Məmməd Səid Ordubadi

Məmməd Səid Hacı Fəqir oğlu Ordubadi (24 mart 1872, Ordubad, Naxçıvan qəzası1 may 1950, Bakı) — azərbaycanlı nasir, şair, dramaturq, jurnalist, publisist və tərcüməçi. Azərbaycanın Əməkdar İncəsənət xadimi (1938). "Qılınc və qələm" (1946–1948), "Dumanlı Təbriz" (1933–1948), "Gizli Bakı" (1940), "Döyüşən şəhər" (1938) kimi tarixi romanlarının müəlifidir.

Məmməd Səid Ordubadi
Doğum tarixi 24 mart 1872(1872-03-24)
Doğum yeri
Vəfat tarixi 1 may 1950(1950-05-01) (78 yaşında)
Vəfat yeri
Dəfn yeri
Atası Fəqir Ordubadi
Fəaliyyəti jurnalist, yazıçı, şair, dramaturq
Əsərlərinin dili Azərbaycan dili
Janr şeir
Mükafatları "Lenin" ordeni "Şərəf nişanı" ordeni
Azərbaycan SSR əməkdar incəsənət xadimi
Vikimənbənin loqosu Məmməd Səid Ordubadi Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Məmməd Səid Ordubadi Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.[1]

Həyatı

redaktə

Şair Fəqir Ordubadinin oğludur.

Fəqirin ailəsi həmişə çətinliklə dolanmışdır. Sonralar gözləri tutulmuş şairin ömrünün son günləri xüsusilə ağır ehtiyac içərisində keçmişdir. Atasının ölümündən sonra 7 yaşlı Məmmədi və bacısını bir müddət əmiləri saxlamış, lakin onun da imkanı olmadığından az sonra Ordubadi iş axtarmalı olmuşdur. O özünün ilk əmək fəaliyyəti haqqında belə yazır:

"Mən Karapet Babayevin fabrikinə girdiyim vaxt on dörd yaşım var idi. Bir il ipək mövsümünü ayda manat yarım maaşla işlədim. Mən bu mövsümün altı ayını çalışıb, altı ayını oxudum".

Ordubadi ilk təhsilini molla yanında, sonra isə Mirzə Baxşı adlı bir müəllimin məktəbində almışdır. Şeir və ədəbiyyat maraqlısı olan Mirzə Baxşı Ordubadinin istedadını və oxumağa böyük həvəsi olduğunu görərək ona daha artıq diqqət verir, hətta ondan təhsil haqqı da almır. Lakin əsl təhsilini Ordubadi dövrünün qabaqcıl maarifpərvərlərindən olan şair Məmməd Tağı Sidqinin açmış olduğu yeni tipli məktəbdə — üsuli-cədid məktəbində alır. Öz dövrunə görə geniş məlumat və dərin bilik sahibi olan Sidqi Ordubadinin müasir dünyəvi elmlərin əsaslarına yiyələnməsində, beynəlxalq ədəbi hadisələr, elm və mədəniyyət yenilikləri ilə tanış olmasında, onun demokratizm və maarifçilik ruhunda tərbiyə almasında mühüm rol oynamışdır.

Məktəbdən kənar vaxtlarını Ordubadi mədrəsəyə gedərək ərəb və fars dillərini, sərf-nəhv və məntiqi öyrənməyə sərf edirdi.

Dördsinifli şəhər məktəbini bitirdikdən sonra daha oxumağa imkanı olmayan Ordubadi biliyini şəxsi mütaliə yolu ilə artırmaqda davam etmiş, eyni zamanda fabrik və zavodlarda çalışaraq ailəsini dolandırmışdır. Əvvəllər siyasi şüuru aydın olmadığından o istismarı və onun səbəblərini hələ dərk etmirsə də, getdikcə istismarçı quruluşun bütün ağırlıqlarını öz üzərində hiss edərək etiraz səsini qaldırmağa başlayır. Bu barədə xatirələrində yazır:

