Nizami məqbərəsi

Nizami məqbərəsiNizami Gəncəvinin anadan olduğu Gəncə şəhərinin yaxınlığında yerləşir. Tikili 20 m hündürlüyündə silindrik formada mərmər bina və ətrafındakı park ilə yeniləşmişdir. Məqbərənin yaxınlığında ölməz şairin yaratdığı əsərləri tərənnüm edən tuncdan abidə yerləşir.

Nizami məqbərəsi
Xəritə
40°41′02″ şm. e. 46°25′58″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Gəncə Gəncə
Yerləşir Həmdan – indiki Əhmədli kəndi
Memar Fərman İmamquliyev
Qorxmaz Sücəddinov
Tikilmə tarixi XIII əsr (ilk bina)
1947–1991 (hazırkı bina)
Üslubu Azərbaycan memarlığı
Hündürlüyü 20 m
Vəziyyəti muzey kimi fəaliyyət göstərir
İstinad nöm.472
Nizami məqbərəsi (Gəncə)
Nizami məqbərəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qədim türbə

redaktə
 
Nizami türbəsinin xarabalıqlarının V. Bartold tərəfindən yayımlanmış fotosu

Nizaminin köhnə türbəsini tədqiq etmiş və iki fotosunu yayımlamış akademik V. Bartold, bu mövzuya həsr edilmiş məqaləsində[1] qeyd edir ki,

  Fars ədəbiyyatında Nizaminin Gəncədə dəfn edilməsi haqqında yalnız ümumi məlumatlar verilir; türbənin xarici görünüşünün necə olması, kim tərəfindən inşa edilməsi və sair bu kimi məlumatlarla qarşılaşmamışam. Mən yalnız aşağıdakı əsərlərdə Nizaminin türbəsinin xatırlandığını bilirəm.
1."Tarixi aləm-arayi-Abbasi" əsərinin müəllifi olan İskəndər Münşi deyir ki, 1606-cı ili fevralında Gəncəyə yaxınlaşan Şah Abbas Nizaminin türbəsi yaxınlığında düşərgə salır; burdaca şənbə günü, zülqədər ayınn 15-i, 1014-cü ildə (25 mart 1606) Novruz bayramı qeyd edilir. (əsərin Tehran nəşri, səhifə 498)
2.Özünün Avropaya birinci səfərindən sonra Şah Nəsrəddin yol üstündə Gəncə yaxınlığında bişmiş kərpicdən tikilmiş, lakin bərbad vəziyyətdə olan Nizaminin türbəsiinin görür. (Bombey nəşri, 1876)[1]
 

Abbasqulu ağa Bakıxanov da özünün "Gülüstani-İrəm" əsərində Nizaminin məzarı haqqında məlumat verir: Onun gözəl bəzədilmiş türbəsi indi Gəncə şəhəri yaxınlığında yerləşir. Qarabağlı Mirzə Adıgözəl bəy, rus ordusunun kapitanı, indi onun yenilənməsi ilə məşğuldur. Bu türbənin yaxınlığında 1826-cı ildə məşhur Yelizavetpol döyüşü baş vermişdir.[2]

Gürcüstan Dövlət İncəsənət Muzeyində Nizami türbəsinin 1903–1905-ci illərdə çəkilmiş akvael rəsmi saxlanılır.[3] Rəsm Hüseyn xan Rzazadə tərəfindən naturadan çəkilmişdir.[3] Rəsmə əsasən demək olar ki, türbə xaricdən günbəzlə tamamlanmış kub formasında olmuşdur. Binanın şimal hissəsində sadə lentlə əhatələnmiş oxvari tağlı giriş qapısı olmuşdur.[3]

1922-ci ildə şairin məzarı açılmış, qalıqları yeni tabuta yığılaraq dəfn edilməsi üçün Gəncə şəhərinə gətirilmişdir.[3] Lakin, sonradan Bakıdan gələn göstərişə əsasən tabut geri qaytarılmış və əvvəlki yerində dəfn edilmişdir.[4]

Bundan sonra Nizaminin türbəsinin bərpa edilməsi və ya yeni türbənin inşası üçün abidənin tədqiq edilməsi məqsədilə 1925-ci ildə əraziyə ekspedisiya qrupu göndərilmişdir.[4] Ekspediyaya Azərbaycan Arxeologiya Komitəsinin üzvləri daxil idi.[4] Komissiya üzvləri türbənin yanız şimal divarının qaldığını, şairin sənduqə formalı məzarının isə cənub divarının dibində yerləşdiyini qeyd etmişlər.[4]

