamar, kələ-kötür, tikanlı, tüklü ola bilir.

Toxumun quruluşu

[redaktə | mənbəni redaktə et]

Çiçəkli bitkilər örtülü toxumlu bitkilər adlanır. Buna səbəb toxumun tozlanma və mayalanma nəticəsində əsas bitkidə qapalı yumurtalıqda əmələ gəlməsi və ilk inkişafını yumurtalıqda əsas bitki üzərində keçirməsidir.

Toxumlar böyüklüyünə və çəkilərinə görə, eləcə də birləpəli və ikiləpəli olduqları üçün çox müxtəlifdir. Onlar cürbəcür rəngdə və formada olur. Toxumdakı ləpə xaricdən qabıqla örtülmüşdür. Qabıq toxumu xarici təsirlərdən qorumaqla yanaşı onun tamlığını təmin edir. Toxum aşağıdakı hissələrdən ibarət olur: kökcük, ləpə (yaxud ləpələr), gövdəcik, toxum qabığı (dəriciyi), endosperm, tumurcuq (yarpaqcıq). Kökcük, gövdəcik və tumurcuq birlikdə toxumun rüşeymi adlanır. Toxumun ləpə yarpaqlarında rüşeymin inkişafı üçün tələb olunan ehtiyat qida maddələri ya ləpələrdə, rüşeymin özündə, ya da endospermdə yerləşir. Birləpəli bitkilərin toxumunda isə rüşeymin bir ləpəsi olur və qida maddələri yalnız endospermdə yerləşir.

Toxumun tərkibi

[redaktə | mənbəni redaktə et]

Toxumun tərkibində müxtəlif maddələr var. Tarladan, bağça və bostandan toplanmış toxumlar ilk baxışda quru görünür. Lakin onlar nə qədər quru olsa da tərkibində su var.

Üzvi maddələr – zülal, yağ və nişasta bütün bitkilərin toxumlarında vardır. Lakin onların miqdarı bitkilərin toxumlarında müxtəlifdir.

Taxıl bitkilərinin – buğda, arpa, vələmir, qarğıdalı və başqa toxumlarının tərkibində nişastanın, ikiləpəli bitkilərin – lobya, noxud, mərcimək və digərlərinin toxumlarının tərkibində isə zülal maddəsinin miqdarı çoxdur.

Günəbaxan, çətənə, kətan, pambıq, zeytun, qoz, f��ndıq və bir çox başqa bitkilərin toxumlarında yağ çoxdur. İnsanlar bir çox bitkiləri onların toxumlarında olan üzvi mineral maddələri və yağları almaq üçün becərirlər.

Toxumun tənəffüsü

[redaktə | mənbəni redaktə et]

Bütün canlılar, bitkilər, heyvanlar və insanlar tənəffüs etdiyi kimi toxumlar da tənəffüs edir. İnsanlar və heyvanlar xüsusi tənəffüs orqanları ilə tənəffüs edir. Lakin bitkilərin xüsusi tənəffüs orqanları yoxdur. Bitkilər bütün orqanları ilə tənəffüs etdiyi kimi toxumlar da bu qaydada tənəffüs edərək oksigeni udur, karbon qazını buraxır. Toxumlar cücərərkən rüşeym kökcüyü, gövdəciyi və yarpaqcıqları vasitəsi ilə tənəffüs edir. Quru toxumlarda tənəffüs prosesi zəif gedir. Onların tənəffüsü cücərmə zamanı daha güclü olur.