"…Sağlam bədənim var idi, yorğunluq nə olduğunu bilmirdim. Hər kəsdən əvvəl işə gəlib, hər kəsdən də sonra gedirdim. Zavod sahibi Karapet Babayev də "sağ ol" deyə hey fəaliyyətimi tərifləyirdi. Mən də bundan xoşlanırdım, çünki istismarın və istismarçının nə olduğunu bilmirdim. Mən 1901-ci ildən Rzayevin zavodunda çalışırdım. Rzayev çox böyük istismarçı idi. İşi illik olduğundan bütün əziyyətlərə dözməyə məcbur olurduq. Bu barədə mən bir şeir də yazmışdım:

Qorxuruq küləkdən, qorxuruq yeldən,
Ruzumuz asılmış incə bir teldən.
İşə çağırırlar ulduz batmamış,
İşdən buraxmazlar şəhər yatmamış.

Sahibkarların zülm və haqsızlıqlarını fəhlələrə başa salıb etiraz çıxışları təşkil etdiyindən Ordubadi tez-tez işdən qovulur və yeni iş yeri axtarmağa məcbur olurdu. Bu vəziyyət 1907-ci ildə Culfaya köçdüyü zamana qədər davam edir. Culfaya köçməsinə isə onun ədəbi fəaliyyəti səbəb olur.

Yaradıcılığı

redaktə

Poeziya

redaktə

Ordubadi ədəbi yaradıcılığa 14–15 yaşlarından başlamışdır. Müəllimləri Mirzə Baxşı və Sidqi onda şeirə, yaradıcılığa olan meyil və həvəsi daha da gücləndirmişdi. Bu barədə o öz xatirələrində deyir:

"Mən şeir demək və yazıçı olmağa heç də həvəslənmirdim. Atamın yazdığı şeirlərin palçıq içərisinə atılması heç də yadımdan çıxmırdı. Bir çox zamanlar anam da buna mane olurdu. Çünki atamın şeir sənətindən nə kimi fəlakətlər çəkdiyi onun gözünün qabağında idi. Lakin məktəb və şeirləşmə işi özüm də hiss etmədiyim bir surətdə məni şeir yazmağa öyrətdi".

Aşiqanə parçalardan ibarət olan ilk şeirlərini Ordubadi Azərbaycan və fars dillərində yazmışdır. Bu ilk şeirlərə nümunə kimi aşağıdakı parçanı göstərmək olar:

Əzizim, hicri-qəmin aşiqə müsibət olur,
O sərv qamətini kerməsəm qiyamət olur.
Səfay-i-gülşənə çıxma, xəzanə görsənmə,
O gül camalı qızıl gül görüb xəcalət olur.

1903-cü ildə "Şərqi-Rus" qəzetində Ordubadinin qəzetin nəşrə başlanmasını alqışlayan şeri çap olunur. Bu, şairin mətbuatda çıxan ilk əsəri idi. Şerinin dərc olunması onu ardıcıl olaraq dövri mətbuatda çıxış etməyə həvəsləndirir. Xüsusilə 1905-ci il inqalabından sonra mətbuat səhifələrində onun imzasına tez-tez rast gəlmək olur. İnqilabdan ruhlanan şairin yaradıcılığında yeni dövr başlayır. O, azadlığa, mütləqiyyət üsuli-idarəsi ilə mübarizəyə çağıran əsərlər yazır. Cəhalət və nadanlıq əleyhinə yazdığı "Ədəbiyyat" adlı ilk mətbu şeri Tbilisidə çıxan "Şərqi-Rus" qəzetinin 13 iyul 1903-cü il tarixli 31-ci sayında dərc olunmuşdur. 1906-cı ildə Tbilisidə "Qəflət", 1907-ci ildə isə "Vətən və hürriyyət" adlı şer kitabları çap edilmişdir. 1906-cı ilin aprelindən nəşrə başlayan "Molla Nəsrəddin" jurnalı gələcək ədibin yaradıcılıq inkişafına böyük təsir göstərmişdir. Ordubadinin "Politika aləmindən" adlı felyetonu jurnalın 2 iyun 1906-cı il tarixli 9-cu sayında çap edilmiş, beləliklə, o, jurnalın əsas əməkdaşlarından biri olmuşdur. O, Bakıda çıxan "İrşad", "Səda", "Sədayi-həqq", "Tərəqqi", "Tazə həyat" və s. qəzetlərdə, "Tuti", "Babayi-Əmir" jurnallarında da yaxından iştirak edirdi.