 
Nizaminin məzarı üzərində qoyulmuş müvəqqəti məzar daşı, 1930-cu illər

1932-ci ildə Nizaminin məzarı üzərində müvəqqəti xatirə daşı qoyulur. Həmin dövrdə artıq türbənin şimal divarı da uçmuş, yalnız təməl və 4–5 sıra hündürlüyündə kərpic hörgü saxlanmışdır. 1940-cı ildə Nizaminin məzarı üzərində məqbərə inşa ediləcəyi nəzərə alınaraq, arxeoloji qazıntı işlərinə başlanılır.[3] Proses zamanı V. Bartoldun qeyd etdiyi kərpic türbənin şimal və qərb divarlarının qalıqları üzə çıxarılır. Şimal divarında giriş yerinin olması müəyyən edilir. Çaydaşından hörülmüş təməl üzərində ucaldılmış türbə divarlarının inşası zamanı kvadrat formalı (Qədim Gəncə yaşayış yerindəki bir çox tikililərin inşasında da bu cür kərpiclərdən istifadə edilmişdir[5]) bişmiş körpiclərdən istifadə edilmişdir.[3]

Torpaq qatının təmizlənməsi nəticəsində müəyyən edilmişdir ki, türbənin qərb divarının çaydaşından hörülmüş təməli, daha qədim dövrə malik, çaydaşı təməl və kərpic hörgülü divar qalıqlarının üstündə inşa edilmişdir.[3] Tədqiqatçılar belə qərara gəlmişlər ki, həmin qalıqlar ilkin türbənin izləridir. Lakin, ilkin türbənin dağılmasından sonra onun divarlarının qalıqları üzərində orta əsrlərdə ikinci türbə binası inşa edilmiş və məhz həmin türbənin qalıqları XX əsrin ortalarına kimi çatmışdır.[3]

Nizaminin qədim türbəsi 7m90sm x 12m80sm ölçülərə malik olmaqla, əsas divarları şimal və cənuba yönəlmişdir. Təməlin qalınlığı 1 m 72 sm-ə bərabər olmuşdur. Bu qalınlıq onu göstərir ki, köhnə türbə binası hündürlüyü və orijinal memarlıq forması ilə seçilmişdir.[3] Qazıntılar zamanı mavi, yaşıl və tünd qəhvəyi rəngli şirli kərpic qalıqlar əldə edilmişdir. Mavi kaşıların bir neçə tonda olduğu diqqət çəkmişdir.[3] Şirli kərpiclərin bəzilərinin günbəz hörgüzü üçün nəzərdə tutulmuş əyri formalara malik olması, türbənin rəngli kaşılarla işlənmiş günbəzə malik olduğunu sübut etmişdir.[3]

Türbənin ətrafında aparılmış qazıntılar nəticəsində ərazidə müxtəlif dövrlərdə dəfnlər həyata keçirilsidiyi, Nizami türbəsinin isə qədim nekropolun mərkəzində yerləşdiyi müəyyən edilmişdir.[3]

Müasir məqbərə

redaktə

Heydər Əliyev yetmişinci illərdə ölkəyə rəhbərlik edərkən Nizaminin 840 illik yubileyi ilə əlaqədar Moskvanın qarşısında ölməz şairin məzarı üzərində ona layiq bir abidənin ucaldılması haqda məsələ qaldırmışdı. Rusların təşəbbüsü ilə məqbərənin layihəsinin işlənilməsinə erməni memarları cəlb olunur. Lakin ulu öndərin cidd-cəhdi sayəsində yeni layihənin hazırlanması Gəncə şəhərində baş memar işləyən Fərman İmamquliyevə və heykəltaraş Qorxmaz Sücəddinova həvalə edilir. Milli memarlarımız tərəfindən əski oğuz üslubu ənənələrinə uyğun tikiləcək məqbərənin hündürlüyü 20,9 metr nəzərdə tutulmuşdu. Bu məqbərə Gəncənin simvoluna çevrilməli idi. Lakin Heydər Əliyevin Moskvaya getməsindən istifadə edən qara qüvvələr layihənin yenidən işlənilməsinin zəruriliyini bəhanə edərək məqbərənin bərpasını təxirə salmağa nail olurlar.

