URL (ing. Uniform Resource Locator) — faylın və ya resursun Veb-də yerləşdiyi ünvanı və ya yeri göstərir.İnternetdə resursu, sənədi, yaxud onun bir hissəsini axtarmaq üçün veb-brauzerin istifadə etdiyi ünvan. Tim Berners-Li (Tim Berners-Lee) tərəfindən təklif olunub. URL ünvanı, adətən, protokolun adının (məsələn, əgər sənəd FTP-serverdədirsə, ftp:, əgər o, veb-saytdadırsa, http:) göstərilməsi ilə başlayır. Sonra konkret informasiyanın identifikatoru, məsələn, serverin aid olduğu domenin adı, təşkilatın adı, yaxud bu serverdəki faylın adının yolu gəlir. Başqa sözlə, URL-ünvanı iki hissədən ibarətdir: birinci hissə istifadə olunan protokolu göstərir, ikinci hissə isə resursun yerləşdiyi IP-ünvanı, yaxud domen adını müəyyənləşdirir. Məsələn, http://www.bakineshr.az URL-ünvanında http:// protokoldur və resursun veb-səhifə olduğunu göstərir. Sonra gələn www hərfləri saytın Veb’də yerləşdirildiyini bildirir və onun domen adı bakineshr.az’dır. URL İnternetdə yerləşən bütün verilənlərlə əlaqə saxlamağa imkan verir, yəni İnternetdə yerləşən hər bir fayl və ya resurs identifikasiya edilir: URL serverdə istifadə olunan protokolun adı ilə başlayır: http://

URL ünvanı bir neçə hissədən ibarətdir: protokol, host və sənədin yerləşdiyi qovluğu göstərən yol. Məsələn, URL ünvanı aşağıdakı şəkildə ola bilər, məsələn:

  • http://www.science.az
  • http:// – serverlə əlaqə protokolu;
  • www – qovşağın tipi;
  • science – qovşağın adı;
  • .az – yuxarı səviyyəli domen.

1990-cı ildə Tim Berners-Li internetlə işləyən hər bir kəsin tanıdığı vahid resurs lokatoru (URL) adlanan internet ünvanın yazılışının əvvəli kimi http://www işarəsini icad edib.

Tim Berners-Li 2009-cu ildə Vaşinqtonda keçirilən və gələcəyin texnologiyalarına həsr olunmuş simpoziumda deyib ki, əslində ikili sləşə heç ehtiyac yoxdur: "Mən bunu yenidən yaratsaydım, onsuz keçinərdim. Bu gün istifadəçilər bu cür diqqətsizliyin tam miqyasını hiss etmirlər. Müasir brauzerlər daxil edilən resursun simvolunu avtomatik sürətdə təqdim edir. Lakin əvvəllər yığılması narahat olan bu işarənin daxil edilməməsi sintaktik səhvə gətirib çıxarırdı".

Bundan əlavə, Tim Berners-Li bu illər ərzində lazımsız işarənin çap olunması üçün istifadə edilən kağız və printer mürəkkəbinin sərf edilməsinə təəssüfləndiyini dilə gətirib.

Xarici keçidlər

redaktə

Həmçinin bax

redaktə

Ədəbiyyat

redaktə