1906-cı ildə şairin "Qəflət", 1907-ci ildə isə "Vətən və hürriyyət" adlı şeir kitabçaları çapdan çıxır. Hər iki kitabda müəllifin maarifçi fikirləri öz əksini tapmışdır.

Molla Nəsrəddin

redaktə

Ordubadinin istər ədəbi yaradıcılığında, istərsə də muhərrirlik fəaliyyətində "Molla Nəsrəddin" jurnalının böyük müsbət rolu olmuşdur. 25 il öz yazıları ilə jurnalda əməkdaşlıq etmiş yazıçının ilk yaradıçılığının realizm və demokratizm istiqamətində inkişaf etməsində, dünyagörüşündəki bəzi ziddiyyətlərdən azad olmasında jurnalın köməyi çox böyük idi.

1905-ci il inqilabından sonra Ordubadinin həyatında ədəbi yaradıcılığı mühüm rol oynamağa başlayır. "Əsərlərim artdıqca, xüsusən "Molla Nəsrəddin" məcmuəsindəki iştirakını sıxlaşdıqca düşmənlərim də artırdı" — deyə Ordubadi Culfaya köçməsinin səbəbini belə izah edir. Vəziyyət doğrudan da, belə idi. Dini, mövhumatı, ayrı-ayrı molla, seyid və başqa cəhalətpərəstləri tənqid etdiyindən qatı mövhumat yuvası olan o zamankı Ordubadda yaşamaq şair üçün çox çətinləşmişdi. Buna görə də o, Culfaya köçməyə məcbur olmuşdu.

İran inqilabı

redaktə

Culfa mühiti Ordubadinnn həyatına bir sıra yeniliklər gətirir. O, İran inqilabına kömək edən təşkilatın üzvləri ilə tanış olur və inqilabda iştirak edir, sosial-demokrat təşkilatı "Hümmət"in Culfa təşkilatına daxil olur. İran inqilabında iştirakı ədibə bir çox əsərlər yazmaq üçün mövzu verir. Xatirələrində ədib yazır:

"Biz İran inqilabına çox əhəmiyyət verirdik. Mən inqilabın gedişi ilə çox yaxşı tanış idim. Bu inqilabdan başqa, bir nəticə gözləmirdim. Mən bu inqilabdan ancaq torpaq məsələsinin həll olunması, maarifin irəli getməsi, bir də qadınların açıq gəzməsini gözləyirdim. Bu təsir altında olaraq iki əsər yazdım: birisi "Nisvani islam", digəri isə "Bədbəxt milyonçu, yaxud Rzaqulu firənkiməab".

Sürgün

redaktə

Ədəbi və inqilabi fəaliyyəti genişləndikcə hökumət dairələrinin Ordubadiyə qarşı şübhələri də artırdı. Nəhayət 1914-cü ilin yanvarında ədib həbsə alınaraq Saritsin şəhərinə sürgün edilir. Sürgün illəri ədib üçün olduqca ağır keçmişdir. Qışın ən şiddətli soyuqlarında yatabla uzaq yol getməsi, həbsxanadan-həbsxanaya aparılması, aclıq, dözülməz sürgün həyatı onun səhhətini pozmuşdu. Buna baxmayaraq, imkan tapan kimi Ordubadi vətəndəki dostları ilə əlaqə yaradaraq yazdığı yeni əsərlərini çap etdirməyə müvəffəq olurdu.

1914-cü ildə Bakıda ədibin "Bədbəxt milyonçu" və "Əndəlisin son günləri, yaxud Qrenadanın təslimi" əsərləri çapdan çıxır, daha sonra "Babayi-Əmir", "Tuti", "Qardaş köməyi" və s. jurnal və qəzetlərin səhifəlrrində şeir və felyetonları dərc olunur.