UNESCO-nun təşəbbüsü ilə 1991-ci ildə Nizami Gəncəvinin anadan olmasının 850 illik yubileyi dünya miqyasında qeyd olunub. Ölkəmiz ağır müharibə və siyasi böhran şəraitində yaşamasına baxmayaraq, Ukraynadan gətirilmiş qırmızı qranit daşlar və yerli tikinti materiallarından istifadə edilməklə ölkə əhəmiyyətli memarlıq abidəsi olan səkkizguşəli əzəmətli məqbərə Milli Elmlər Akademiyasının müxbir üzvü Cəfər Qiyasinin rəhbərliyi altında hazırlanmış layihə əsasında əsaslı surətdə təmir edilərək 1992-ci ildə başa çatdırılıb. Lakin Nizaminin 850 illik yubileyi doxsanıncı illərə təsadüf etdiyindən təntənəli şəkildə keçirmək qismət olmur.

Prezident İlham Əliyevin Nizami Gəncəvinin 870 illik yubileyinin qeyd olunması haqqında 23 dekabr 2011-ci il tarixli sərəncamına əsasən, şairin məqbərəsi yenidən qurulub və dünyanın 40 ölkəsinin 150-dən artıq şərqşünas və nizamişünas alimin, görkəmli dövlət və ictimai xadimlərinin iştirakı ilə Gəncə şəhərində möhtəşəm tədbir keçirilib. Bundan əlavə, Şıx düzü ərazisində yerləşən qədim Şıxzamanovlar qəbiristanlığında Nizami Gəncəvinin valideynlərinin məzarları aşkar olunaraq bərpa edilib. Bu nəslin xatirəsinin əbədiləşdirilməsi məqsədilə dahi mütəfəkkirin şəcərəsinin şərəfinə Şıx düzü ərazisinə “Şeyxzamanlılar” adı verilib.

Məqbərənin qarşısında dahi şairin 870 illik yubileyi münasibətilə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Nizami Gəncəvi Muzeyi inşa edilib. 2014-cü il 21 yanvar tarixində isə Prezident İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Muzeyinin açılış mərasimi keçirilib. Üç mərtəbədən ibarət muzey binasının qarşısında dahi mütəfəkkirin abidəsi ucaldılıb. Muzeydə şairin həyat və yaradıcılığı haqqında geniş məlumatlarla zəngin olan elektron köşk quraşdırılıb. Burada həmçinin Nizaminin 870 illiyi ilə əlaqədar Heydər Əliyev Fondu tərəfindən nəşr olunmuş “Xəmsə” və monoqrafiyalar, habelə məşhur muzey və kitabxanalarında qorunan “Xəmsə”nin nadir əlyazmalarının və miniatürlərinin orijinalları və nüsxələrindən ibarət guşə də yaradılıb.

Prezidentin 22 oktyabr 2019-cu il tarixli sərəncamına əsasən, Nizami Gəncəvi məqbərə kompleksi Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun tərkibinə daxil edilib. 1988-ci ildə yaradılan qoruq 1139-cu ildə baş vermiş dəhşətli zəlzələ nəticəsində dağılmış qədim Gəncə şəhərinin xarabalıqlarını və Nizami Gəncəvi məqbərəsini əhatə edir.[6]

İstinadlar

redaktə
  1. 1 2 Бартолд, В. Могила поэта Низами. С. Петербург. 1912.
  2. Кудси Бакиханов, Абас-Кули-Ага. Гюлистан-Ирам. 165.
  3. 1 2 3 4 5 6 7 8 9 10 11 12 Щеблыкин, 1943. səh. 50
  4. 1 2 3 4 Известия Азербайджанского археологического комитета. Баку. 1926. (#accessdate_missing_url)
  5. Джафарзада, 1949. səh. 52
  6. "Mütəfəkkir şairin zəngin ədəbi irsini təbliğ edən ünvan - Nizami Gəncəvi məqbərəsi" (az.). Qafqazinfo.az. 19.01.2021. 15.03.2023 tarixində arxivləşdirilib.

Ədəbiyyat

redaktə
  • Джафарзаде, И. М. Историко-археологический очерк Старой Гянджи. Баку: Издательство Академии наук Азербайджанской ССР. 1949.
  • Щеблыкин, И.П. Памятники Азербайджанского зодчества эпохи Низами. Баку: Изд-во АзФАН. 1943.

Xarici keçidlər

redaktə

   Gəncə portalı    Memarlıq portalı    Azərbaycan portalı    Azərbaycan tarixi portalı