Bolşevik mətbuatı

redaktə

Sürgündən Ordubadi 1917-ci il fevral inqilabı nəticəsində azad olur. Tezliklə bolşevik təşkilatları ilə əlaqəyə girərək o, inqilabi fəaliyyətini davam etdirir. 1918-ci ildə Kommunist partiyası sıralarına daxil olan yazıçı Həştərxanda çalışan Azərbaycan bolşeviklərinin dəvəti ilə Həştərxana gələrək orada "Hümmət" qəzetində əməkdaşlıq edir. "Hümmət" səhifələrində Ordubadinin şeir və məqalələri, "Bolşevizm və aləmi-islam" adlı iri publisistik əsəri dərc olunur. 1920-ci ildə Ordubadi XI ordunun sırasında Dağıstana gəlir, orada mətbəələrin milliləşdirilməsində, poliqrafiya bazasının yaradılmasında fəal iştirak edir, "Qırmızı Dağıstan" qəzetini nəşr etdirir, sonra isə Azərbaycana gəlir.

1920-ci ilin mayında Bakıya gələn ədib böyük bir sevinc və "enerji ilə ədəbi-ictimai işə qoşularaq maarif və mədəniyyətin müxtəlif sahələrində çalışır. Xüsusən mətbuat sahəsində onun böyuk fəaliyyət göstərdiyini qeyd etmək lazımdır. "Əxbar", "Kommunist", "Maarif işçisi", "Yeni yol", "Molla Nəsrəddin", "Şərq qadını" kimi qəzet və jurnalların nəşrində Ordubadinin əməyi çox idi. O zamanlar yenicə təşkil olunmuş "Tənqid-Təbliğ" teatrında da Ordubadi fəal çalışırdı. O, teatr üçün günün mühüm məsələlərinə dair kupletlər, kiçik təbliği pyeslər yazırdı.

Ümumiyyətlə 20-ci illər Ordubadi fəaliyyətinin ən qaynar, dolğun illəridir. Bu illərdə o, dini, mövhumatı tənqid edən onlarla əsər — şeir, felyeton, məqalə və kitab yazır. "Məhərrəmlik və rövzəxanlıq" (1924), "Qurban bayramı bidəti" (1925), "Kərbəla hadisələrinin mənşəi" (1925), "Məhərrəmlik və mədəvi inqilab" (1929) kimi ateistik mövzuda yazdığı bir sıra əsərləri mövhumatla mübarizədə mühüm rol oynayır.

20-ci illərdə Ordubadinin lirik və satirik şeirlərdən, tərcümə və poemalardan ibarət bir neçə şeir kitabı da nəşr edilmişdir, "Şe'rlər", "Leninə", "Analıq", "Köhnə adamlar" "Mənim şe'rlərim" və başqa kitablarının nəşri Ordubadinin şeir və bədii tərcümə sahəsində də ardıcıl çalışdığını göstərir.

Bu dövrdə ədəbiyyatın demək olar ki, bütün janrlarında yazıb yaradan sənətkar, mövzusu müasir həyatdan alınmış bir neçə dram əsəri də qələmə alır. Onun müvəffəqiyyətlə tamaşaya qoyulan "Sabotajniklər", "Dinçilər", "Oktyabr inqilabı" va başqa pyesləri bu dövrün məhsuludur.

Yaradıcılığının məhsuldar dövrü

redaktə

Böyük Vətən müharibəsi illərində qocalığına və səhhətinin pozulmasına baxmayaraq vətənpərvər yazıçı, öz qələm yoldaşları ilə birlikdə yorulmadan çalışır, radio və mətbuatda faşizm əleyhinə əsərləri ilə çıxış edir, sovet adamlarının rəşadət, vətənpərvərlik kimi yüksək keyfiyyətlərini alqışlayan yeni-yeni əsərlər yazır. "Gənc çekistlər", "Kiçik şəhər", "Serjant İvanov adına körpələr evi" kimi roman və hekayələr, "Maral", "İntizar çəkənlər" pyesləri həmin dövrdə yazılmışdır. "XII əsr Azərbaycan ədəbiyyatı və onun klassik Şərq ədəbiyyatına təsiri" əsəri ciddi tədqiqatın məhsuludur. Bütün bunlarla bərabər, o, Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi kimi şöhrət tapmışdır. O, 20-ci illərdən əvvəl yazmağa başladığı dörd cildlik "Dumanlı Təbriz" (1933–1948) roman-epopeyası ilə Azərbaycan ədəbiyatında bu janrın əsasını qoymuşdur. Nizami Gəncəvi dövründən bəhs edən "Qılınc və qələm" (1946–1948) romanında[2] ədib dahi şairin obrazını, o dövrün ictimai-siyasi mənzərəsini yaratmışdır. Onun "Döyüşən şəhər" (1938), "Gizli Bakı" (1940) tarixi romanları da var.

M. S. Ordubadinin "Həyatım və mühitim" əsəri təkcə ədibin həyatı və yaradıcılığı haqqında deyil, dövr haqqında geniş məlumat verən bir əsər kimi qiymətlidir və M. S. Ordubadinin geniş bilik sahibi olduğunu təsdiq edir.

Topluda ikinci əsər "Qanlı sənələr"dir. 1905–06-cı illərdə Qafqazda, xüsusən Azərbaycanda ermənilərin törətdiyi qanlı hadisələri M. S. Ordubadi özünün canlı müşahidələri və 245 müxbir məktubu əsasında tarixi faktlara əsaslanaraq qələmə almışdır.

"Qanlı sənələr"dən bəlli olur ki, müəllif ilk öncə Bakıda "İrşad", "Təzə həyat" qəzetlərində bu hadisələrə dair yazdığı məqalələrdə qərəzsiz məlumat vermişdir. Müəllif "Mən çox fəxr edirəm ki, hər cür fitnəkar məqsədlərdən uzaq, hər növ şəxsi qərəzdən kənar olan məktublar alıb bu məcmuədə dərc etdim (Allah hamısından razı olsun). Ümidvaram, bitərəfanə yazılmış bu sadə və mükəmməl tarixinə müsəlman və ermənilərin hörmətli yazıçıları islah nəzəri ilə yanaşıb, saf ürək, pak qəlb, salim vicdanı ilə qəbul edib, onu başıuca edəcəklər. Əslində mən yazıçı deyiləm. Fəqət, zərrənin dünyanı işıqlandıran günəşə olan nisbəti qəbilindən möhtərəm yazıçıların arxasınca sürünürəm. Bunu da bütün Qafqaz millətləri bilməlidir: mənim bu əsəri yazmaqdan məqsədim millətimizi məsuliyyətdən qurtarmaq, insanpərvər kimi tanıtmaq, həmçinin erməni qonşuları məsul tutmaq, vəhşi və insaniyyətdən uzaq bir varlıq kimi nişan vermək də deyil. Bəs nədir? Mənim məqsədim müsəlman və ermənilərin iki il ərzində törətdikləri səhv və xətalarını söyləməkdir… Bəlkə, onların və bizim bu xətalardan ötrü təəssüfə layiq bir halda gələcək qarşısında xəcalət çəkəcəyimizi deyib durmaqdır".

Müharibədən sonrakı illərdə Ordubadidə muasir mövzulara meyl daha çox nəzərə çarpır. Müharibə illərində sovet adamlarının ön və arxa cəbhədə göstərdikləri qəhrəmanlıqlara həsr olunmuş "Təzə adam" romanı və Sumqayıt tikintisindən bəhs edən "Böyuk quruluşda" adlı dramı müharibədən sonra qələmə aldığı əsərlərdəndir.

1907-ci ildən Culfaya köçən Ordubadi bu illərdə ədəbi fəaliyyətini davam etdirməklə yanaşı, Cənubi Azərbaycanda Səttarxanın rəhbərliyi altında başlayan azadlıq hərəkatı ilə də yaxından maraqlanırdı. O, həmin illərdə "Molla Nəsrəddin" jurnalında, Bakıda nəşr olunan qəzetlərdə İran həyatına dair çoxlu felyeton, şer və digər yazılarla çıxış etmişdir. Ədib həmin illərdə "İki cocuğun Avropaya səyahəti" (1908), "Bədbəxt milyonçu, yaxud Rzaquluxan firəngiməab" (1914) romanlarını çap etdirmişdir. Həmin əsərlərdə maarifçilik ideyaları təbliğ olunur. 1911-ci ildə Bakıda milyonçu Murtuza Muxtarovun maddi köməkliyi ilə Haşım bəy Vəzirovun "Səda" mətbəəsində nəşr edilən "Qanlı sənələr" adlı kitabında müəllif real faktlar və sənədlər əsasında 1905–1906-cı illərdə çar hökumətinin himayəsi və erməni daşnaksütyun partiyasının fitvası ilə törədilən milli qırğın faciəsini qələmə almışdır.[3] 10-cu illərdə "Baği-şah, yaxud Tehran faciəsi" (1910), "Əndəlisin son günləri, yaxud Qrenadanın təslimi" (1914) pyeslərini də çap etdirmişdir. 1915-ci ilin yanvarında Culfada həbs olunaraq, Saritsına (indiki Volqoqrad) sürgün edilən ədib burada kommunistlərlə yaxınlaşmış, 1918-ci ildə Kommunist partiyası sıralarına girmişdir. O, 1920-ci il mayın əvvəlində Bakıya gələrək, "Əxbar" qəzeti redaktorunun müavini, bir qədər sonra isə redaktoru olmuşdur. 1925–1928-ci illərdə "Yeni yol" qəzetinin redaktoru, bir müddət "Molla Nəsrəddin" jurnalının müdiri vəzifələrində işləmişdir. 1920-ci ildən daha məhsuldar işləyən ədib şer, felyeton, publisistik məqalələr yazmış, tərcüməçiliklə məşğul olmuş, şer kitabları çap etdirmiş, "Koroğlu", "Nərgiz", "Nizami" operalarının, "Beş manatlıq gəlin", "Ürək çalanlar" musiqili komediyalarının librettosunu, "Dumanlı Təbriz" pyesini yazmış, həmçinin Nizami Gəncəvi, Füzuli, Molla Pənah Vaqif, Mirzə Ələkbər Sabir və başqaları haqqında məqalələr dərc etdirmişdir.

Əsərləri müxtəlif dillərə tərcümə edilmişdir. Azərbaycan SSR Ali Sovetinin (1–3-cü çağırış) deputatı seçilmiş, Lenin ordeni və "Şərəf nişanı" ordeni ilə təltif olunmuşdur. Azərbaycanda bir sıra küçəyə, mədəni-maarif müəssisəsinə Ordubadinin adı verilmiş, Ordubadda və Bakıda ev-muzeyi yaradılmış, Naxçıvanda büstü qoyulmuşdur.

M. S. Ordubadi uzun sürən xəstəlikdən sonra 1 may 1950-ci ildə Bakıda vəfat etmişdir.

Əsərləri

redaktə

Başqa dillərə tərcümə olunmuş kitabları

redaktə
  • 2024-cü ildə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə tanınmış Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin "Qılınc və qələm" tarixi romanı özbək dilində nəşr olunub.[4]

Librettosunu yazdığı musiqi əsərləri

redaktə

İstinadlar

redaktə
  1. """Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları"nın və "Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı"nın təsdiq edilməsi haqqında" [[Azərbaycan Respublikası Nazirlər Kabineti]]nin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı" (az.). nk.gov.az. 2019-05-11. 2020-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-13.
  2. "Sinifdənxaric tədbirlər zamanı tarixi şəxsiyyətlərə dair materialların öyrənilməsi". Afaq Qasımova. Yeniyetmələrin tarixi şəxsiyyətlərin nümunəsində tərbiyə edilməsi. Bakı: Nurlan, 2006. — səh. 124.
  3. Yusif Talıbov, Fərahim Sadıqov, Sərdar Quliyev. Azərbaycanda məktəb və pedaqoji fikir tarixi. Bakı: Ünsiyyət, 2000. — səh. 492.
  4. Məmməd Səid Ordubadinin "Qılınc və qələm" tarixi romanı özbək dilində nəşr olunub

Mənbə

redaktə

Xarici keçidlər

redaktə

Həmçinin bax

redaktə